Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Alimlər: Cənub okeanında axınların yavaşlaması iqlim fəlakətinə səbəb ola bilər

Antarktika buzlarının sürətlə əriməsi dərin okean axınlarında dramatik yavaşlamaya səbəb olur və bu, iqlimə fəlakətli təsir göstərə bilər. Bu barədə Avstraliya alimlərinin yeni hesabatında xəbərdarlıq edilir.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, avstraliyalı alimlər qrupu okean axınlarına səbəb olan dərin su axınının 2050-ci ilə qədər 40 faiz azala biləcəyi qənaətindədir. Bu cərəyanlar Yer kürəsində həyati əhəmiyyətli istilik, oksigen, karbon və qida maddələrini daşıyır.

Əvvəlki araşdırmalar göstərir ki, Şimali Atlantika cərəyanının yavaşlaması Avropada soyuqlaşmaya səbəb ola bilər. “Nature” jurnalında dərc olunan araşdırma, həmçinin xəbərdarlıq edir ki, yavaşlama okeanın atmosferdən karbon qazını udmaq qabiliyyətini azalda bilər. Hesabatda, habelə Yerin okean axınları şəbəkəsinin Antarktida yaxınlığındakı dəniz dibinə doğru soyuq, sıx duzlu suyun aşağıya doğru hərəkəti ilə necə idarə olunduğu göstərilir. Lakin buz örtüyünün şirin suları əridikcə, dəniz suyu daha az duzlu və sıx olur, bununla da aşağıya doğru hərəkət yavaşlayır.

Şimal və cənub yarımkürələrində bu dərin okean cərəyanları min illərdir ki, nisbətən sabit olub, lakin indi qlobal iqlim istiləşməsi bu prosesi pozur. "Bizim modelləşdirmə göstərir ki, qlobal karbon emissiyaları indiki sürətlə davam edərsə, Antarktik çevrilmə növbəti 30 ildə 40 faizdən çox yavaşlayacaq və çökməyə doğru görünən bir trayektoriya olacaq", -deyə tədqiqatın rəhbəri, professor Metyu İngland vurğulayıb.

Hesabatın həmmüəllifi Adel Morrison bildirib ki, okeanların dövr etməsi yavaşladıqca, səthdəki su sürətlə karbon udma qabiliyyətinə çatır və daha sonra daha böyük dərinliklərdən karbonla doymamış su ilə əvəz olunmur.

“2018-ci il Atlas Araşdırması” Atlantik okeanının dövr etmə sisteminin 1000 ildən çox müddətdən daha zəif olduğunu və son 150 ildə əhəmiyyətli dərəcədə dəyişdiyini müəyyən edib. Alimlər təklif edir ki, konveyer kəmərinə bənzər Atlantik meridional çevrilmə sirkulyasiyasında (Amoc) dəyişikliklər okeanı və şimal-qərbi Avropanı soyuda və dərin dəniz ekosistemlərinə təsir edə bilər. Amoc-un qapanmasının sensasiyalı təsviri 2004-cü ildə iqlim fəlakəti haqqında lentə alınmış “Sabahdan sonrakı gün” filmində də göstərilib. Lakin A.Morrison cənubda çevrilmənin ləngiməsinin dəniz ekosistemlərinə və Antarktidanın özünə daha çox təsir edəcəyini bildirib. O deyib: "Hazırda gedən proses okeanın dibində canlıların məhvi ilə nəticələnə bilər. Böyük iqlim fəlakətinin baş verməsi Antarktidanın gələcəkdə nə qədər əriyəcəyi amilindən asılıdır. Axınların yavaşlaması ərimənin artmasına səbəb ola biləcək daha isti sular üçün yol açır, bu da daha çox ərimə suyunun okeana daxil olmasına səbəb ola bilər”.

Alimlər iki il ərzində öz modellərini hazırlamaq üçün 35 milyon hesablama saatı sərf ediblər ki, bu da Antarktikada dərin su dövretməsinin Şimali Atlantikadakı azalma sürətindən iki dəfə aşağı düşə biləcəyini göstərir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatının həmmüəllifi, Oreqon Dövlət Universitetinin klimatoloqu Alan Mix deyir: "Bunun bu qədər tez baş verdiyini görmək heyrətamizdir. Açıq-aydın görünür ki, okean axınlarının yavaşlaması və buz təbəqələrinin əriməsi prosesi getdikcə sürətlənir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır