Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Ölkəsini ən güclü dəniz dövlətinə çevirmək istəyən "Gəmiçi”

Dənizçi olmasa da dənizçiliyin inkişafı üçün  çox iş görən, məhz buna görə adı "Gəmiçi" kəlməsi ilə qoşa çəkilən, coğrafi kəşflər məqsədi ilə səyahət edənlərdən maddi dəstəyini əsirgəməyən  bir şahzadə haqqındadır bu yazı.

Söhbət 1394-1460-ci illərdə yaşamış böyük tədqiqatçı, Afrika sahillərinə dəniz ekspedisiyalarının təşkilatçısı şahzadə Enrikedən  gedir.

“Seanews.az”-ın araşdırmalarına görə, tarixdə daha çox "Gəmiçi Henri” kimi tanınan Enrike  1394-cü il martın 4-də Portuqaliyanın Porto şəhərində doğulub. Portuqaliya kralı I Juanın dördüncü oğlu olan Enrikenin  anası Filippa isə İngiltərə kralı IV Henrinin bacısı olub.  

Təzadlı olsa da həm elmə, həm dinə maraq göstərdiyindən Henri dənizçiliyi inkişaf etdirməklə yeni ticarət yollarının kəşf edilməsini və Qərbi Afrikada xristianlığın yayılmasını istəyib. 21 yaşında atasını müsəlmanların yaşadığı Marinilər ölkəsinə məxsus Keuta limanını işğal etməyə razı salır. Cəbəllütariq boğazında yerləşən strateji əhəmiyyəti bu liman Portuqaliya sahillərində soyğunçuluq edən dəniz quldurlarının bazası imiş. Bu uğurdan sonra Enrike avropalı dənizçiləri dəstəkləməklə Qərbi Afrikada kəşflərə həvəsləndirir və buradakı qızıl ticarətinin mənbəyini axtarmağa başlayır.

O dövrdə Aralıq dənizindəki ağır və sürəti çox aşağı  gəmilərlə kəşflər etmək mümkün deyildi. Henrikenin dəstəyi ilə yeni gəmilər - “karavella”lar  inşa edilir. Enrikenin düşüncəsinə görə, bu sürətli gəmilərlə daha uzaqlara üzmək çətin olmayacaqdı və beləliklə, Portuqaliya okeanlarda ən güclü dəniz dövlətinə çevriləcəkdi.  

1419-cu ildə atası Enrikeni Algarve bölgəsinə vali təyin edir.

Algarvenin valisi olduğu dövrdə Henrike tez-tez dənizçiləri və kartoqrafları Saqres yarımadasında tikdirdiyi  malikanəyə yığaraq, onlarla Mavritaniya sahilləri və kəşf ediləcək yeni ərazilər barədə müzakirələr aparır. Bu malikanə sonralar yaddaşlarda böyük coğrafi kəşflərin təməlinin qoyulduğu yer kimi qalır. Dəstək verdiyi dənizçilər isə kəşflərindən  əldə etdikləri gəlirin  20 faizini vergi kimi “Gəmiçi Henri”yə ödəyirdilər.   

Atlantik okenının şimalındakı bir çox ərazilər Portuqaliya dənizçilərinin adı ilə bağlı olan “Volta do Mar” ("dənizi dövrələmək") prinsipi əsasında kəşf olunur. Ticarət küləklərindən istifadənin öyrənilməsi Böyük coğrafi kəşflər tarixindəki ən böyük tapıntılardan hesab edilir. Xristofor Kolumb da Amerika qitəsini məhz bu yolla kəşf edə bilir.

İlk kəşlər 1415-ci ildə Keutanın işğalından sonra həyata keçirilir. Atası I Juan Afrikanın qərb sahillərini kəşf etmək tapşırığı verir. 1418-ci ildə Juan Qonçalves Zarko və Triştao Vaz Teyşeiranın gəmiləri güclü fırtınaya məruz qalaraq qərbə üz tuturlar və yalnız Porto Santo adı verdikləri bir adada dayana bilirlər. Henrike Porto Santonu  Portuqaliyanın  ərazisinə çevirmək göstərişi verir. 1420-ci ildən isə Porto Santo yaxınlığındakı Madeyra adası   Portuqaliyaya tabe olur.

Katalon kartoqrafı Qabriel de Vallsekanın çəkdiyi bir cədvəl Azor adalarının ilk dəfə 1427-ci ildə Dioqo de Silveş tərəfindən kəşf edildiyini göstərirdi. 1431-ci ildə Qonçalo Velhoya həmin adaların dəqiq yerini tapmaq tapşırığı verilir. Təxmin edilir ki, pis hava səbəbiylə Velho Saqresə qayıtmazdan əvvəl Şərq arxipelaqının cənubundakı Formiqasa qədər gedib çıxıb.

Henrikeyə qədər, Afrika səhralarının sahilindəki Bojador burnu Avropanın ən cənub nöqtəsi sayılırdı. 1434-cü ildə Enrikenin xidmətində çalışan Gil Eanes Bojador burnundan cənuba keçən ilk avropalı kimi tarixə düşür. 1441-ci ildə Nuno Tristao və Antao Gonçalves yeni gəmilərdən istifadə edərək Blanko burnuna çatır. Portuqallar 1443-cü ildə Arquin körfəzinə daxil olurlar və 1448-ci ildə onun sahilində starteji əhəmiyyətli qala tikirlər.

1444-cü ildə Dinis Diaş Seneqal çayını keçir və Kabo-Verde yarımadası ətrafında dövrə vurur. Bununla da dənizçilər Qərbi Sahara çölünün cənubuna çatırlar. Bu, Henrinin əsas arzularından birinin reallaşdırılması demək idi: portuqallar müsəlman torpaqlarının ətrafından dolanaraq kölə və qızıl ticarəti ilə məşğul ola bilirlər. Ticarət yollarının yenidən formalaşmasından Əlcəzair və Tunis ölkələri kasıblaşır, Portuqaliya isə sürətlə varlanmağa başlayır. 1452-ci ildə isə Portuqaliyanın ilk qızıl sikkəsi buraxılır.

Alvise 1455-1456-cı illərdə Kadamosto Kabo-Vere arxipelaqını kəşf edir və Kadamosto Kabo-Verde adalarına çatan ilk avropalı olur. Lakin, sonradan Antonio Nolinin adaları daha əvvəl kəşf etdiyi iddia edilir. Henrikenin ölümündən sonra da Qərbi Afrikanın kəşfi davam etdirilir və 1462-ci ildə portuqal dənizçilər Syerra Leone sahillərinə çıxırlar. Daha sonra onlar bu dəniz yollarından istifadə edərək Hindistana dəniz yolunu kəşf edirlər.

Şahzadə Henri yəqin ki, tənhalığa görə ömrünün son illərini dəniz məktəbi şagirdlərinin əhatəsində keçirməyə üstünlük verir. Böyük tədqiqatçı 1460-cı il noyabrın 13-də  Portuqaliyanın Sagres şəhərində gözlərini əbədi yumur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır