“Laçın” gəmisinin Xəzərdən kənar sularda istismara verilməsi xarici mətbuatda işıqlandırılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Laçın” gəmisinin xarici sularda istismara verilməsi xarici mediada işıqlandırılıb.
Rusiyanın “korabel.ru” saytında “Laçın” gəmisinin ilk səfəri barədə ətraflı məlumat yerləşdirilib. Bununla belə, “morvesti.ru” və “portnews.ru” saytılarında da “Laçın” gəmisi ilə bağlı xəbərə geniş yer verilib.
Qeyd edək ki, ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən və ilk milli istehsalımız olan tanker tipli “Laçın” gəmisinin Azərbaycan bayrağı altında xarici sularda fəaliyyət göstərməsinə qərar verilib.
Artıq dizel yanacağı ilə yüklənmiş “Laçın” tankeri Bakı limanından üzü Qara dənizə- Kulevi limanı istiqəmətində səfərə yollanıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Kulevidə də əlavə yüklənmə olduqdan sonra Türkiyəyə doğru istiqamət alacaq. “Laçın”ın apardığı yükün Türkiyənin Gebze limanına çatdırılması planlaşdırılır.
Daimi heyəti 14 nəfərdən ibarət gəmi bundan sonra Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımalar həyata keçirəcək. Uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil, xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.