• Bakı, 2019-10-21,
Seanews
Heyder Eliyev

“Zirə” təchizat-yedək gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Zirə” təchizat-yedək  gəmisi əsaslı təmir olunub.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.  

Təmir zamanı, braşpil qurğusu, su-yağ soyuducuları, dörd ədəd nasos, hava balonları, boru sistemləri, hava xətləri ilə birlikdə CO2 balonları, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub, xilasedici qayığın kran-balkasının sınaq işləri aparılıb. Təmir prosesində yararsız vəziyyətdə olan bioloji qurğu tamamilə demontaj olunub, əvəzində yeni V=87,79m³ həcmində olan ballast çəninin  fekal-çirkab su çəni kimi istifadə olunması təmin olunub.

Həmçinin, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi təmir işləri aparılıb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları cari təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan əlavə, gövdənin qorunması üçün cizgi əsasında yeni metal qoruyucu tirlər quraşdırılıb, baş göyərtədə lövbərlərin qoyulması üçün taxta döşəmə metal lövhə il əvəz olunub. Gövdə  təmir işləri  başa çatdırıldıqdan sonra gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb.

Məlumat üçün bildirək ki, gəminin uzunluğu 60, eni 16 metr, sürəti 13 uzeldir. “Zirə” gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Gəminin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlaırnı təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir.

Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır