Bakı Gəmiqayırma Zavodu Əbu-Dabi Limanlar Qrupu üçün 2 gəminin inşasına başlayıb
Bakı Gəmiqayırma Zavodu (BGZ) Birləşmiş Ərəb Əmirliklərinin "AD Ports Group" şirkətinin sifarişi əsasında hər biri 780 TEU tutumlu iki müasir konteyner gəmisinin inşasına start verib. Gəmilərin tikintisinin 2028-ci ilə qədər tamamlanması planlaşdırılıb.
Bu müqavilə Bakı Gəmiqayırma Zavodunun əldə etdiyi ilk beynəlxalq sifarişdir.
"Bakı Gəmiqayırma Zavodu" MMC-dən bildirilib ki, konteyner gəmiləri Xəzər dənizində istismar üçün layihələndirilib. Onlar regionun əsas ticarət qovşaqları arasında yükdaşıma zəncirini optimallaşdıracaq.
Yeni konteyner gəmiləri Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz hövzəsi vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ötürücülük qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq.

