Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Gənc dənizçi: İşimiz nə qədər çətin olsa da, birlikdə gördüyümüz işlər bizə güc verir

Şamxal Əliyev ASCO-nun gənc və zəhmətkeş dənizçilərindəndir. Məsuliyyəti, nizam-intizamı ilə seçilir. Daim özünü inkişaf etdirir və hədəflərinə gedən yolda yorulmadan çalışır.

1990-cı ildə Ağdam rayonunda doğulub.  2012-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi sürücülüyü” ixtisasını bitirib. Yeddi il öncə hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində matros kimi işə başlayıb. Hazırda  “Ağdam” gəmisində növbə köməkçisi kimi işləyir.

ADDA Məzunu layihəsində bu gün Şamxal Əliyevi yaxından tanıyacağıq.

Əvvəlcə ondan başlayaq, necə oldu ki, dənizçi peşəsini seçmək qərarını verdiniz?

Orta məktəbdə təhsil alarkən atamın tövsiyəsi ilə Jül Vernin ”Kapitan Qrantın uşaqları” romanını oxudum. Bu roman məni sanki “ovsunladı”. Əsər boyu dənizçilərin başına gələn sərgüzəştlər, gəmi daxili söhbətlər mənə çox maraqlı gəldi. Daha sonra dənizçiliklə bağlı filmlərə maraq salmışdım. Belə-belə tədricən bu peşəyə marağım artdı və gələcəkdə dənizçi olmaq qərarı verdim.

Bəs, heç peşman oldunuzmu?

2013-cü ildən Dəniz Nəqliyyatı Donanmasında çalışıram. Öncə “Merkuri 1” və “Ağdam” gəmisində matros kimi işlədim. Daha sonra vəzifə artımı üçün müvafiq imtahanlarımız oldu. 2014-cü ilin noyabrından kapitanın 3-cü köməkçisi kimi “Akademik Həsən Əliyev”, “Akademik Topçubaşov”, “Qarabağ” gəmilərində, 2016-cı ildən isə ASCO-nun xarici sularda üzən “Teymur Əhmədov” və “Mahmud Rəhimov” gəmilərində çalışdım. Daha sonralar kapitanın növbə köməkçisi kimi “Mahmud Rəhimov”, “Laçın” və “Ağdam” gəmilərində işləmişəm. Hazırda “Ağdam” gəmisində növbə köməkçisi vəzifəsindəyəm. Bir dəfə də olsun peşman olmadım. İstər matros, istərsə də növbə köməkçisi olduğum vaxtda işimi sevə-sevə yerinə yetirdim. Bundan sonra da belə olacaq.

Hansı tip gəmidə işləmək sizin üçün daha maraqlı və asandır?

Akademiyada təhsil aldığım 4 il ərzində üzmə təcrübəsi zamanı  bərə gəmilərində olmuşam. Məhz, bu səbəbdən ilk dəfə matros kimi işə başlayanda da bərə gəmilərinə üstünlük verdim. Düzdür, indiyədək  quru yük və tanker gəmilərində də çalışmışam,  ancaq mənə görə bərə gəmiləri daha maraqlıdır.

ASCO-nun Xəzərdənkənar sularda üzən gəmilərində də işləmisiniz.  Elə buna əsaslanıb soruşmaq istəyirəm, Xəzər dənizi, yoxsa xarici sular?

Xəzərin hidrometeoroloji amillərini nəzərə almaqla deyə bilərəm ki, burada üzmək daha çətindir. Bunu uzaq səfərlər etmiş kapitanlar da təsdiqləyirlər. Xarici sularda Azərbaycan bayrağı altında üzmək isə ayrı qürur hissidir. Xaricdə çalışan hər bir dənizçimiz ölkəmizin simasıdır. Biz də hər zaman çalışmalıyıq ki, bu simanı parlaq və təmiz saxlayaq.

Gəmidəki mühit hər kəsə maraqlıdır. Eyni insanlarla aylarla bir yerdə işləyirsiniz. Bu, çətin deyil?

İl ərzində doğma ailəmizdən çox bu insanlarla bir yerdə qalırıq. Aylarla eyni heyətlə bir gəmidə çalışmaq, birlikdə qeyd etdiyimiz ad günləri, bayramlar bizi bir-birimizə doğmalaşdırır. Təbii, bunların hamısını mehriban bir kollektivlə keçirəndə daha da maraqlı olur. İşimiz nə qədər çətin olsa da, birlikdə gördüyümüz işlər isə bizə güc verir.

Necə düşünürsüz, dəniz həyatı insanın xarakterinə, xasiyyətinə təsir edə bilərmi?

İnsan yaşa dolduqca onun xasiyyətinə uyğun olaraq xarakteri formalaşır. Həftələrlə quruya ayaq basmadan, şıltaq ləpələrin qoynunda, yorğun və stresli günlər bizə təsir etməyə bilməz.  Bunlar da təbii olaraq insan xarakterində müəyyən dəyişikliklərə gətirib çıxarır.

Yaxşı dənizçi olmaq üçün nə etmək lazımdır?

Dənizdən qorxmamaq və eyni zamanda gördüyün işin məsuliyyətini dərk etmək lazımdır. Gözlənilmədən baş verə biləcək hər hansı bir stiuasiyaya hazırlıqlı olmaq ən vacib məsələlərdəndir. Fikrimcə, bütün bunların ümumi məcmusu yaxşı dənizçi obrazını yaratmağa imkan verir.

Boş vaxtlarınızda nə işlə məşğul olursunuz gəmidə?

Dənizçilər üçün hər zaman yuxu və sağlam qidalanma əsas şərtdir. Əgər gün ərzində normal yuxu rejimim pozulmayıbsa, istirahət vaxtı ixtisasımla bağlı dərslikləri oxuyur,  əlavə vaxtım qalanda isə film izləyirəm.

Deyirlər, dənizçilər romantik olur və əksəriyyəti şeir yazır...Sizin də belə bir istedadınız varmı?

Yox, mən şeir yazmıram. Amma başqa hobbilərim var. Uşaqlıqdan futbolu çox sevirəm. Bu idman növünə aid xeyli aksessuarım (futbol formaları, şarf, oyun biletləri) var. Əlavə olaraq, dünya ölkələrinin pul nişanları və valyutaları haqqında elmlə maraqlanıram. Buna Bonistika (Cəmiyyətin iqtisadi və siyasi vəziyyətini əks etdirən tarixi sənədlər, istifadədən çıxan pul nişanları və bonları öyrənən köməkçi tarixi fənn olan bonistika XX əsrin əvvəllərində yaran;b və numizmatika ilə sıx bağlıdır) deyilir. Hazırda 132 ölkənin müxtəlif dövrlərdə istifadə etdiyi 700-ə yaxın kağız əskinasım var.

Gələcəklə bağlı nə kimi hədəfləriniz var?

Bir dənizçinin ən böyük hədəfi nə ola bilər? Əlbəttə ki, kapitan olmaq...Bu zirvəyə çatmaq üçün çalışıram. Bundan başqa, gələcəkdə ASCO-nun struktur bölmələrində işləməyi də istisna etmirəm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır