Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Təbiətlə baş-başa – “Dənizçi” İstirahət Mərkəzindən REPORTAJ

İsti yay səhəri yuxudan oyanıb adam təmiz hava almaq, bir də yəqin ki, dənizə gedərək sərinləməyin ləzzətini çıxarmaq istəyir. Nabranda, yaşıllıqlar içərisində, Xəzərin beş addımlığında, ləpədöyənində yerləşən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Dənizçi” İstirahət Mərkəzi tam da həmin o məkandır. İllərdir ki, bura dənizçilərin və onların ailə üzvlərinin sevimli istirahət yerinə çevrilib.

Ərazisi göz oxşayan, təmiz havası ilə insanın könlünü açan “Dənizçi” İstirahət Mərkəzindəyik.

İstirahət Mərkəzi təxminən 9 hektarlıq geniş əraziyə malikdir. Burada hər biri 4 nəfərlik olmaqla, 60 kotec mövcuddur. Mərkəzdə gün ərzində 200-yə yaxın insana  xidmət göstərilir. Ümumilikdə isə hər il burada təxminən 2500 adam dincələ bilir.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentindən verilən məlumata görə, bu mövsüm ərzində indiyədək istirahət mərkəzindən 1041 nəfər istifadə edib. Onlardan 433 nəfəri iki, 356 nəfəri beş, 252 nəfəri 7 günlük yollayışdan yararlanıb.

Müəssisənin direktoru Cahangir Balakişiyev əraziylə bizi yaxından tanış edir. O bildirir ki, ASCO rəhbərliyinin diqqəti ilə burada şərait ildən-ilə daha da yaxşılaşır. Koteclərdə qonaqların rahat dincəlməsi, mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Otaqlar isti, soyuq su, duş, məişət üçün lazım olan bütün avadanlıqlarla və internet xidməti ilə təmin olunub. Ərazidə keyfiyyətli içməli su təminatı var.

İstirahət mövsümünün ortası olmasına baxmayaraq, Cahangir Balakişiyevdən mövsümqabağı burada görülmüş işlər barədə soruşuruq.  

“Bu il koteclərin hər birində cari təmir, təmizlik və abadlıq işləri görülüb. Bir neçə kotec əsaslı təmir olunub. Ərazidə lazımi yerlərdə asfaltlama işləri aparılıb, oturacaqlar quraşdırılıb. Bundan başqa, İstirahət Mərkəzində böyük bir hovuzun tikintisi sürətlə davam edir. Yaxın vaxtlarda onu da dənizçilərin ixtiyarına verməyi planlaşdırırıq” – deyə, Cahangir Balakişiyev bildirir.

Qeyd edək ki, nümunəvi dizayna malik olan açıq tipli hovuzun eni 15, uzunluğu 27 metrdir. Hovuzun inşası zamanı müasir texniki qurğulardan istifadə olunub. Bu da suyun keyfiyyətinə müsbət mənada təsir göstərəcək.

Ərazini gəzərkən burada dincələnlərlə görüşür və onların istirahətləri ilə maraqlanırıq. Görülən işlər qonaqların da diqqətindən qaçmayıb.

Qızı və nəvəsi ilə birlikdə dincələn Zümrüd Həmidova buranı ilk növbədə gözəl təbiətinə görə bəyəndiyini deyir. O, göstərilən xidmətdən də razıdır: “Xidmətə söz ola bilməz. Burada olduqca səmimi heyət çalışır, işçilərin nəzakətli davranışından çox razıyıq. Mərkəzdə olduğumuz qısa müddətdə bunu bir daha hiss etdik.”

Məsəd Abbasova da buranı əsl istirahət yeri hesab edir: “Hər şey əladır. Bu füsunkar meşə və dənizin vəhdəti xüsusi bir gözəllik yaradır. Ailə üçün ideal məkandır, çox rahat dincəlirik. Bunu təşkil edənlərə ayrıca təşəkkürümüz var.”

Heydər Məlikov “Dənizçi” İstirahət Mərkəzinə ikinci dəfədir ki, gəlir. Deyir ki, keçən il buradan xoş təəssüratlarla ayrılıb. Bu il gördükləri isə onu daha da sevindirib: “Hovuzun tiklməsi əla təşəbbüsdür. Sevinirəm ki, bundan sonra hovuz üçün başqa məkan axtarmayacağıq. İstədiyimiz hər şey var: gözəl təbiət, səliqə-səhman, xoş rəftar, dadlı və keyfiyyətli yeməklər, ən əsası, bizim özümüzünkilər – dənizçi yoldaşlarımız.”

Vasif Lətifov, bəlkə də, “Dənizçi” İstirahət Mərkəzinə gəlmək üzrə rekorda imza atıb. O, beşinci dəfədir ki, bu fürsətdən istifadə edir.

Vasifdən yeməyin dadı və keyfiyyəti barədə soruşuruq. Bir cümlə ilə cavab verir:

-        Yeməklərin yağı da, duzu da yerindədir.

-        Bəs, çeşidləri?

-        Çeşidləri də müxtəlifdir. Hamısı da ağız dadıma uyğundur.

Qidalanmadan söz düşmüşkən, mətbəxə baş çəkməsək olmaz.

İstirahət Mərkəzinin mətbəx heyəti 17 nəfərdən ibarətdir. Onların qarşısına qoyulan əsas vəzifə isə ondan ibarətdir ki, buradan heç kim narazı getməməlidir.

Baş aşpaz Nicat Nəcəfzadə deyir ki, yeməklərin hazırlanması zamanı bütün qida təhlükəsizliyi tələblərinə əməl olunur: “Təmizlik, qidaların təzəliyi, onların saxlanma şəraiti xüsusi diqqətdə saxlanılır. Bunun üçün burada bütün zəruri təchizat mövcuddur. Müasir avadanlıqlarımız və otaqlarımız bizə imkan verir ki, qarşımıza qoyulan tələbi qüsursuz yerinə yetirə bilək.”

-        Nicat, menyunu kim və necə müəyyənləşdirir?

-        Mən buraya gəlməzdən öncə menyunu hazırlayıb öz rəhbərliyimə təqdim edirəm, daha sonra həmin menyu ASCO-nun müvafiq nümayəndələri ilə razılaşdırılaraq tərtib olunur.

-        Adətən hansı yeməklərə üstünlük verirsiniz?

-        Biz əsasən milli mətbəxə üstünlük veririk. Demək olar ki, evdə bişirilən hər bir yeməyi menyumuzda tapa bilərsiniz.

-        Deyəsən, pəhriz yeməkləriniz də var.

-        Bəli, bu ildən ilk dəfə olaraq menyuya pəhriz yeməkləri də daxil edilib və bu, istirahətçilər tərəfindən xeyli təqdir olunur.

Nicat Nəcəfzadə onu da əlavə edir ki, gündəlik menyu “My ASCO” mobil tətbiqində də yerləşdirilir. İstirahətçilər tətbiqə daxil olaraq gün ərzində hansı qidalaırn təklif olunacağını öyrənə bilərlər.

Sağlam qidalanma, sıx meşə və mülayim dəniz... Bütün bunların üzərinə bir də fiziki aktivliklə məşğul olmaq üçün yaradılan şəraiti gəlsək, yəqin ki, “istirahət üçün başqa nə lazımdır?” sualını özümüzə rahatlıqla verə bilərik.

Bəli, burada ASCO əməkdaşları və onların ailələri həm rahat dincələ, həm də idmanla məşğul ola bilərlər. Bunun üçün ərazidə trenajor avadanlıqları mövcuddur. Həmçinin futbol və voleybol meydançası, bilyard, stolüstü tennis oyunları da insanların vaxtının faydalı və əyləncəli keçməsinə zəmin yaradır.

Uşaqlar üçün isə ayrıca bir ərazidə oyun meydançası təşkil olunub. Burada kim yellənir, kim də atraksionlarda sürüşür.

Geniş ərazidən istifadə edərək velosiped, skuter və digər kiçik təkərli vasitələr sürənlərə də rast gəlmək olar.

Ərazidə əlavə çay evi də fəaliyyət göstərir. İstirahət edənlərə sıx yaşıllıq altında somavar çayı təklf olunur.

“Dənizçi” İstirahət Mərkəzi adətən qapılarını iyunun 15-dən ziyarətçilərə açır. Yay istirahət mövsümü sentyabrın 15-dək davam edir.

Buraya göndərişlər növbəlilik prinsipi əsasında, 2, 5 və 7 günlük olmaqla verilir. Daş evlərdə qiymətlər 1 nəfər üçün 30 manat müəyyənləşdirilib. ASCO-nun işçiləri və onların ailə üzvləri üçün yollayışların dəyərinin 20 manatını Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ödəyir.

Mərkəzdə altı yaşınadək uşaqların istirahəti isə pulsuzdur.

Onu da əlavə edək ki, qeyd olunan məbləğə qidalanma, eləcə də yollayış alanların İstirahət Mərkəzinə çatdırılması və oradan geri qaytarılması xidməti daxildir.

Buraya şəxsi avtomobilləri ilə gələnlər də düşünülüb. Onlar üçün xüsusi dayanacaq yeri ayrılıb.

Mərkəzin təhlükəsizliyi isə “ASCO Mühafizə” MMC-nin peşəkar heyətinə həvalə olunub.

Bir sözlə, burada dənizçilərin və onların ailə üzvlərinin könül rahatlığı ilə dincəlməsi üçün bütün məqamlar düşünülüb və düşünülür. Necə deyərlər, bircə qalır, Bakının istisindən canınızı götürüb “Dənizçi” İstirahət Mərkəzinə üz tutmaq.  Burada təbiətin bütün gözəllikləri sizi qarşılayacaq. Meşə və dənizin yaratdığı xoş ahəng ovqatınızı təzələyəcək, ruhunuzda qəribə bir sakitlik, sehirli bir rahatlıq yaradacaq.

Rövşən Abdurəhmanov

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır