Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Həştərxana gedən gəmi ləng olur…”

Köhnə qovluqlarını vərəqləyərkən “Xəzər dənizçisi”nin ( Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Dəniz” qəzeti o vaxtlar bu adla çıxırdı)  25 avqust 1965-ci il tarixli nömrəsində diqqətimi “Həştərxana gedən gəmi ləng olur”… adlı bir şeir cəlb etdi.  Şeir XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan görkəmli yazıçı, böyük alim və pedaqoq, xeyirxah insan Mir Cəlal Paşayevə ithaf olunmuşdu. Şeiri oxuyandan sonra  ixtiyarsız fikirləşdim ki, hər misrası ithaf olunan şəxsə və dənizə sevgidən qaynaqlanan  belə gözəl poeziya nümunəsi heç nədən yarana bilməzdi.

 Qovluğu vərəqləməyə davam etdim və zənnimin məni aldatmadığının şahidi oldum. “Xəzər dənizçisi” qəzetinin 18 avqust 1965-ci il tarixli nömrəsində  xalqımızın hər iki görkəmli oğlunun  dənizçilərimizə minnətdarlıq məktubu çap olunmuşdu:“Biz Azərbaycan yazıçıları, professor Mir Cəlal Paşayev və şair Atif Zeynallı öz ailəmizlə “Qırğızıstan” teploxodunda iyul ayında səyahətdə olduq. Teploxodun dənizçiləri olduqca mədəni, səliqəli, hörmətli rəftarları ilə bizim diqqətimizi cəlb etdi.    Burada gördüyümüz səliqə və təmizlik, restoran işçilərinin xidməti və xörəklərin keyfiyyəti, bufet və kiosklarda axtardığımız hər şeyi tapmaq, satıcıların mədəni rəftarı yadımızda qalacaqdır.    Xəzər dənizində belə gözəl və rahat gəmidə səyahətə çıxmaq özü bir əyləncə və istirahətdir. Biz gələcək mövsümlərdə də məzuniyyətimizi burada keçirməyi arzu edirik.   “Qırğızıstan” teploxodunun kapitanına və ümumi xidmətçilər heyətinə razılıq və minnətdarlığımızı bildiririk. Mir Cəlal,  A.Zeynallı   (“Xəzər dənizçisi” qəzeti, 18 avqust 1965-ci il)

Şair Atif Zeynallının ustadı və müəlliminə həsr etdiyi həmin şeiri diqqətinizə təqdim edirik.  

 Həştərxana gedən gəmi ləng olur…   

Günəş batır qucağında Xəzərin,

Hər şöləsi bir ləpəni yandırır. Sənin yenə sulardadır nəzərin,

Üfüq nəhəng bir tonqalı andırır.

***

Duyğuların qanad çalıb üfüqdə

Dəstə-dəstə qağayıtək dillənir.

De, gözlərin hərdən qalıb üfüqdə

Nəyə görə bir nöqtəyə zillənir?

***

Yaxındakı adaların meşəsi,

Elə bil ki, o nöqtədə boy atıb.

Bir şəkildir Xəzərin bu guşəsi

Rəssam onun hər rənginə zər qatıb.

***

Bəlkə elə diqqətini cəlb edən

Üfüq deyil, bu şəkildir bayaqdan?

Qürub çağı gəmi ilə yol gedən,

Axı, ona valeh olur uzaqdan?

***

Adaların min-min quşun yatarı,

Dəstə-dəstə ördək uçur, qaz uçur.

Qaqqıldaşan durnaların qatarı,

Hayıf Bakı səmasında az uçur.

***

İri-xırda balıqlardır bəzəyi,

Gəmimizə dəyən hər bir dalğanın.

Doğma Xəzər Vətənimin ürəyi,

Qantək axır ona suyu Volqanın.

***

Burda hələ nə qaya var, nə sahil,

Çay dənizə, dəniz çaya qarışıb.

İki həsrət sevgilidir elə bil,

Sevinc ilə bir birinə sarışıb.

***

Dörd saatdır Volqa boyu gedirik,

Göy Xəzərdən çıxmamışıq hələ biz.

Diqqət ilə ətrafı seyr edirik,

Lakin hər yan elə dənizdir, dəniz…

***

Gəmimizin sürəti də azalır,

Elə bil ki, nəfəsi də təng olur.

Göyərtədən bu dəm nəğmə ucalır:

“Həştərxana gedən gəmi ləng olur”.

***

Nəğmə quştək uçur, uçur uzağa

Sonra isə düşüb qalır sularda.

Axı, niyə gəmi getmir qabağa,

Bəlkə artıq lövbər salır sularda?

***      

O, bu ara: elə nəğmədir ki, bu

Dənizçilər oxuyurlar bu gün də,

Hanı belə üfüq, meşə, ada, su,

Kim baş əyməz gözəlliyin önündə?

*** Min aləmdir təbiətin görkəmi,

Andan-ana daha da qəşəng olur.

Qürub çağı burdan ötən hər gəmi,

Yəqin elə ona görə ləng olur.

***

Hayıf rəssam deyiləm ki, bu yeri

Rəsm eləyim ağ kağızda necə var!

- Deyib, sonra seyrə dalıb Xəzəri,

Əvvəlkitək susur yenə sənətkar.

***

Dəniz canlı bir əsərdir

gözündə Günəş batır…

gəmi şütüyüb gedir.

Elə bil ki, yüz tablonu əks edir,

Bu əsərin hər varağı özündə!

(“Xəzər dənizçisi”qəzeti, 25 avqust 1965-ci il)

Rasif Tahirov – “Dəniz” qəzetinin baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır