Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Rəfail Mikayılov: “Bizə göstərilmiş etimadı doğruldacağımıza söz veririk”

“Dənizçilik sanki böyük bir çarxdır. O çarxı yalnız zövq və məharətlə fırladaraq hədəfə çatmaq olar. Başqa cür sulara hakim olmaq mümkün deyil”. 40 ilə yaxındır ki, gəmiçilik sahəsində çalışan müsahibim “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılov belə deyir.

Pillə-pillə ucalıb, zəhmət çəkib, hər zaman da əməyinə dəyər verilib. Elə bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladağı Sərəncama əsasən “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi də bunun bariz sübutudur.

Rəfail Mikayılov 1964-cü ilin mart ayında anadan olub. 18 yaşından dənizçilik sahəsində çalışır. Əmək fəaliyyətinə fəhləlikdən başlayıb, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ən vacib müəssisələrindən  birinə rəhbərlik edir.

-Rəfail müəllim, söhbətimizə sizi tanımaqla başlayaq. Əmək fəaliyyətinizə qısa nəzər salaq.

-Artıq 37 ildir ki, mən bu çətin və şərəfli işlə məşğulam. Əmək fəaliyyətinə 1981-ci ildə “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunda tornaçı kimi başlamışam. Sonrakı illərdə həmin zavodun Texniki Nəzarət Şöbəsinin ustası və rəisi, İlham Allahverdiyev adına  Gəmi Təmiri Zavodunun baş mühəndisi, Gəmi Təmiri İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışam. 2013-cü ildən isə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun kollektivinə rəhbərlik edirəm.

 

-Yaxşı bilirik ki, “Əməkdar mühəndis” fəxri adı hər kəsə verilmir. Ən az bunun üçün illərin təcrübəsi və zəhməti lazımdır. Maraqlıdır, fəxri ada layiq görüldüyünüzü kimdən eşitdiniz və ilk təəssüratlarınız necə oldu?

-“Əməkdar mühəndis” adının verilməsi mənim üçün tamamilə gözlənilməz oldu. Cənab Prezidentin sərəncamı mətbuatda yayıldıqdan sonra ilk təbriki “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəisi Sevda xanım Məmmədovadan eşitdim. Telefon vasitəsi ilə Sevda xanımdan aldığım şad xəbərin təəssüratlarını sözlə təsvir etmək mənim üçün indi çox çətindir. Çünki, mühəndis üçün bundan yüksək və şərəfli ad ola bilməz. Yüksək dəyərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və “AXDG” QSC-nin sədri Rauf Vəliyevə öz adımdan və kollektivimiz adından minnətdarlığımı bildirirəm. Bizə göstərilmiş etimadı doğruldacağımıza söz veririk. Hər zaman təkcə AXDG-nin inkişafı üçün deyil, Azərbaycanın güclü, qüdrətli dövlət olması üçün əlimizdən gələni etmişik və edəcəyik.

-Rəfail müəllim, əvvəldə də dediyimiz kimi “Zığ” GTTZ Gəmiçiliyin vacib strukturlarındandır. İstərdim, bir qədər də zavodun fəaliyyəti haqqında danışasınız. Hansı növ xidmətləri göstərirsiniz?

 -“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus nəqliyyat gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir. Zavod həmçinin gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanmasını, dalğıc və sualtı hidrotexniki işləri, gəmilərin doka qaldırılaraq, sualtı gövdə, sükan və vintlərinin yoxlanılmasını, onların təmizləmə və rəngləmə işlərini, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmirini, ASV tipli izolyasiya edən nəfəs aparatlarına texniki xidmət göstərilməsini və həmin aparatların təmirini həyata keçirir.

 

-Gəmi təmirçisinin işinin özəlliyi nədən ibarətdir? Bir neçə cümləylə necə tərif verərdiniz bu işə?

-Gəmi təmirçisi gəmilərin istismara yararlı vəziyyətdə olmasına cavabdeh şəxsdir. O, kapitanın və ya ümumilikdə heyətin okeanın ortasındaykən düşüncələrini, hər hansı problemlə qarşılaşdıqda nələr hiss etdiyini yaxşı dərk etməlidir. Əks halda, həmin şəxs bu işin öhdəsindən gələ bilməz. Bu gün bizim kollektivimiz gəmi təmirinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün gecə-gündüz əlindən gələni edir. Bunun nəticəsidir ki, ilbəil təmir edilən gəmilərin sayı artmaqda davam edir.

-Peşəkar dənizçi-mühəndis kimi gənclərə tövsiyələriniz?

-Bu gün kollektivimizdə bizimlə çiyin-çiyinə çoxlu gənc çalışır. Tövsiyəm ondan ibarətdir ki, onlar bu şərəfli peşəni ürəkdən sevsinlər, bu sənətin incəliklərinə dərindən yiyələnsinlər, işlərinə məsuliyyətlə yanaşsınlar, təcrübi və nəzəri biliklərini daha da artırsınlar, çətinliklərdən qorxmasınlar. Gənclər dərk etməlidirlər ki, onlar bizim gələcəyimizdir. Ən əsası, yadda saxlamaq lazımdır ki, dövlətimizin iqtisadi inkişafında mühüm rol oynayan Gəmiçilikdə işləmək şərəfli və qürurludur.     

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır