“Ağıllı limanlar”ın yaradılması Çinin su nəqliyyatının inkişafı üçün əsas prioritetlərdəndir
2024-cü ilin yanvar-may aylarında Çində su nəqliyyatı ilə yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 3,9 milyard tona çatıb.
“Seanews.az” xəbər verir ki, bu barədə “Sinxua” Çin Xalq Respublikasının nəqliyyat nazirinin müavini Fu Syuyinə istinadən məlumat verib.
Hesabat dövründə ölkə üzrə limanlarda yük dövriyyəsi 130 milyon TEU-nu keçib ki, bu da bir il əvvəlkindən 8,8% çoxdur.
Çinin su yolu sektorunda əsas kapitala investisiyası 7,2% artaraq təxminən 11,1 milyard dollara (78,6 milyard yuana) çatıb.
Nazir müavini əlavə edib ki, “ağıllı limanlar”ın yaradılması ölkənin su nəqliyyatının inkişafı üçün əsas prioritetlərdən biridir, buna görə də müxtəlif liman obyektlərinin avtomatlaşdırılmasının sürətləndirilməsi üçün səylər göstərilir. Hazırda ölkədə avtomatik rejimdə işləyən 21 konteyner və 28 quru yük körpüsü yaradılıb.
2023-cü ildə Çinin su nəqliyyatı ilə yükdaşımanın həcmi 9,4 milyard ton təşkil edib.