Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

42 ildir dənizdə işləyən Baş mexanik: "Dənizin hər üzünü görmüşəm"

Qusar rayonunda dünyaya göz açan Şakir İsrafilovun uşaqlığı Nabranda Xəzər dənizinin kənarında keçib. Hər zaman sahilində gəzdiyi, suyunda çimdiyi, dalğalarına heyranlıqla baxdığı Xəzərin qoynunda...

Elə təsadüfi deyil ki, o, taleyini də dənizlə bağlayıb. Şakir İsrafilov ucsuz-bucaqsız sular qoynunda nə az, nə çox düz 42 il yol qət edib. Deyir, hələ bundan sonra da gediləsi uzun bir yol var.

Şakir müəllim, dənizçiliyə hardan və necə başladınız?

Bizim kəntdə dənizdə işləyənlər çox idi. Onlar həmişə öz işlərindən böyük həvəslə danışırdılar. Digər tərəfdən, gəmidə işləməsə də,  atam ixtisasca mexanik idi. Özüm də arabir dəniz qırağında gəzəndə dənizçilik peşəsinə yiyələnmək barədə düşünürdüm. Nəhayət ki, 8-ci sinifi bitirəndə qəti qərar qəbul etdim. Sinif yoldaşımla birgə sənədlərimizi Bakı Dənizçilik Məktəbinə verdik. 1978-ci ildə Bakı Dənizçilik Məktəbinin Mexanika şöbəsinə qəbul olduq.

1978-ci ildən indiyədək dənizdə çalışırsınız?

Bəli, təhsilimi bitirdikdən sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində faəliyyətə başladım. Əvvəlcə matros, daha sonra mexanik köməkçisi və mexanik kimi işlədim. 1995-ci ildən indiyədək baş mexanikəm. Bu illər ərzində dənizin hər üzünü görmüşəm.

Dənizçi olmaq istədiyinizi bildirəndə ailənizin reaksiyası necə oldu?

Əlbəttə ki, qərarıma hörmət etdilər. Dənizçi peşəsi dövrümüzün ən  prestijli peşələrindən idi.  Və ailəm bilirdi ki, bu, mənim arzumdur. Ona görə də məni dəstəklədilər. Amma ilk vaxtlar mənə evdən uzaq qalmaq çətin görünürdü. Sonradan yavaş-yavaş öyrəşdim.

Həqiqətən də, ailədən uzaq qalmaq elə də asan deyil. Bu mənada dənizçilər fədakardır...

Doğrudur, biz dənizçilər hər zaman bir-birimizə həmrəy olmağı bacarırıq. Bir yerimiz ağrıyanda, əhvalımız olmayanda dəstəyimizi əsirgəmirik. Bəzən dənizin ortasında elə xəbər alırıq ki... İstər-istəməz təəssüflənirsən. Amma dənizdə xoş xəbərlər almağın həyəcanı da bir başqadır. Dörd uşaq atasıyam. İlk övladımın olmağı xəbərini iş başında almışam. O vaxtlar rabitə əlaqəsi indiki kimi deyildi. Məlumatı radioqramla aldım. Yaxşı yadımdadır, indiki kimi həmin günü xatırlayıram.

Xəzərdən başqa hansı dənizlərdə işləmisiniz?

Mən Xəzər dənizinə bağlıyam, Xəzəri sevirəm, suyunu, dalğalarını, şıltaqlığını, bəzən sakitliyini...Xarici sularda da fəaliyyət göstərmişəm. 90-c illərdə bir müddət bizim beynəlxalq sularda istismar olunan gəmilərdə çalışdım. Daha sonra 2000-2010-cu illərdə 7 min tonluq gəmilərdə işlədim.

Sizin üçün Xəzərlə digər dənizlərdə işləməyin fərqi, özəlliyi nədir?

Ömrümün böyük hissəsini Xəzər dənizində keçirmişəm. 10-15 il xarici sularda üzən gəmilərdə çalışmışam. Əsas məsələ, işlədiyin kollektivdən, kollektivin bir-birinə münasibətindən ibarətdir. Və təbii ki, gəmidən. Dənizçi ilk növbədə gəmisinə güvənməlidir. Gəminin sazlığı vacib şərtdir. Əgər gəmin işləkdirsə, problemi yoxdursa, sağ-salamat qayıdacaqsan, heyət də, daşıdığın yük də təhlükəsiz olacaq.

Gəmidə nizam-intizam da önəmlidir. Dəniz xaotikliyi sevmir...

Tamamilə doğrudur. Texniki təhlükəsizlik öz yerində, bayaq dediyim kimi münasibətdən və rəftardan çox şey asılıdır. Hər kəs öz işini bilməli, bir-birinə hörmətlə yanaşmalı, subardinasiya qaydaları gözlənilməlidir.

Hazırda Azərbaycanın ilk milli  tankeri “Laçın”da çalışırsınız. Və bu günlərdə illərdir işğalda olan Laçın rayonu öz azadlığına qovuşdu.

Doğrudan da, tarixi günlərə şahidlik etdik. 44 günlük Vətən Müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun sayəsində Şanlı qələbəmizlə yekunlaşdı. Bu, biz dənizçiləri də sevindirir.

Bildiyiniz kimi, “Laçın” tankeri xarici sularda istismar olunur. Bu ilin mayında biz buradan xarici sulara doğru yola çıxanda heç təsəvvürümüzə gətirməzdik ki, Laçın rayonu bir il sonra azad olunar. İndi bu gerçəkdir. Hərdən dənizçi yoldaşlar arasında zarafatla deyirik ki, “Laçın” tankeri düşərli oldu. Aparıb dünyaya göstərdik və Laçın qayıtdı.

Dənizçilik sahəsinə yeni gələn gənclərə nələri tövsiyə edirsiniz?

Əvvəlki illərə baxdıqda hazırda dənizçiliyə üz tutan gənclər daha həvəslidir. Bu, çox vacib məsələdir. Dəniz dənizçi üçün maraqlı olmalıdır, dənizin hər üzü ilə barışmalısan. Dözüm mütləqdir. Bu gün ASCO-da dənizçilərə böyük diqqət var, hər qayğımızla maraqlanırlar. Əməyimizi qiymətləndirirlər. Məsələn, mən 2017-ci ilində “İlin ən yaxşı mexaniki” adına, 2018-ci ildə ""Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalına layiq görülmüşəm. Bütün bunlara baxmayaraq, dənizdir, ola bilər ki, 3-5 gün artıq növbədə qaldın, yaxud da dənizdə ərzağın bir günlük bitdi. Bu zaman səbirli olmaq, əsl dənizçi fədakarlığı nümayiş etdirmək lazımdır. Əks halda, gəmidə sənin yerin yoxdur. Hər kəsə uğurlu səfərlər, aydın səma, səmt küləyi arzu edirəm.

Hazırladı 

ASCO-nun ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Rövşən Abdurəhmanov 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır