Dənizçilik sektoru süni intellektdən niyə qorxmamalıdır?
Son həftələrdə dünyada müxtəlif sənaye sahələrini hədəf alan kibertəhlükə hücumlarında kəskin artım müşahidə olunub. Beynəlxalq Dənizçilik Palatası tərəfindən keçirilən son sorğuya əsasən, kibertəhlükələr artıq dəniz sənayesinin üzləşdiyi ən böyük dörd riskdən biri hesab olunur.
Bu isə o deməkdir ki, dənizçilik sektoru rəqəmsal risklərin yeni bir mərhələsinə daxil olur. Bunun nəticəsində rəqəmsallaşma və süni intellektin dənizçilərə təsiri mövzusu heç vaxt indiki qədər aktual, eyni zamanda bu qədər səhv anlaşılmamış olmayıb.
İnsanlar işləməyə başlayandan bəri onları əvəz edə biləcək alətlərdən qorxublar. XVIII əsrdə ludçular dəzgahları sındırırdılar, çünki maşınların onların sənətini məhv edəcəyindən qorxurdular. Eyni narahatlıq avtomobillərin, kompüterlərin və indi də süni intellektin meydana çıxması ilə yenidən üzə çıxdı.
Anlamadığımız şeyi adətən qorxulu hesab edirik. Xüsusilə də bu, dolanışığımıza təsir edə biləcək bir məsələdirsə.
Hətta tanınmış liderlər də bu qorxunu bəsləyirlər. Bir texnologiya şirkətinin baş direktoru yaxınlarda “Süni intellekt altı ay ərzində bütün proqramlaşdırma işlərinin 90%-ni yazacaq” – deyə proqnoz vermişdi. Yeddi ay keçib və proqramçılara tələbat hələ də yüksəkdir. Qorxu üzərindən qurulan proqnozlar manşetlərə çıxır, amma nadir hallarda reallıqla üst-üstə düşür.
Dənizçilik sektoru keçmişdə də oxşar çevrilişlərdən keçib. Yelkəndən buxara, sekstantdan ECDIS-ə qədər hər bir texnoloji yenilik dənizçilərin rolunu dəyişib, amma onları heç vaxt tamamilə sıradan çıxarmayıb. Süni intellekt də fərqli olmayacaq.
İlkin mərhələdə AI təkrarlanan və vaxt aparan inzibati tapşırıqları avtomatlaşdırmaqla dənizçilərin işini asanlaşdıracaq. Süni intellekt məlumatları daha sürətlə emal edə, uyğunsuzluqları müəyyənləşdirə və hesabat prosesini sadələşdirə bilər. Bu isə dənizçilərə əsas diqqəti naviqasiyaya, təhlükəsizliyə və qərarverməyə yönəltməyə imkan verəcək.
"Oceanly" şirkəti olaraq biz on ildən artıqdır ki, yüksək tezlikli məlumatlarla işləyirik. Təcrübəmiz göstərir ki, ağıllı sistemlər mütəxəssisləri əvəz etmir, onlara dəstək olur. Süni intellekt şəffaflıq, sabitlik və əməliyyat səmərəliliyi təmin edir. Nəticəni isə hələ də insan düşüncəsi müəyyənləşdirir.
Bu, dənizçiliyin sonu deyil, onun təkamülüdür. Gələcəyin dənizçiləri uzaqdan naviqatorlar, məlumat analitikləri və avtomatlaşdırma nəzarətçiləri olacaqlar. Gəmilər fasiləsiz olaraq əməliyyat məlumatları ötürəcək, süni intellekt isə milyardlarla məlumat nöqtəsini təhlil edəcək. Lakin bu analizlərin nəticələrini şərh etmək və qərar vermək üçün insan faktoru hələ də əsas olacaq.
Burada açar söz dəstəkdir. Süni intellekt kömək edir, amma qərar vermir. Məsuliyyət və mühakimə gücü həmişə insanda qalır.
Tarix göstərir ki, texnologiya bəzi peşələri aradan qaldırır, lakin bir o qədər də yenilərini yaradır. Avtomobillər at arabalarını sıradan çıxardı, amma mexaniklər və mühəndislər üçün yeni imkanlar yaratdı.
Dəyişikliyə müqavimət göstərmək sadəcə qaçılmaz olanı gecikdirir və irəli düşünən şirkətlərin gerisində qalmaq riskini artırır. Gələcəyə hazırlaşmaq təhlükə altında olan rolları müəyyənləşdirmək və işçilərin yenidən hazırlanmasına sərmayə qoymaq deməkdir. Məsələn, döyüş təyyarəsi pilotları necə dron operatorlarına çevriliblərsə, dənizçilər də bir o qədər uğurla məlumat mütəxəssislərinə və uzaqdan idarəetmə ekspertlərinə çevrilə bilərlər.
Mənim fikrimcə, yalnız nostalji naminə köhnə rolları qorumağa çalışmaq sənayeni zəiflədir.
Süni intellekt sadəcə növbəti texnoloji yenilikdir. "Oceanly" şirkətində biz hesab edirik ki, onun məqsədi aydındır: dənizçilik mütəxəssislərinə daha ağıllı, təhlükəsiz və səmərəli işləməyə kömək etmək.
Buna görə də “Süni intellekt dənizçilərin işini əlindən alacaqmı?” sualını yox, “Süni intellekt dənizçilərə bu işi daha yaxşı görməyə necə kömək edə bilər?” sualını verməliyik.
Giampiero Soncini
"Oceanly" şirkətinin İdarə Heyətinin üzvü

