Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Vitse-admiral Sübhan Bəkirov: “Hərbi dənizçilərimiz suverenliyimizə qarşı yarana biləcək istənilən təhlükənin qarşısını almağa qadirdirlər” 

"2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi".

 

Müsahibimiz Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovdur.

- Cənab vitse-admiral, müsahibəmizə razılıq verdiyiniz üçün təşəkkür edirəm. İlk növbədə Hərbi Dəniz Qüvvələrinin hazırkı vəziyyəti, maddi-texniki bazası və imkanları barədə nə deyə bilərsiniz?

- Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin yaranması, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəldiyi, dövlət və ordu quruculuğu məsələlərini tam nəzarətdə saxladığı dövrə təsadüf edir. Yarandığı gündən etibarən dövlət rəhbərliyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin qarşısına mühüm tapşırıqlar qoyulmuşdur. Bu tapşırıqlar Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunun etibarlı mühafizə və müdafiəsi başda olmaqla, dənizdən gələ biləcək hərbi təcavüzlərin və terror aktlarının qarşısının alınması, əlverişli əməliyyat rejiminin saxlanılması, neft-qaz hasilatı yataqlarının və platformaların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Ali Baş Komandanın diqqət və qayğısı ilə qarşıya qoyulan vəzifələrin icrası prosesinin lazımi səviyyədə təşkili üçün hər bir şərait yaradılıb. 2015-ci il iyunun 21-də, Hərbi Dəniz Qüvvələrinin yeni hərbi bazasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev şəxsi heyət qarşısında çıxış edərək bildirmişdir ki, "Hərbi Dəniz Qüvvələrinin gələcək inkişafı bundan sonra da daim mənim diqqətimdə olacaqdır". Geridə qalan illər ərzində bizlər bu diqqəti daim hiss etmişik və etməkdəyik.

 

Qətiyyətlə deyə bilərəm ki, Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi Dəniz Təhlükəsizliyi Strategiyasının tələblərini uğurla icra edir, eləcə də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, bütün tapşırıqların öhdəsindən layiqincə gəlir. Qarşıya qoyulan tələblərin icrasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə inkişaf etməkdə olan müasir müdafiə sənayesi texnologiyalarının əldə olunması və tətbiqi üzrə araşdırmalar aparılır. Gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətlləriylə görüşlər keçirilir. Sözügedən layihələrin bir qismi yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcəkdir.

- Dünyanın ən güclü orduları sırasında yer alan, Azərbaycan Ordusunun vacib tərkib hissələrindən biri olan Hərbi Dəniz Qüvvələrini güc baxımından necə xarakterizə edə bilərsiniz?

- Hərbi dənizçilər Azərbaycan Respublikasının suverenliyinə qarşı yarana biləcək istənilən təhlükənin qarşısını həm dənizdən, həm də qurudan almağa qadirdir və bu istiqamətdə özünü inkişaf etdirməkdədir. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda dənizdən mühafizə, müdafiə və əlverişli əməliyyat rejiminin saxlanılmasıyla yanaşı, 44 günlük Vətən müharibəsi dövründə Dəniz Xüsusi Təyinatlılarının qəhrəmanlıqlarını Hərbi Dəniz Qüvvələrinin gücü kimi xarakterizə etmək olar. Belə ki, 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan döyüşlər zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq, dözümlülük və qəhrəmanlıq göstərərək Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər. 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi.

Qeyd edim ki, döyüşlər zamanı 9 hərbi qulluqçumuz Vətən uğrunda şəhid oldu, 50 nəfər isə yaralandı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Vətən müharibəsində xüsusi xidmətlərinə görə fərqlənmiş, şəhid kiçik miçman Zalov Fəqan Amil oğluna ölümündən sonra və daha 2 hərbi qulluqçuya "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, digərləri isə müxtəlif orden və medallarla təltif olunmuşlar.

- Cənab vitse-admiral, Hərbi Dəniz Qüvvələri güclü hərbi struktur olaraq, dünya dövlətlərinin hərbi dəniz qüvvələriylə ikitərəfli və çoxtərəfli əlaqələr saxlayır. Bu barədə nə deyə bilərsiniz?

- Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülmüşdür. Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlığı bu hərbi hissənin vacibliyini bir daha isbat etdi və müdafiə nazirinin müvafiq sərəncamına əsasən hərbi hissənin təşkilati-ştat strukturunda bu günün tələblərinə müvafiq əsaslı dəyişikliklər edildi.

Şəxsi heyət müttəfiq və tərəfdaş ölkələr tərəfindən təşkil olunan müxtəlif ixtisas kurslarında, təlimlərdə daim iştirak edirlər. Bu gün Hərbi Dənizçilərimiz öz bilik və bacarıqlarını nəinki yerli təlimlərdə, həmçinin beynəlxalq təlim və tədbirlərdə sərgiləməklə yanaşı, yüksək peşəkarlıqla icra edirlər.

- Qarşılıqlı əlaqələr, həm də qarşılıqlı səfərlər deməkdir. Bildiyimiz kimi, bu yaxınlarda İtaliyaya rəsmi səfər etmisiniz. Səfərinizin başlıca məqsədi nə idi?

- İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətiylə cari ilin 04-11 iyun tarixləri arasında İtaliyanın Spetsiya şəhərində keçirilən "SEAFUTURE - 2023" müdafiə sənayesi sərgisini izləmək və eləcə də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus yeni gəminin inauqurasiya mərasimində iştirak etmək üçün dəvət aldım.

İyunun 5-də İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Enriko Kredendino ilə, tarixi "VESPUÇİ" gəmisində görüş zamanı Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında cari ilin yanvar ayında imzalanmış Hərbi Əməkdaşlıq Protokolunun müddəaları müzakirə edilərək, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında gələcək perspektiv və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də daxil olmaqla hərbi, hərbi təhsil haqqında fikir mübadiləsi aparılmışdır.

- Bu sərgi, təbii ki, təkcə baxmaqla, görməklə məhdudlaşa bilməz. Bu sərgi və onun təşkili məqsədi haqqında bilgi verməyinizi xahiş edirəm.

- Sərgi bu il 8-ci dəfədir ki, keçirilir və hər dəfə iştirakçı ölkələrin və eləcə də müdafiə sənayesi üzrə tanınmış şirkətlərin siyahısı artmaqda davam edir. Sərgi İtaliya Respublikasının Spetsiya şəhərində yüksək səviyyədə keçirildi. Müasir müdafiə sənayesi texnologiyalarına sahib olmaq hər bir ölkənin marağında olduğu kimi, bizim də önəm verdiyimiz prioritet məsələlərdəndir.

Qeyd edim ki, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda, müdafiə sənayesinin gətirdiyi yeni texnologiyaları yerində incələmək və Hərbi Dəniz Qüvvələrində tətbiqi barəsində məlumat əldə etmək üçün görüşlər keçirdik.

Sərgidə müdafiə sənayesi texnologiyaları ilə yanaşı, "Mavi iqtisadiyyatın dayanıqlı və güvənliyi üzrə Okeanların mühafizəsi", "Rəqabət dövründə texnologiya və imkanların inkişafı" mövzuları üzrə kiçik simpoziumlar da təşkil olundu.

- Cənab vitse-admiral, sərginin eksponatları haqqında nə deyə bilərsiniz?

- Sərgidə İtaliya Respublikasının əsas müdafiə sənayesi şirkətlərindən olan Leonardo, Finkantieri, Reinmetal, DRASS və çoxlu sayda digər şirkətlərin hərbi texnologiyaları sərgiləndi. Sərgi zamanı yeni gəmi, gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar, sonarlar və digər müdafiə texnologiyalarını nəzərdən keçirilərək aidiyyəti üzrə mütəxəssislərə tapşırıqlar verilmişdir.

Tədbir zamanı İtaliya Respublikasının aparıcı müdafiə sənayesi şirkətlərinin zavod və infrastrukturlarına ziyarətlər təşkil edildi və sözügedən şirkətlərin istehsal etdikləri müdafiə sənayesi məhsullarını yerindəcə incələmək imkanımız oldu. Xüsusilə suüstü dəniz platformalarıyla yanaşı, müşahidə, kəşfiyyat, rabitə üzrə təqdim olunan texnikalar bizim diqqətimizi çəkdi və qeyd olunan texnikalar haqqında daha detallı görüşlərimiz davam edəcəkdir.

- Belə səfərlər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin timsalında dövlətlərin qarşılıqlı hərbi əlaqələrinə nə kimi təsir göstərir?

- Cari ilin 12 yanvar tarixində İtaliya Respublikasının müdafiə naziri Quibo Korsetto ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin hazırlanması və təhsili sahəsində əməkdaşlıq niyyəti haqqında Protokol imzalanmışdı. Bu Protokolun icrasıyla əlaqədar olaraq İtaliya Respublikasının müdafiə naziri, həmçinin həmkarım İtaliya HDQ komandanı admiral Enriko Kredendino ilə görüşdə bir sıra müzakirələr apardıq.

Protokolun müddəalarının icrasına və gələcək perspektivlərə yönəlik yol xəritəsinin izlənilməsi üçün mümkün imkanlar müzakirə olundu.

Bu cür səfərlər hər iki ölkənin müdafiə nazirliklərinin rəhbərliklərinin qarşılıqlı əməkdaşlığa verdiyi önəmini vurğulamaqla yanaşı, əməkdaşlıq fəaliyyətlərinin daha da sürətlənməsinə və eləcə də qarşılıqlı münasibətlərimizin inkişafına xidmət etməkdir.

- Bu səfərin İtaliya ilə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlığına nə kimi töhfələri ola bilər?

- Qədim dəniz tarixinə sahib ölkə olan İtaliya Respublikası, eyni zamanda, müasir dəniz texnologiyalarına da sahibdir. Müxtəlif cür gəmi platformaları inşa etməklə yanaşı, suüstü və sualtı müdafiə sistemlərinə və texnologiyalarına sahib qabaqcıl şirkətləri mövcuddur.

İtaliya tərəfinin Hərbi Dəniz Qüvvələri üçün hərbi-texniki əməkdaşlığı yönündəki təkliflərinin ölkəmiz üçün faydalı olacağına inanıram.

Hərbi-texniki əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, hərbi təhsildə inkişafa təkan olacaq, qarşılıqlı maraq doğuran bir sıra fəaliyyətlərin icra və inkişafına xidmət edəcəkdir.

- Müsahibəyə görə çox sağ olun.


Ceyhun Cəfərli, "Azərbaycan Ordusu"

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır