Dənizçilərin xatirəsinə ucaldılmış abidə turistlərin maraqla ziyarət etdikləri məkanlardan birinə çevrilib - “AZTV Xəbər"-in REPORTAJI
“AZTV Xəbər” komandası Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılmış abidə haqqında xüsusi reportaj təqdim edib.
Süjetdə abidənin həm yerli sakinlərin, həm də ölkəmizə gələn turistlərin diqqətini cəlb etdiyi vurğulanıb.
Həmçinin reportajda abidənin ərsəyə gəlməsi, onun müəllifləri barədə də tamaşaçılara ətraflı məlumat verilib.
Reportaj çərçivəsində xarici turistlərin də fikirləri öyrənilib. Onlar möhtəşəm görünüşü ilə seçilən abidənin dənizçilərin fədakarlığının simvolu kimi mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, heykəltaraşlıq kompozisiyasının açılışı 2021-ci ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında hazırlanan əsərin müəllifləri xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı əməkdar memar Elxan Əsədovdur.
Dənizkənarı bulvarda “Suraxanı” gəmi-muzeyinin yaxınlığında yerləşən abidənin hazırlanmasında bürünc və mərmərdən istifadə olunub. Müasir tərzi ilə seçilən abidənin ölçüsü 420 sm х 410 sm, postamentinin ölçüsü isə 130 sm-dir.
Heykəltaraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Hərəkətdə olan su həyat simvoludur. Hətta konkret yerdə yaranan kiçik dalğa belə su səthində yeni dalğaların əmələ gəlməsinə səbəb olur. Müəlliflərin fikrincə, hər zaman hərəkətə təkan verən, onun təməlini qoyan başlanğıc – dayaq nöqtəsi olur. Təqdim edilən heykəltaraşlıq kompozisiyasında gəmi pəri hərəkəti yaradan əsas səbəb və istinad nöqtəsidir. Məhz o, böyük gəmiyə hərəkət verir, dövr edərək suyu təlatümə gətirir və yaranan dalğaları sürətləndirir. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi təqdim edilib.

