Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Uzaq səfərlər kapitanı: Dənizçi üçün dənizdən uzaq qalmaq çox çətindir

Atlantik, Sakit və Hind okeanı sahillərindəki bütün limanlar, ölkələr ona doğmadır. 32 illik dənizçilik həyatı kapitanı doğma sulardan ayrı salsa da həyatda çox şey öyrədib. Fədakarlıq və vəfa tələb edən bu peşənin sahibi hər bir çətin işin öhdəsindən zamanında və düzgün şəkildə gəlməyi bacarıb. Həmişə daşıdığı əmanətin müqəddəsliyini, gəminin isə namusu olduğunu yaxşı dərk edib.  

Günün bu günü də dənizin həsrətini çəkir. Elə buna görə də 72 yaşlı Muxtar Axundov hər gün Xəzərin sahilində səhər-axşam yürüşünə çıxır. Tələbə yoldaşlarını, onlarla keçirdiyi günləri, baş verən hadisələri tarixinə və gününə kimi dəqiq xatırlayır. 

Beləliklə bu dəfə “Qafqazinfo”nun həmsöhbəti uzaq səfərlər kapitanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sədrinin məsləhətçisi Muxtar Axundovdur:

– Sizi bir kapitan kimi öz dilinizdən oxuculara tanıtmaq yaxşı olardı. Muxtar Axundov kimdir? Necə oldu ki, dənizçi olmaq qərarına gəldiniz? Ailəniz buna qarşı çıxmışdı, necə qalib gəldiniz?

– Dənizçilik sənətini uşaqlıq vaxtından sevmişəm. Çünki Kür çayının sahilində böyümüşəm. O zaman Kürdə çay gəmiləri hərəkət edərdi. Həmişə sahilə çıxıb həmin gəmilərə baxardıq. Bu sənəti daha da sevmək üçün çalışırdım ki, məktəbə daxil olum. Ancaq atamın bibisi qızı razı deyildi. Çünki öz oğlu hərbçi idi. Həmişə evdən uzaqlarda olurdu. O zaman mən qəti olaraq qərar verdim ki, dənizçi olacağam. 1962-ci ildə Qafur Məmmədov adına Dəniz Yolları Məktəbinə daxil oldum. I kursdan əlaçı tələbələrdən idim. I kursu bitirəndən sonra bizi Qara dənizdə yelkənli gəmilərdə təcrübə keçməyə apardılar. İlk dəniz təcrübəm də o vaxtdan başladı. Səfərə çıxdığım gəmi “Tovariş” gəmisi idi. 3 ay bu gəmidə üzdüm. 1965-1966-cı illərdə IV kursda Xəzər Dəniz Gəmiçiliyinin xaricdə üzən gəmilərində matros kimi təcrübə də keçmişik. 1967-ci ildə məktəbi bitirdim. Sonra Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində işləməyə başladım.

– Necə oldu ki, uzaq səfərlər kapitanı oldunuz? Çünki hər dənizçi bu titula sahib olmur…

– Məktəbi qurtaran hər dənizçi kapitan olmur. Müəyyən pillələrdən keçmək lazımdır. Əvvəl matros, sonra kapitanin 3-cü, 2-ci, baş köməkçisi olmalısan. Bütün bu dərəcələrə qalxdıqca, bununla bərabər həmişə imtahan da verirsən. İlk imtahandan gəmiçilikdə əla qiymət aldım və 12 min tonluq “Syurupa” gəmisində işləməyə başladım. 1 il 3-cü köməkçi, bir o qədər zaman da 2-ci köməkçi, sonra isə baş köməkçi işlədim. Yaxşı təcrübə yığdıqdan sonra 1979-cu ildən gəmiçilik rəhbərliyi tərəfindən kapitan vəzifəsinə təyin olunmağıma icazə verildi. Kapitanın gərək dünyagörüşü olsun. Dövlətin bütün qurumlarında olan, yerinə yetirilən planlardan xəbəri olmalıdır. Çünki kapitan xaricdə həmin dövlətin nümayəndəsidir. Mən uzaq səfərlər kapitanı adını mərhum prezidentimiz Heydər Əliyevin vaxtında almışam. O zaman qərarın təsdiq olunması üçün Dənizçilik Nazirliyinə sənəd göndərilirdi. Orada da müsahibə keçiriləndən sonra uzaq səfərlər kapitanı adı verilirdi.

–  Tələbəlik illərindən danışa bilərsinizmi? Hansı məşhur uzaq səfərlər kapitanı olan tələbə yoldaşlarınız var? Məsələn, bildiyimə görə, Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovla bir oxumusunuz…

– Bəli. Uzaq səfərlər kapitanlarından Aydın Bəşirov, Cavanşir Kərimov, Mehman Mamedov,  Akif Muradov,  Fikrət Həsənov, Mirzərəhim Bədəlov tələbə yoldaşlarım olub. Aydın Bəşirovla səfərlərimiz də olub. 1981- ci ildə “Rəşid Behbudov” gəmisində səfər etmişik.  

Demək olar ki, birinci kursdan bu günə qədər bir yerdə olmuşuq. Bizimlə bir qrupda oxuyan Aydın Ağayev “İnterpol”da polkovnik oldu. Fikrət Həsənovun oğlu  İmamyar Həsənov Amerikada yaşayır. O, Dünya Folklor Ansamblının prezidentidir. Həm də kamança çalır. 

Məktəbi qurtarandan sonra da istirahət vaxtımız olanda həmişə zəngləşib görüşərdik. Bayramlarda da görüşürük. Çünki bizim uşaqlığımız bir yerdə keçib. Bir-birimizin toylarında olmuşuq. Hazırda da dost münasibətlərimiz davam edir.  

– Sizi vəzifəyə Aydın Bəşirov dəvət etdi? 

– Aydın müəllim rəis olanda məni dənizdən çağırdı ki, Türkiyədə nümayəndəliyin rəisi sən olmalısan.  Ondan sonra da məni “Gəmiçiliy”ə rəisin müavini dəvət etdi. Sonra indiki sədr Rauf müəllimin birinci müavini oldum. 

– Gəmilərin bir neçə növü var. RO-RO tipli gəmilər, bərələr, tankerlər və s.. Kapitanın bunların hər birini idarə etmək səlahiyyəti var?

– Öz təcrübəmdən danışım. Biz məktəbi qurtarandan sonra 1 il təcrübə yığmaq lazım idi. Bu zaman müxtəlif tipli tankerlərdə, quru yük daşıyan gəmilərdə, bərələrdə çalışmışıq. Bu gəmilərdən “Bakı”, “Rəşid Behbudov”, “Zəngilan”, “B.Sərdarov”, “Şamxor”, “Biləcəri”, “Qudermes”, “Şair Sabir” və s. gəmiləri qeyd edə bilərəm. 1983- cü ildən isə bərələrdə çalışmağa başladım. Bunlar müxtəlif təyinatlı gəmilərdir.

– Gəmi səfərə çıxmazdan əvvəl hansı hazırlıq mərhələlərindən keçir?

– Hər gəmi səfərə çıxmamışdan qabaq bütün gəmi heyəti hazırlanır. Yükün vurulması, bərkidilməsi yoxlanılır. Gəminin mexanizmlərini, naviqasiya qurğularını hazırlamaq lazımdır. Sonra kapitanın baş köməkçisi baş mexaniklə bərabər kapitana məruzə edir ki, gəmi səfərə çıxmağa hazırdır. Sonra hansı ölkənin limanlarına gediriksə, o limanlardan icazələr alınır. Eyni zamanda, gəmi heyət tərəfindən yoxlanılır ki, içində başqa adamlar, başqa yüklər olmasın. Limandan çıxmağa icazə alınandan sonra gəmi hərəkətə başlayır.

– Bosfor və Dardanel boğazlarından keçmək xüsusi diqqət tələb edir. Bu proses çətindir, çünki dar keçiddir. Bu zaman nələrə diqqət edirsiniz?

– Üzdüyümüz çox yerlərdə boğazlar var. Bosfor boğazını 15-20 il bundan qabaq keçmək üçün biz Odessa şəhərində imtahan verirdik. Hazırda isə yeni texnika yaranıb. İndi boğazı sahildən idarə edirlər. Kapitan öz biliyinə arxayındırsa, boğazı özü sərbəst də keçə bilər. İstəmirsə, bu proses sahildən idarə olunur. Dardanel boğazından keçmək Bosfor boğazına nisbətən asandır. Süveyş kanalı, Cəbəllüttariq, Bab-əl-Məndəb, La-Manş boğazlarını keçmək üçün kapitan öz köməkçiləri ilə əvvəlcədən hazırlıq görməlidir. Çox adam fikirləşir ki, görəsən bizim gəmilər Qara dənizə necə gedib çıxır? Biz Volqa çayından, Volqoqrad şəhərinə çatmamış Don çayına giririk. Volqa çayı ilə Don çayı arasında müəyyən hündürlüklər var. Orada şlüzlər düzəldilib. Gəmi 10 metr yuxarı qalxır və o biri kanala keçir. Volqa-Don kanalı 16 metr yarımadək eni, 3,2 metrədək suya oturumu olan gəmiləri qəbul edir. Biz bu gün yeni bərələri okean sularına keçirmək üçün Volqa-Balt kanalı ilə hərəkət edirik.

– Siz öz təcrübənizdə boğazlardan keçən zaman çətinlik yaşamısınız?

– Çətinlik hər zaman yarana bilər. Məsələn, Bosfora tankerlər girəndə başqa gəmilər buraxılmır. Bosfor boğazının daxilində üzən sərnişin gəmiləri var ki, onlar bizə çətinlik yaradırdı. 

 

– Beynəlxalq sularda üzməyin müəyyən prosedurları var və onlara əməl edilməlidir. Əgər komandir heyəti hər hansı səhvə yol verərsə, cərimələr də ödəmək lazım olur…

– Kapitan öz dövlətinin nümayəndəsidir. Onun səlahiyyəti olduqca böyükdür. Əgər bir sadə hadisə baş veribsə, başqa dövlətin səlahiyyətli şəxsi gəmiyə girirsə, o zaman kapitan tələb edir ki, bizim ordakı səfirimiz, ya da səfirlik nümayəndəmiz mütləq prosesdə iştirak etsin. Özbaşınalıq baş vermir. Qabaqlar biz Liviya sahillərində, limanlarında olanda onların nümayəndələri gəlib yoxlamalar edirdilər. Bundan sonra asudə vaxt verirdilər. Gəmi heyəti şəhərə çıxıb gəzinti də edə bilərdi. Elə olurdu ki, gecə saat 1-də gəlib deyirdilər ki, bizi yoxlamaq istəyirlər. Səmimi deyirəm ki, dünya praktikasında olmayıb ki, Azərbaycan dənizçiləri hansısa qayda-qanunu pozsunlar. 1965-ci ildən bütün dünya okeanlarında işləmişəm. Bizim gəmilərdə heç vaxt qayda pozuntusu olmayıb.

– Dənizçilik peşəsini tamamlayan bir sıra ifadələr var. Deyirlər ki, “Dənizçilik yaradana yaxınlıq, iman və inanc peşəsidir”. Həm də bu peşəyə Nuh peyğəmbərin peşəsi kimi də baxırlar. Siz özünüzü necə ifadə edərdiniz?

– Sədi Şirazinin bir gözəl kəlamı var. Deyir ki, “Dənizdə çox xeyir olsa da hasil, şübhəsiz, yaxşıdır yenə də sahil”. Dənizçilik peşəsi həqiqətən çox çətin peşədir. Elə vaxt olur ki, 7 ay ailədən uzaq olursan. Bütün ailə üzvlərinin tərbiyəsi evdəki xanımın üzərinə düşür. Mənim iki oğlum, bir qızım, nəvələrim var. Oğlanlarım yaxşı təhsil alıblar. Dövlət qurumlarında işləyirlər. Qızım da həmçinin. Ancaq dənizçi kimi həmişə ailədən aralı olursan. Bu, bir az çətin vəziyyətdir.

– Elə buna görə də dənizçi özünə elə həyat yoldaşı seçməlidir ki, bu peşənin çətinliklərinə dözə bilsin. Yəni xanım övladlara həm ana, həm ata olmalıdır. Hər hansı çətinlik yaşayanda tək mübarizə aparmağı bacarmalıdır. Xanımınızın heç gileyləndiyi hallar olubmu?

– Belə hal olubsa da gizlədib. Özümüz də uşaq olmuşuq. Həm də dəcəl uşaq olmuşuq. Çünki Kür çayı sahilində böyümüşük. Anam, nənəm həmişə axtarırdı məni. Deyirdilər ki, yenə haradasa çimir.

– Deyəsən, 3 övladınız anadan olan zaman hər birində səfərdə olmusunuz…

– Bəli, elə olub. Böyük oğlum anadan olanda “Kirovabad” gəmisini Qara dənizə aparmalı idik. Noyabrın 7-si Bakıdan çıxmalı idik. Ticarət gəmisi olsa da, məsuliyyəti hərbçi kimi hiss edirsən. Bir də gəlib dedilər ki, oğlun olub. Dedim ki, necə yəni, gecə saat 4-də adamın oğlu olar? Mən söz vermişəm gəlməliyəm. O zaman ailəm rayonda qalırdı. Gəldim bir günlük, təzədən qayıtdım, bir də 7 aydan sonra qayıtdım. Mən qayıdanda oğlum yavaş-yavaş ayağa dururdu. İkinci oğlum olanda da Qara dənizdə idim. Qızım doğulandan iki ay sonra onu gördüm.

– Yəqin o baxımdan həm də deyirlər ki, ən yaxşı həsrət çəkən adamlar dənizçilərdir. Çünki qovuşmağın necə gözəl hiss olduğunu onlar qədər kimsə çətin anlayar…

– Düzdür. Bir də gərək gəmidə olanda heyətə qarşı diqqətli davranasan. Çünki hər kəsin fərqli psixoloji durumu var. Bərə gəmilərində 50 nəfərlik, quru yük gəmilərində, tankerlərdə 22-24 nəfərlik heyət olur. Onlar da bizimlə bərabər neçə ay gəmidə olurlar. Elə şərait yaratmalısan ki, bu adamlar pessimizmə qapılmasınlar. Oturub fikirləşməsinlər. Düzdür, ailə ilə danışmaq olurdu. Yenə də görürsən ki, kimsə evlə danışanda, ona nəsə söz deyəndə fikrə qapılır. Kapitan çalışmalıdır ki, həmişə o adamla ünsiyyət yaratsın. Gəmi bir ailədir. Kapitan da onun başçısı kimi daim ailə üzvlərinin qeydinə qalmalıdır. Bir dəfə Yunanıstan dövləti bizim gəmiçilikdən yeni gəmini Rumıniyadan qəbul etmək üçün iki heyət istədi. Mən “Daşkənd” gəmisinə kapitan getdim. Biz Rumıniyadan gəmini qəbul etdik. 14 nəfər idik. Həmin gəmidə 9 ay işlədik. Səfərlər Atlantik, Hind okeanları, Avropanın əksər ölkələrinə idi. 9 ay müddətində narazı qalan olmadı.

– Dəniz insanı özünə bağlayır, bu işə girdinsə, ondan ayrılmaq asan olmur…

– 6-7 ay dənizdə olursan. İşdə olduğun vaxt istirahət günlərin yığılır. Bu, 40-60 günə çatır. Sahildə olanda özündən asılı olmayaraq istəyirsən ki, dənizə gedəsən. Həqiqətən dəniz səni çəkir. 1999-cu ildə Xəzər Dəniz Gəmiçiliyinin Türkiyədəki nümayəndəliyinin rəhbəri idim. Orada gəmilər təmir olunurdu. O zaman çox darıxmırdım. Sonra 2003-cü ildə məni Bakıya çağırdılar. Gəmiçilik rəisinin müavini oldum. Burada artıq hiss elədim ki, dənizdən ötrü darıxıram. İstəyirdim ki, məni gəmiylə ezamiyyətə göndərsinlər. 15 yaşından etibarən dənizdə olan adam kimi mənə ondan uzaq qalmaq çətin idi. Sonra yavaş-yavaş öyrəşirsən. Məcbur olursan ki, yeni kadrların hazırlanmasına kömək edəsən. Ona görə də adam bir qədər sakitləşir.

– Sizin saysız-hesabsız beynəlxalq səfərləriniz olub. Gəmiçilikdə bütün səfərlər yaddaqalan olur?

– Elə səfərlər olur ki, fırtınaya düşə bilərsən. Fırtına dayanandan sonra deyirsən ki, ay Allah, buradan qurtardıq. Birincisi, qorxmamaq lazımdır. Çünki heyət də kapitana baxıb hərəkət edir.

Dənizdə çox hadisə ola bilər. Dənizin ortasında baş mühərrik də xarab ola bilər. Dalğaya da düşə bilərsən. Başqa gəmidə hadisə ola bilər. Sən o gəmiyə köməlik edə bilərsən.

1979-cu ildə Xəzərin ən təcrübəli kapitanlarından biri olan İsa Fərmanovun baş köməkçisi idim. Elə oldu ki, kapitan xəstələndi. Onun “podaqra” xəstəliyi var idi. Suriyanın Tartus limanında lövbərdə dayanmışdıq. Mən liman rəhbərindən xahiş etdim ki, sahildən həkim istəmirəm, gedib lövbərdə dayanmış Rusiya gəmisindən həkim gətirim. Mənə icazə verdilər. Xilasedici qayıqla gedib həkimi digər gəmidən götürüb gəldim. O vaxt bizim gəmilərdə həkim yox idi. Böyük gəmilərdə həkim götürməyə icazə verirdilər. Kapitanı həkim müayinə etdi. Yəni başa düşmək lazımdır ki, bir yerdə dayanmaq olmaz. Mənim kapitanım xəstələnib, mən durub baxmalıyam ki, sahildən nə vaxt həkim gələcək?!

– Xəzər, Oxot dənizi, Biskay körfəzi fırtınanın ən çox olduğu dənizlərdir. Fırtınaya da düşdüyünüz vaxtlar çox olub. Qorxmamaqdan əlavə, digər görülən hansı tədbirlər var? Sonu düşündüyünüz anlar olub?

– Biz yeni yunan gəmisini Panama bayrağı altında qəbul etmişdik. Rumıniyanın Qalas limanından dəmir yükü vurub Belçikanın Antverpen limanına gedirdik. Biskayda bizi çox böyük şimal-qərb küləyi tutdu. İstiqamətlə getmək mümkün deyildi. Eyni zamanda gəminin göyərtəsində “şiftinq bor”ların qalması təhlükəli idi. Mənə lazım idi ki, gəmini döndərib onları dənizə ataq. Heyəti cəmləşdirib Fransa sahillərinə tərəf döndük. Onları məcburən dənizə atdıq. Hərçənd ki, onlar gəminin inventarı idi. Külək sakitləşəndən sonra yenidən yolumuza davam etdik. al-qərb küləkləridir.

– Batan gəmi görmüsünüz?

– Yox, mən belə halla rastlaşmamışam. Ancaq gəmi olub ki, köməyə ehtiyacı yaranıb. Gəmiyə yaxınlaşıb kömək etmişik. Bizim dənizçilər çox təcrübəlidirlər.

 

– Dənizçilərin adətən şeirə, sənətə xüsusi meyli olur. Sizin bu işlərlə aranız necədir?

– Mənim musiqiyə çox həvəsim var. 1972-ci ildə “Kirovabad” gəmisiylə İtaliyanın Recci Di Kalabriya limanına gedirdik. Həmin liman Messina körfəzinə yaxın yerləşir. O zaman gəmidə maqnitofon var idi. Mənim də əlimdə Yaqub Məmmədovun “Çahargah” muğamının lenti var idi. Kapitanın baş köməkçisi idim. Xarici nümayəndələr də gəlib kapitanın yanında oturmuşdular. Kapitanın 1-ci, 2-ci, 3-cü köməkçisi gəminin orta yaşayış yerində yaşayır. Qalan heyət isə arxa tərəfdə yaşayır. Kapitan Ozerov məni çağırdı. Dedi ki, burada italyanlardan bir yoldaş oturub, məndən xahiş edir ki, o musiqini kim çalırsa, ona qulaq asmaq istəyir. Gəldi bizim otaqda muğama qulaq asdı. Çox bəyəndi. “Çahargah”ın mənsuriyyə hissəsini Yaqub Məmmədov oxuyurdu. Həmin lenti bizdən istədi və üzünü köçürüb hədiyyə etdik.

1993-cü ildə “Rəşid Behbudov” gəmisi ilə İtaliyanın Torres limanına yan aldıq. Mənə dedilər ki, yanıma liman rəisi gəlmək istəyir. Onu tanıyıb-tanımadığımı soruşdu. Sən demə, bu, o lenti verdiyimiz şəxs imiş. Verdiyimiz kaseti də o vaxta kimi saxlayıb.

Mən muğam dinləmək həvəskarıyam. Bakıda keçirilən muğam müsabiqələrinin hamısında tamaşaçı kimi olmuşam. 

– Dəniz xəstəliklərindən qorunmaq üçün nələr edirsiniz?

– Bütün dənizçilər hər il həkim komissiyasından keçir. Yəni xəstə adam dənizə getmir. Komissiya dənizçiləri çox diqqətlə yoxlayır. Bizim öz xəstəxanamız var. Hansısa hadisə ola bilər. Heç kim bundan sığortalanmayıb. Ancaq xəstə adam çətin ki, dənizdə dayana bilsin.

– 20 yanvar hadisələrində dənizçilərimizin də böyük xidmətləri olub. Həmin günləri necə xatırlayırsınız?

– O zaman “Sovetskaya Kalmıkiya” bərəsinin kapitanı idim. Yanvarın 19-u biz Bakıya gəlirdik. “Dağıstan” gəmisi limanda dayanmışdı. Saat 7 radələrində Bakıya yaxınlaşırdıq. Gördüm ki, televizor birdən-birə kəsildi. Biz Nargin adasına yaxınlaşırdıq. Sonra dedilər ki, “Dağıstan” gəmisi yenidən limana qayıdır. O gəmidə də Mübariz Mədətov kapitan idi. Dedim ki, nə olub? Bakıdan dedilər ki, gəl lövbərə, dayan. Saat 11 radələrində hay-küy qalxmışdı. Sakit havada sahildən gələn səslər dənizə yaxşı yayılır. Dedilər ki, sahildə qırğındır. Bir az keçdi. “Dağıstan” gəmisi çıxdı. Mənə icazə verdilər ki, limana yan alım. Mən də o vaxt 16 vaqon, 10 dənə də tırı sürücüləri ilə bərabər daşıyırdım. Dedilər ki, gəmi boşalmayacaq. O vaxt gəmiçiliyin rəhbəri Teymur Əhmədovla danışdım. Dedi ki, nəyin bahasına olursa-olsun burdan çıxıb Türkmənistana getməlisən. Çünki hərbçilər gəmini ələ keçirə bilərlər. Mən də 10 dənə tırı sürücülərlə bərabər dəmir yoluna təhvil verdim. Vaqonlarla Türkmənistana çıxıb getdik. Təxminən yanvarın 24-də Bakıya gəldik. O zaman da Xəzər dəniz neft donanması yaxşı  əşkilatçılıq etmişdi. Bütün buxtanı gəmilər kəsmişdi ki, limandan hərbi gəmilər bayıra çıxmasın. “Sabit Orucov” gəmisində Neft Donanmasının, gəmiçiliyin kapitanlarının iştirakı ilə iclas etdilər. Azərbaycanlıların çoxu Orta Asiyada yaşayırdı. Biz sərnişin daşıyırdıq. Təyyarə ilə gəlmək çətin idi. Onda belə qərar qəbul etdilər ki, bütün gəmilər gedib işlədiyi yerlərdə dayansınlar, amma işə çıxmasınlar. İclas bitəndən sonra Bakı limanında lövbərdə dayanan gəmilər lövbərdən çıxmağa başladılar. Saat 4-un yarısında avtomat səsləri gəldi. Kimsə hərbçilərə deyib ki, “Sabit Orucov” gəmisində iclas keçirilir. Gəlib avtomatla gəmilərin şüşələrini qırmışdılar.

 

–  Kapitanlar yenilikçi, intellektual olurlar. Hər sahədəki yenilikləri izləyirlər. Proses indi də davam edirmi?

– Yenilikləri izləyirik. Sizinlə “Kapitan körpü”sündə olduq. Biz oxuyan vaxt elə şey yox idi. Görün tələbələri indi necə hazırlaşdırırlar. İndi onlar hər şeyi gözlərinin qabağında görürlər. Bizə prosesi tələbə olanda köhnə kapitanlardan Hacımurad Pənahov, Dərya Dadaşov, İsa Fərmanov, Cabir Məmmədov gəlib danışardı. Qabaqlar dənizdə gəminin yerini günəşlə təyin edirdik. Amma indi peyk sənə hansı nöqtədə olduğunu deyir. Amma köhnə üsulu da heç vaxt yaddan çıxarmırlar. Belə ki, günəşin hündürlüyü ilə gəminin yerini təyin etmək olur.

– Dünyada ticarətin 75 faizi dəniz üzərindən həyata keçirilir. Hava, quru, dəmir yolundan da çox dəniz ticarəti ölkələrin iqtisadiyyatına xeyir gətirir. Azərbaycan dövlətinin bu sahədən gəliri nə qədərdir?

– Bu saat dünyada ən ucuz daşımalar dənizdədir. Xəzər dənizində bəzi yerlərdə dərinlik çox olmadığına görə yükü çox götürmək olmur. Hazırda balkerlər, tankerlər var ki, onlar 120-130, 250-300 min ton yük götürür. Ötən il Bakı-Tbilisi-Qars dəmiryolu xətti açıldı. Bunun Azərbaycana çox böyük xeyri var. Dəniz ticarəti həmişə dövlətin ən gəlir gətirən yeridir.

Qafqazinfo.az

Günel Türksoy 

Video: Pərvin Zeynal


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır