Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Nə gördümsə, dənizlərdə gördüm”

Deyirlər, musiqinin həqiqətən nə olduğunu biləndən mahnı dinləməyin, dənizin gerçəkdən nə olduğunu biləndən xatirələrini dinləməyin ayrı bir zövqü var.

76 yaşlı dəniz aşiqindən danışacağam sizə. Uzaq səfərlər kapitanı Əjdər İsmayılovdan…

Əjdər İsmayılov çox dəqiq adamdır. Həm də güclü yaddaşa sahibdir. Peşəsi ilə bağlı həyatının hər anını xatırlayır. Məsələn, onu gecənin istənilən vaxtında oyadıb “ filan səfəriniz nə vaxt olub, necə keçib, heyət neçə nəfərdən ibarət idi, yükünüz nə idi” kimi suallar versəniz, dərhal cavablandıracaq. Hər-halda, bu, onun peşəsinə sevgisindən irəli gəlir.

Dənizçiliklə ilk yolu 1963-cü ildə kəsişib. Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. Özü də hamı kimi yox… Dörd illik təhsil ocağını öz bilik və bacarığı hesabına cəmi iki ilə başa vurub.

O, karyerasında da yaşıdlarından seçilib. Təhsilini başa vurandan sonra təyinatla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1966-cı ilin martından başlayan iş həyatı 2013-cü ilə kimi davam edib.

İlk vəzifəsi kapitanın III köməkçisi olub. 1974-cü ildən sonra vəzifə pillələri ilə daha sürətlə irəliləyib. Kapitanın II köməkçisi, baş köməkçisi və nəhayət, kapitan vəzifəsinə yüksəlib.

Dediyinə görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əksər gəmilərində və zavodlarında işləyib.

 

25 illik kapitanlıq həyatında haraları görməyib ki? Olmadığı yer yoxdur desək, bəlkə daha doğru olar. Dünyanın bütün okean və dənizlərində üzüb. Bəzilərinin hər nöqtəsini əzbərdən bilir. İtaliyanı isə lap öz doğma kəndi kimi tanıdığını iddia edir.

Ən uzun səfərini elə maraqla anladır ki… Sinqapurdan başlayan həmin səyahət  Fil dişi adasında bitib. Öz sözləri ilə desək, bu, onun karyerasında ən qiymətli və tarixi səfər olub.  Təsəvvür edin, avqustun 1-də Sinqapurdan çıxasan, oktyabrın ortalarında özünü Fil dişi adasında görəsən…İnanılmazdır. Mən şəxsən təsəvvür edə bilmirəm. İki günlük avtobus səfərinə səbrim çatmır, o ki qala 54 gün dənizlərdə dayanmadan yol gedim…

Həmsöhbətim həyatını dənizsiz təsəvvür etmir. “Nə gördümsə, dənizlərdə gördüm”,-deyir. 

Bəlkə ona görə ki, çalışdığı heyət çox mehriban olub. Bu qənaətə onunla etdiyimiz söhbət zamanı gəldim. Əjdər İsmayılovu  görən hər bir dənizçi ona xüsusi münasibət göstərir, gəlib görüşür, xoş xatirələrini bölüşürdülər.

Görünür, Əjdər müəllim fəaliyyəti boyunca bütün heyətin hörmət və rəğbətini qazanmağa çalışıb. Və uğurunun əsas səbəbini də bununla izah edir. Deyir ki, ətrafdakılara münasibət  çox önəmlidir.

     

Əjdər İsmayılov Rövşən Dəmirov və Aydın Mahmudovla birgə

Dostlarının əksəriyyəti dənizçidir. Ən çox dostu isə Xəzər Dəniz Neft Donanmasında çalışdığı illərdə qazanıb. Burda 13 il fasiləsiz işləyib. Donanmanın Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi olub. Deyir ki, XDND əmək fəaliyyətində xüsusi yer tutub.  Ordakı işi, çalışdığı kollektivi bu gün də böyük qürurla xatırlayır. Donanmanın neft-qaz sahəsinin inkişafında mühüm rol oynadığını bildirir.

Əjdər İsmayılov zəhmətkeş adamdır. Zəhmətkeş adamın əməyinin qiymətləndirilməməsi isə mümkün deyil. Sinəsini “Tərəqqi” medalı bəzəyir, fəxri fərmanlarla təltif edilib.

Bir də… Əjdər İsmayılov qədirbilənliyi ilə də nümunə olacaq biridir. Onun yetişməsində, qazandığı uğurlarda rolu olan insanları minnətdarlıqla xatırlayır. Faiq Qafarov  və  Yusif Rəcəbov adlı müəllimlərindən xüsusi ehtiramla danışır. Çünki, qocaman kapitanda dənizçiliyə həvəsi məhz, həmin müəllimlər yaradıblar.

Rövşən Abdurəhmanov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır