Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yunanıstanda torpaq araşdırmaları və maliyyə menecmenti təlimini dəstəkl

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan TAP AG şirkəti Yunanıstanın şimalında bələdiyyələr üçün iki təşəbbüsü – torpaq araşdırmaları və maliyyə menecmenti təlimini dəstəkləyir. AZƏRTAC TAP AG-yə istinadla xəbər verir ki, TAP-ın bu təşəbbüsü Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), eləcə də digər beynəlxalq standartların prinsiplərinə uyğundur. Torpaq araşdırmaları üzrə TAP Afinanın Kənd Təsərrüfatı Universitetinin mütəxəssisləri ilə əməkdaşlıq edir. Alimlər zərər çəkmiş kənd təsərrüfatı torpaqlarında təhlillər aparır. Qaz boru kəmərinin Yunanıstan hissəsinin təxminən 18 faizində müvafiq araşdırmalar yekunlaşıb. Araşdırmaların nəticələri torpaq bərpası prosesinin monitorinqində köməkçi olacaq və bərpa edilmiş torpaqların keyfiyyət üçün təkliflərin inkişafını təmin edəcək. Bununla bağlı ilk seminar Antheia (Aleksandropulisda Bələdiyyəsi), Kosmio (Komotini Bələdiyyəsi) və Chrysoupolidə (Nestos Bələdiyyəsi) keçirilib. Boru kəməri marşrutu boyunca daha geniş yaşayış məntəqələrdə yerli sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına dəstək üçün əlavə seminarların təşkili planlaşdırılır. Qeyd edək ki, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Boru kəmərinin inşası üzrə işlərin 42 faizi icra edilib. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsi üçün lazım olan 32 min borunun təqribən 66 faizi tikinti sahələrinə çatdırılıb. Həmin boruların ümumi çəkisi 323 min tondur. Bu ölkədə TAP kəməri marşrutu üzrə indiyədək 270 kilometr ərazi təmizlənib, xətt boyunca 234 kilometr boru düzülüb. Boruların 203 kilometri qaynaq edilib. Eyni zamanda, 165 kilometr xəndək qazılıb, 134 kilometrlik hissədə borular xəndəyə endirilib. Artıq xəttin 115 kilometrlik hissəsində borular qaynaq edilərək torpağa basdırılıb. Xətt boyunca 21 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib. Hazırda Yunanıstanda layihə üzrə 2 min 500 nəfər çalışır. Onlardan 400-ü arxeoloq və bu sahədə ixtisaslaşmış işçilərdir. Layihənin həyata keçirilməsinə 176 yunan şirkəti cəlb olunub. Boru kəmərinin inşası çərçivəsində Yunanıstanda ilk hidrosınaq bu ay uğurla başa çatıb. Bu sınaq kəmərin təhlükəsizliyini yoxlamaq üçün metoddur. Belə ki, boru kəməri su ilə doludurulur və ona nəzərdə tutulan təzyiqindən daha çox təzyiq vurulur. Hidrosınaq boru kəmərinin Yunanıstan üzrə ilk 1,4 kilometrlik hissəsini əhatə edib. Bu, tikinti prosesində çox mühüm addım sayılır. Çünki həmin sınaq texniki cəhətdən layihənin bir nömrəli prioriteti kimi tanınan boru kəmərinin təhlükəsizliyini təsdiq edir. TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır