Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-22,
Seanews
Heyder Eliyev

Uzaq səfərlər kapitanı: “Dənizdən baxdıqda Bakı mənim üçün sadəcə mənzərə deyil, doğmalığın simvoludur” – MÜSAHİBƏ

Xəzər dənizi Azərbaycan üçün yalnız coğrafi sərhəd deyil, həm də tariximizin, mədəniyyətimizin və iqtisadi həyatımızın ayrılmaz parçasıdır. Bu mavi dəniz əsrlər boyunca neftlə zəngin yataqlarına, nadir canlılarına görə dəyərləndirilsə də, onun ən qiymətli sərvəti bu sularda həyatını, gəncliyini və peşəsini tapmış insanlardır. Azərbaycanda dənizçilik sadəcə bir peşə yox, ata mirası, xalq yaddaşı və millət əxlaqıdır.

Baki-baku.az məhz belə bir yaddaşın və ənənənin daşıyıcısı ilə – uzaq səfərlər kapitanı Sakit Turac oğlu Məlikovla həmsöhbət oldu, Xəzərin sahilindən başlayıb dünya sularına qədər uzanan həyat yoluna işıq saldı.

– Kapitan, əvvəlcə sizi daha yaxından tanıyaq. Necə oldu ki, bu peşəni seçdiniz?

– Mən 1959-cu il fevralın 6-da Ağdaş rayonunun Ləki qəsəbəsində sadə, zəhmətkeş bir ailədə dünyaya gəldim. Bu səbəbdən dəniz ilə sadəcə filmlərdə, əsərlərdə tanış olmuşdum. Dəniz böyüklüyü, əzəməti ilə məni heyran etmişdi. Bakıya gələndə ilk dəfə Xəzərə baxdım. Onun dalğalarının nələr söylədiyini, pıçıltılarını eşitdim. Dənizi anlamaq, onunla danışmaq istədim və alındı.

Orta məktəbdən sonra, 1979-cu ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbini də bitirməyim mənim dənizçiliyə olan ilk ciddi addımım oldu. Dənizin sərt və məğrur dalğaları mənim həyat yolumu açdı, onu formalaşdırdı. Mən sadəcə dənizçi olmadım, dənizi hiss etdim, onunla yaşamağı öyrəndim. Daha sonra 1987-ci ildə Odessada Ali Dənizçilik Məktəbini bitirərək dənizçilik sahəsində daha da irəlilədim. Gəmilərdə matros kimi başlayan bu uzun və çətin yol məni nəhayətində uzaq səfərlər kapitanı etdi.

Uzaq səfərlər kapitanı, Gəmi

– İlk dəfə uzaq səfərə çıxdığınız günü necə xatırlayırsınız?

– Kapitan kimi ilk uzaq səfərim yaddaşıma əbədi həkk olunub. 90-cı illərin qızmar yay günlərindən biri idi. Gəminin bütün heyəti mənimlə birlikdə Bakıdan gəlmişdi. Taqanroq limanında “Bakı” adlı quru yük gəmisinin heyətini dəyişməli və buğda yükü ilə İsgəndəriyyə limanına doğru yola çıxmalı idik. Yük artıq yüklənmişdi. Zaman daralırdı. Heyət dəyişikliyi tamamlanmaq üzrə idi və biz limanı tərk etməliydik.

Texniki baxış üçün vaxtımız demək olar ki, yox idi. Mexanizmlərin tam işlək olub-olmadığını ətraflı yoxlamaq mümkün deyildi. Baş mexanik mühərriklərin hazır olduğunu bildirdi və yola çıxdıq.

Gecə idi. Səssizliyin içində Taqanroq limanının kanalında irəliləyirdik. Birdən mühərriklər dayandı. İdarəetməni itirdik. Dərhal lövbəri atdıq ki, gəmi kanaldan çıxmasın, saya oturmasın. Bu anlarda saniyələr illərə bərabər idi. Mexaniklərin peşəkarlığı sayəsində mühərriklər yenidən işə düşdü. Lövbəri yığıb səfərə davam etdik. Yalnız beş dəqiqəlik bir zaman kəsiyi idi. Amma o beş dəqiqədə bir ömür yaşadım. O an anladım ki, kapitan olmaq şərəfli olduğu kimi, bir o qədər də məsuliyyətli bir işdir. İlk dəfə çiyinlərimə bu qədər ağır bir yük düşdü. Amma mən irəli getdim – gəmini, heyəti, yükü, özümü daşıdım…

– O dövr ilə indiki dənizçilik arasında hansı fərqləri görürsünüz?

– O dövrün dənizçiliyi tamam başqa bir aləm idi. Dənizçi olmaq təkcə peşə deyildi, bir həyat tərzi, fəlsəfə idi. Biz o zamanlar texnologiyaya yox, bilik, təcrübə və ürək gücünə arxalanırdıq. Naviqasiya cihazları bugünkü qədər inkişaf etməmişdi, peyk sistemləri yox idi. Gəmini limandan-limana aparmaq üçün əsl peşəkarlıq, müşahidə qabiliyyəti və instinkt lazım idi. Hər uğurlu səfər sanki bir döyüşün qalibiyyəti kimi yaşanırdı.

Radiosuz, internetsiz, əllə yazılan jurnallarla, kağız xəritələrlə, kompasla dənizlərə çıxırdıq. Dənizin dilini anlamaq, küləyin niyyətini oxumaq, ulduzlara baxıb istiqamət tapmaq bizim üçün adi bacarıqlar idi. Gəmi heyəti bir ailə kimi idi. Hər çətinlik bizi bir az daha yaxınlaşdırır, hər fırtına bir az da möhkəmləndirirdi. Məsuliyyət çox idi, amma qürur da o qədər böyük idi.

İndi isə dənizçilik daha çox texnologiyanın çiyinlərinə dayanıb. Naviqasiya sistemləri, avtomatlaşdırılmış idarəetmələr, radarlar, GPS-lər – hər şey bir düymə qədər yaxın və asandır. Gəmi daha sürətli, idarə daha sadədir. Amma bu rahatlığın içində sanki bir hiss – o klassik dənizçi ruhu itib. Bugünkü dənizçilər daha texniki biliklidirlər, amma mənəvi yük əvvəlki qədər hiss olunmur.

Müasir dənizçilik inkişaf edib, bu danılmazdır. Amma o illərin sadəliyini, gəmilərin taxta qoxusunu, yoldaşlığın dəyərini, dalğaların içində qazandığımız təcrübəni heç nə əvəz edə bilməz. Texnologiya bizə çox şey verdi, amma bəlkə də bir az da ruhumuzu aldı…

Uzaq səfərlər kapitanı, Gəmi

– Gəmi sizin üçün nə ifadə edir?

– Gəmi mənim üçün sadəcə bir nəqliyyat vasitəsi deyil. O, mənim məktəbim, məbədim olub, sınandığım və sınmadığım yerdir. Gəmi dalğaların qoynunda təkcə məni deyil, ruhumu da daşıyıb.

Gəmi üzərində böyümüşəm, orada qərar verməyi, qorxunu udmağı, məsuliyyətin nə demək olduğunu öyrənmişəm. Hər səfər, hər liman, hər fırtına bir öyrədici olub. Gəmi mənim üçün təkcə suyun üzərində hərəkət edən polad parçası deyil, o, içində həyat yaşanan, xatirələrlə dolu bir evdir.

Gəmi həm də sükutdur, tənhalıqdır, düşünmək üçün bir məktəbdir. Sakit gecələrdə göy üzü ilə su arasında qalanda, insan öz içini daha yaxşı eşidir. Orada yalan yoxdur, təkcə sən və dəniz varsan.

Bəzən gəmi mənim üçün qaçış olub – qurunun səs-küyündən, qarışıqlığından. Bəzən də qayıdış olub – özümə, ailəmə, evimə. Hər halıyla gəmi mənim ömrümün metaforasıdır: irəli gedir, bəzən ləngiyir, bəzən fırtınaya düşür, amma dayanmaz. Gəmi mənim taleyimdir.

– Dənizdən Bakıya baxanda nə görürsünüz? Bu mənzərə sizə nə hiss etdirir?

– Dənizdən Bakıya baxanda ilk növbədə bir ömürlük yol yoldaşımı görürəm. Uzaqdan boylanan alov qüllələri, sahildə uzanan işıqlar zənciri, dənizə sarı əyilmiş minillik şəhər – bunlar mənim üçün sadəcə bir mənzərə deyil, doğmalığın simvoludur. Uzaqdan al-əlvan işıqları ilə parlayan şəhər sanki bir inci kimi görünür. Uzaq səfərdən qayıdarkən şəhərin qoxusu, işıqları, dənizdən əks olunan silueti adamın qəlbini yumşaldır. Gəmimin göyərtəsindən baxanda Bakı mənə həm vətənimi xatırladır, həm də bir liman kimi sakitlik, sığınacaq, rahatlıq verir. O anlarda dənizdə keçən günlər, aylar, illər gözümün önündən keçir – tər, zəhmət, məsuliyyət və sonunda qayıdışın sevinci…

Dənizdən Bakı bir az qürur, bir az kədər, bir az da sevinc deməkdir. Uzaqdan baxanda şəhər sanki mənə “xoş gəldin” deyir. Mən o baxışda bu torpağın, bu dənizin övladı olduğumu hiss edirəm.

Bu mənzərə həm həsrətdir, həm ümiddir. Bakı mənə deyir ki, nə qədər uzaqlara getsəm də, dönəcəyim bir yer var – adı Vətəndir.

Uzaq səfərlər kapitanı, Gəmi

– Bəs bu illər ərzində hansı səfərlər sizin daha çox yadınızda qalıb?

Atlantik okeanında San-Sebastian limanından yük götürüb, Aleksandriya limanına getməli idik. Gəmi yükləndi və çıxışa hazır oldu. Liman iki dağın arasında yerləşirdi. Birdən gəmi idarə olunmayan hala gəldi. Maşınlar dayandı. Nə olduğunu anlamağa çalışdım və yanacağa su düşdüyünü öyrəndim. Artıq mənə gəminin hərəkətini müşahidə etmək qalırdı. Dalğalar gəmini dağların üstünə aparırdı. Lövbər vermək mümkün deyildi, çünki dərinlik çox idi. Belə anlarda Allaha yalvarmaqdan başqa ümid qalmır. Bir anlığa bütün həyatım film kimi gözlərimin önündən keçdi. Birdən maşın şöbəsindən baş mexanikin zəngi hər şeyi dəyişdi. “Komandir, maşınlar hazırdır!” Bu kəlmələr mənim üçün dünyada ən əziz sözlər idi. Yolumuza davam etdik…

– Ailəniz bu peşənizə necə yanaşırdı?

– Ailəm həmişə mənə dualar edib. Bizim nənələrimiz, analarımız, bacılarımız həyat yoldaşlarının evdə olmamasını övladlarına hiss etdirməzlər. Bütün qayğı, bütün zəhmət onların çiyinlərində olur həmişə. Tarix boyu həyat yoldaşlarıyla çiyin-çiyinə hər sahədə mübarizə aparan qadınlarımızdı. Bu, onların qanındadır, içindədir…

– Gəmiçi olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

Əvvəlcə bu peşəni ürəkdən sevməlidirlər. Dəniz romantika deyil, məsuliyyətdir, səbrdir, dözümdür. Gəmiçi olmaq istəyən gənc həm güclü fiziki, həm də möhkəm mənəvi iradəyə sahib olmalıdır. Dəniz bir həyat tərzidir, bunu qəbul edənlər yola davam etsin. Oxusunlar, öyrənsinlər, amma ən əsası dənizə hörmətlə yanaşsınlar.

Uzaq səfərlər kapitanı, Gəmi

– Sonda bir sualım var. Hazırda təqaüddəsiniz, yoxsa hələ də səfərlərə çıxırsınız?

Kapitan olaraq təqaüddəyəm. Uzun illərdir Xəzər Dəniz Gəmiçiliyində müxtəlif vəzifələrdə çalışaraq, sahənin ən çətin və məsuliyyətli mövqelərini tapşırıblar. Xüsusilə, beş il müddətində Yunanıstanda Gəmiçiliyin ofisinin Baş direktoru olaraq çalışmış, onun beynəlxalq səviyyədə də tanınmasına və yüksək peşəkarlıq qazanmasında iştirak etmişəm. Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçliyinin Kommersiya İstismar Departamentinin rəis müavini olaraq çalışır, dənizçilik sahəsindəki bilik və təcrübəmi bu vəzifədə də tətbiq edirəm.

– Səmimi cavablarınıza görə təşəkkür edirik, kapitan. Sizin kimi dənizçilər Azərbaycanın qürurudur.

– Mən təşəkkür edirəm. Gəmilər yol alsa da, dənizə olan sevgimiz sahildə qalmaz.

Elvin Camalov

Bakıbaku


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır