Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

Xəzərin nəhəngi - "Azərbaycan" qəzetinin REPORTAJI

Diqqət! Bütün heyət üzvləri mövqelərə!

Yoxlamaları tamamlayın!

Arxa kəndirləri yığın!

Dəmir yolu körpüsünü qaldırın!

Ön kəndirləri alın! Hərəkətə başlayırıq...

Teleqrafların hər ikisi 20 irəli!

Körpünü keçdik, kanala giriş...

Sükan 5 sağa, kurs 200 dərəcə...

Yolumuz açıq, səfərimiz uğurlu olsun...

...Dünyanın ən böyük gölünün nəhəng gəmi-bərəsi, mərhum akademik Zərifə xanım Əliyevanın adını daşıyan gəmimiz Ələt Beynəlxalq Dəniz Ticarəti Limanından Qazaxıstanın Kurık limanına doğru növbəti səfərinə çıxır... Gəmi ilə uzaq səyahətimiz başlayır. Qarşıda mavi Xəzərdə Kurık limanınadək dənizçilərin təbirincə desək, 250 mil, yəni 463 kilometrlik yolumuz var. Bərə ay işığının dənizin sinəsində açdığı qızılı rəngli çığırla yavaş-yavaş Xəzərin dərinliklərinə doğru hərəkət edir. Kənardan baxan insana elə gəlir ki, nəhəng gəmi sadəcə aram-aram sahildən uzaqlaşır. Əslində isə hər şey göründüyü kimi deyil... Gəmi limandan təhlükəsiz ərazilərə çıxana qədər bir çox müxtəlif manevrləri yerinə yetirir. Öncə dayazlıqda süni qazılmış dərin kanalla yalnız onun üçün ayrılmış marşrut xətti ilə hərəkət edir, ardınca "təhlükəli rayonlar"dan (su altında kiçik və iri təpəciklər, batmış gəmilər, onların qalıqları olan ərazilər) dəqiqliklə keçib, digər gəmilərlə arasındakı məsafə fərqini saxlamaqla təhlükəsiz sulara çıxır. Bütün bu proseslər isə gəmi kapitanının verdiyi komanda və tapşırıqlar əsasında reallaşır. Asan görünsə də, bu bir o qədər çətin və məsuliyyət, dəqiqlik tələb edən prosesdir. Əgər limandan təhlükəsiz sulara çıxış təxminən 7 saat çəkirsə, təsəvvür edin ki, gəmi hansı çətin prosedurlardan keçir. 

 

 

 

 

 

Azərbaycanın istehsal etdiyi ilk "Ro-Pax" tipli gəmi-bərə

Gəminin "beyin mərkəzi" - kapitan körpüsündəyik. Bura komandaların verildiyi məkandır. Bütün avadanlıq müasir texnologiyalar əsasında qurulub. Kənarda dayanıb həm naviqasiya sistemlərinin necə işləməsini, həm də kapitanın verdiyi qərarların matroslar tərəfindən necə yerinə yetirilməsini müşahidə edirik. Mərkəzdə kapitan, onun baş köməkçisi, eləcə də kapitanın növbə köməkçiləri və komandaları icra edən matroslar çalışır. Yəqin ki, çoxlarınız ya canlı, ya da bədii və sənədli flimlərdə əvvəlki dövrlərin gəmilərinin kapitan körpüsünü görmüsünüz. Orada diqqəti ilk çəkən şturval (gəminin dairəvi böyük sükanı) olurdu. Artıq yeni əsrin modern gəmisində həmin şturval gözə dəymir. Əvvəlki gəmilərdə iki əl ilə idarə edilən şturvalı, indi cəmi 3 barmaqla hərəkət etdirilə bilən kiçik avtomat mühərrik əvəzləyir. Gəminin bütün naviqasiya sistemi elektronlaşdırılıb. Onların hər biri müxtəlif funksiyanı yerinə yetirir. Gəminin kapitanı ömrünün 30 ilini mavi sularda keçirən Əbuzar Həsənovdur. O, gəminin "təhlükəli rayondan"dan təhlükəsiz keçidi üçün matroslara komandalarını çatdırır. Yeri gəlmişkən, Bakı Gəmiqayırma Zavodunda inşa olunan "Zərifə Əliyeva" gəmibərəsi 2022-ci il aprelin 28-də istismara verilib. Dəniz Nəqliyyatı Donanmasına məxsus bu gəmi-bərəyə Zərifə Əliyevanın adının verilməsi Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir. Yəni bu gəmi Azərbaycanın özünün istehsal etdiyi ilk "Ro-Pax" tipli gəmi-bərədir. "Ro-Pax" tipli gəmilər həm sərnişin, həm də təkərli yüklərin (dəmir yolu sisternləri, avtomobillər, digər göyərtə yükləri) daşınmasını həyata keçirir. Daimi heyəti 30 nəfərdən ibarət 5 mərtəbəli unikal bərənin uzunluğu 154 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr, suya oturumu isə 4,5 metrdir. 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 46 yarımvaqon, həmçinin 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. Sürəti 14 uzl (yəni saatda 14 dəniz mili) olan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin stabilləşdirilməsi sistemi, dartıcı lokomotivlər mövcuddur. Nadir dizayna malik gəmi yüksək texniki göstəricilərinə görə fərqlənir. Ən müasir naviqasiya sistemi ilə təchiz edilmiş gəmi yükgötürmə qabiliyyətinə (4950 ton) görə hazırda Xəzərdə mövcud bərələrdən böyükdür.

 

 

 

 

3 ay suda, 3 ay quruda

 

Gəmi Neft Daşlarını keçib açıq dənizə çıxır. Kapitan yenə iş başındadır. Amma təhlükəsiz sularda olduğumuz üçün kapitan söhbətləşməyə də vaxt ayırır. Kapitan Əbuzar Həsənov indiyədək Azərbaycanın müxtəlif təyinatlı gəmilərində çalışıb - matrosluqdan tutmuş kapitan vəzifəsinədək işləyib. 55 illik ömrünün 30 ilini mavi sularda xidmətə fəda edib. İşinin vurğunu, həm də peşəkarıdır. O deyir ki, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası - ADDA) məzunudur: "Bu günədək ölkəmizin müxtəlif gəmilərində xidmət etmişəm. İşimi, peşəmi sevirəm və hər gün daha həvəslə çalışıram. 3 ay dənizdə, 3 ay quruda oluruq. Açığını deyim, gəmidən ayrıldıqdan sonra qurudakı həyata çətinliklə adaptasiya oluram. Gəmiyə dönəndə sanki həyata yenidən qayıdıram. Uşaq vaxtından dənizə çox marağım vardı. Matros kimi fəaliyyətə başlayanda arzuma çatmışdım. Bu gün Azərbaycanın özünün istehsal etdiyi nəhəng gəminin kapitanıyam. İndi məsuliyyətim daha böyükdür. Çünki gəminin heyətinin, daşınan yüklərin məsuliyyəti üzərimdədir. Həm də mən Azərbaycan xalqının mərhəmət, şəfqət ünvanı kimi qəbul etdiyi mərhum akademikimiz Zərifə xanım Əliyevanın adını daşıyan gəminin kapitanıyam. Bu, həm şərəf, qürur, həm də böyük məsuliyyətli işdir. Onu da deyim ki, bütün gəmilərimizin şəxsi heyətinin fəaliyyəti, sosial-psixoloji durumu hər zaman diqqətdə saxlanılır. Bizlərə istənilən zaman hər cür dəstək göstərilir. Bu da bizi təbii ki, ruhlandırır və daha yaxşı, daha məsuliyyətli işləməyimiz üçün stimul yaradır". Kapitan deyir ki, əvvəlki gəmilərlə müasir gəmilər arasında çox böyük fərq var. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sifarişi ilə istehsal edilən "Ro-Pax" tipli iki gəmi - "Zərifə Əliyeva" və "Azərbaycan" bərələri tam müasir standartlara uyğun elektron naviqasiya sistemləri ilə təchiz olunublar. Gəmidə bütün cihazlar elektronlaşdırılıb. Burada ən mühüm olan Gerokompas (gəminin təyin olunmuş hərəkət kursunu göstərən cihazdır), GPS (bərənin bütün koordinatlarının yazıldığı sistemdir), Naftex (gəmiyə gələn hava haqqında məlumatı qəbul edir), Ballast sistemi (gəminin tarazlığını təmin edir), Exalot (gəminin sualtı hissəsindən dənizin dibinə qədər olan məsafəni göstərən avadanlıqdır), eləcə də Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi olan QDFƏRS var. Yəni bu sistemin köməyi ilə gəmi hər hansısa bir qəza və ya fəlakətə uğrayanda digər gəmilərə məlumatı ötürmək olur. GPS sistemi ilə gəmiyə Bakıdan nəzarət edilir. Yəni gəmi Xəzərin harasında olur olsun hərəkəti, manevri Bakıdan izlənilir. QDFƏRS ilə dünyanın bütün sularında olan gəmilərlə rabitə əlaqəsi yaratmaq mümkündür. Gəmi beynəlxalq dərəcəli A1, A2, A3 kateqoriyalı bərədir. Yəni Şimal Buzlu okeandan (bu okeanda üzən gəmilər A4 kateqoriyalıdır) başqa istənilən su sahəsində üzmək qabiliyyətinə malikdir. Gəminin təyyarələrdə olduğu kimi, "qara qutusu" var. Bütün məlumatlar, komandalar, alınan telefonoqrammalar, yəni yazılı göndərilən və qəbul edilən, şifahi səsləndirilən bütün komandalar qeydə alınır. Əgər buradakı elektron avadanlıqlarda hansısa problem yaranarsa, kapitan dərhal təhlükəsiz idarəetmə otağına keçərək gəmini oradan da idarə edə bilər. Kapitan körpüsündə gəminin idarə edilməsi üçün 3 sükan var. Onların biri mərkəzdə - əsas sükan, digərləri isə köməkçi sükan kimi sağ və sol bortlarda quraşdırılıb. Gəmi limana hansı istiqamət üzrə yan alırsa, kapitan həmin bortda dayanıb komanda verir.

 

 

 

 

25 metrlik lift, ayrı kayutalar, gündə 4 dəfə qidalanma

Gəminin yüklənməsi, boşaldılması, göyərtə komandasının iş prosesinə, onların və digər sərnişinlərin qidalanmasına, eləcə də digər məsələlərə kapitan köməkçisi nəzarət edir. Biz də gəminin "beyin mərkəzi"ndə digər məsuliyyətli şəxs olan kapitanın böyük köməkçisi - Elnur Yaftumovla söhbətləşirik. 41 yaşlı dənizçi Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunudur. 1999-cu ildən mavi sulardadır. 25 illik dənizçilik təcrübəsinə sahib olan kapitanın böyük köməkçisi öncə gəminin yüklənmə və boşaldılma prosesindən söz açır. Gəmi limana çatan kimi göyərtə komandası vəzifəsini yerinə yetirməyə başlayır. Gəminin yüklənib, boşaldılması təxminən 6-8 saat çəkir. Əsas vaxt aparan sənədlərin düzgün yoxlanma prosesidir. Yüklərin aşağı göyərtəyə endirilməsi üçün uzunluğu 25 metr, qaldırma ağırlığı 188 ton olan liftdən istifadə edilir. Lift bir dəfəyə 2 cüt təkərli yükü/TİR götürə bilir. Aşağı göyərtəyə 16, yuxarı göyərtəyə isə 46 vaqon yerləşir. Budəfəki səfərdə gəminin yükü 36 TIR, 9 minik avtomobili, 12 ədəd göyərtə yükü, 2 ədəd qoşqudan ibarətdir. Yükün ümumi həcmi 1118 tondur. Gəmidə heyət üzvlərindən əlavə 39 sərnişin də var. Hər bir heyət üzvü üçün bir nəfərlik ayrıca kayuta mövcuddur. 100 nəfər sərnişin üçün isə 2 və 4 çaypayılı otaqlar var. Heyət üzvlərinin asudə vaxt keçirməsi və idmanla məşğul olmaları üçün otaqlar da mövcuddur. Bundan başqa, gəmidə həkim, müayinə otaqları, pilot otağı, heyət və sərnişinlər üçün ayrıca yeməkxanalar var. Gün ərzində həm heyətə, həm də sərnişinlərə 4 dəfə yemək verilir. Kapitan köməkçisi deyir ki, gəmi səfərə çıxarkən 10 günlük ərzaq tədarükü görülür. Çünki küləkdən asılı olaraq səfər 7-10 gün də çəkə bilir.

 

 

 

 

Zərifə Əliyeva guşəsi, helikopter meydanı, xilasedici qayıqlar

Gəmidə 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizi əks etdirən Zəfər guşəsi və akademik Zərifə xanım Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara xeyirxah münasibəti, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb. Sərnişinlər hər iki guşəni maraqla izləyirlər. Göyərtəyə çıxırıq. Burada bir neçə xilasedici qayıq və helikopter meydanı mövcuddur. Əgər təsadüfən heyət üzvlərindən kimsə xəsarət alarsa və ya sərnişinlərdən zədələnən, qəflətən halı pisləşən olarsa, dərhal ona ilkin tibbi yardım göstərilir. Əgər xəstənin vəziyyəti ağır olarsa, kapitan bu barədə baş idarəyə məlumat verir və helikopter yardıma gəlir. Xilasedici qayıqlar, sallar isə gəmidəki bütün şəxsi heyyəti təxliyə etmək imkanlarına malikdir. Gəmi tam sərnişinlə dolu olarsa, heyət üzvləri ilə birlikdə bərədə 130 nəfər olur. "Təxliyə xilasedici salı" adlandırılan 2 qayığın isə hər biri 101 nəfər tutur. Bu, həm də onun üçündür ki, gəmi hər hansısa qəzaya uğramış başqa bir bərənin, tankerin də şəxsi heyətinin təxliyəsinə yardım edə bilsin. Bundan əlavə, gəmidə hər biri 12 nəfər tutan 2 ədəd kiçik "Təxliyə xilasedici salı" mövcuddur. Bundan əlavə, gəmidə 2 ədəd sürətli kiçik xilasedici qayıq da var. Kapitan körpüsünə geri dönürük. Əbuzar Həsənov bu illər ərzində mavi sularda rastlaşdığı ən maraqlı və həyəcanlı anlardan danışır...

 

 

 

"Zərifə Əliyeva" gəmisi dünyanın ən böyük gölünün ən müasir sərnişin və yük bərəsidir

Yəqin bilirsiniz ki, dünyanın ən böyük gölü olan Xəzər dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə həm də dəniz adlanır. Amma çoxlarına bəlli deyil ki, illərlə dünyanın ən böyük bərələrində, tankerlərində çalışan təcrübəli gəmiçilər Xəzərdə heç də asanlıqla üzə bilmirlər. Şıltaq Xəzərdə əsən küləklərin yaratdığı fəsadlar, sərt dalğalar təcrübəli kapitanları belə çətin sınağa çəkir. Sual edə bilərsiniz ki, məgər, dünya sularında külək əsmir və ya hündür dalğalar yaranmır?! Əlbəttə ki, baş verir. Lakin Xəzərdə tez-tez dəyişkən küləklərin əsməsi və ən əsası da hündür dalğaların ara tezliyinin qısa olması dənizi çox fərqləndirir. Xəzər bütün dünya sularında baş verən hadisələri özündə cəmləyir. Ona görə də Xəzərdə üzən gəmiçilər böyük təcrübəyə malik olurlar. Bu səbəbdən də beynəlxalq dəniz şirkətləri məhz Xəzər gəmiçiliyinin dənizçilərinə böyük ehtiyac duyurlar. Gəmi idarəçiliyi ilə bağlı verilən vakansiya yerlərinə ilk olaraq Xəzərdə təcrübəsi olan dənizçiyə üstünlük verilir. Çünki onlar dünya sularında çox rahatlıqla işləyə bilirlər. Bu maraqlı məlumatı Azərbaycanın istehsal etdiyi "Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmisi ilə Qazaxıstana səfərimiz zamanı öyrəndik.

25 saat dalğaların üstündə ləngər vuran gəmi

Xəzərin Qazaxıstan sularındayıq. Limana çatmağa bir saatlıq yolumuz var. Amma yenicə başlayan şimal küləyinə yaxalanırıq. Dənizçilərin təbirincə desək, yavaşyavaş "kaçka"ya (ləngərvurma) düşürük. Kapitan Əbuzar Həsənov Qazaxıstanın Manğıstau vilayətinin Qarakiyə rayonunun Kurık limanı ilə əlaqə saxlayır və portdan bildirirlər ki, külək səbəbindən limana giriş 1 sutka dayandırılıb. Bu səbəbdən də kapitan küləyin istiqamətini müəyyən edib gəmini üzü küləyə döndərir. Çünki külək gəmini yan tərəfdən tutarsa, böyük təhlükə yarana bilər. Buna baxmayaraq, yenə də gəmi ləngərləməyə başlayır. Gəminin hər iki lövbəri suya endirilir. Beləliklə, külək səbəbindən 1 saatlıq yolumuz 25 saatla əvəzlənir... Maraqlısı odur ki, gəminin sağa, sola ləngər vurması təkcə sərnişinlərə təsir göstərmir, bəzi dənizçilərdə də müəyyən hallar yaranır. "Kaçka" zamanı əksər sərnişinlərdə ürəkbulanma, qusma halları olur. Bəzi dənizçilərdə və sərnişinlərdə isə bu zaman qəribə aclıq hissi yaranır. Yəni hamı ləngərvurma zamanı dayanmadan nəsə yemək istəyir. ...Gəmi lövbər rayonunda dayanıb küləyin zəifləməsini gözləyir. Biz də bu imkandan yararlanıb kapitanın növbə köməkçiləri Pərviz Əliheydərov və Nurlan Vəliyevlə söhbətləşirik. Köməkçilərin hər ikisi Dövlət Dəniz Akademiyasının məzunudurlar. Pərviz gün ərzində heyət və sərnişinlərin gəmiyə giriş və çıxışı ilə bağlı sənədləşmə işlərini həyata keçirir. Nurlan isə yükləmə, boşaltma əməliyyatlarının və yüklərin sənədlərinin qeydiyyatını aparır. Hər iki gənc dənizçi olması ilə qürur duyur və məqsədləri gəmi kapitanı vəzifəsinədək yüksəlməkdir. Onlar üçün 3 ay dənizdə qalmaq o qədər də çətin deyil.

 

 

 

Daşınan yüklər, qısalan məsafə, 1 illik bilet

Şam zamanıdır. Aşpazın menyusunda soyutma hindtoyuğu ilə soyutma kartof, bibər salatı var. Adətən, gəmi dalğaya düşəndə quru yeməklərə üstünlük verilir. Çünki ləngərvurma zamanı sulu xörək qazanlarının aşma təhlükəsi olur. Amma gəminin təcrübəli aşpazı qazanların sürüşməməsi üçün kənarlarını "çəpərləyərək" tam təhlükəsiz şəkildə heyətə lobya şorbası da bişirmişdir. Sərnişinlər - yük avtomobillərinin sürücüləri yeməklərini yeyib "qırmızı guşə"də (foyedə yaradılmış istirahət yeri) bir-biri ilə söhbət edir, həm də Zərifə Əliyeva guşəsinə daxil olub kitabları, eksponatları maraqla izləyirlər. Biz də fürsətdən yararlanıb onların bəziləri ilə söhbətləşirik. TIR sürücüsü Murat Kutlu və Özbəkistan vətəndaşı Xeyrulla Xalmatoğlu 4-cü dəfədir ki, gəmi ilə yük aparırlar. Türkiyədən keçməklə Avropa ölkələrinə polietilen məhsulu daşıyan sürücülər gəminin çox rahat marşrut olduğunu deyirlər. Sözlərinə görə, quru yolla məsafə həm də uzaq olur: "Mən Avropaya məhsul daşıyıram. Rusiyadan Avropaya keçidə qadağa qoyulduğu üçün gəmi ilə gedirik. Quru yolla getsək, məsafə çox uzaq olur. Gəmi ilə Azərbaycandan keçəndə məsafə 1000 kilometr qısalır. Həm də gəmidə rahatlıq tapır, istirahət edirik", - deyə Murat Kutlu bildirir. Söhbət əsnasında o da bəlli olur ki, əgər sürücü gediş-dönüş üçün bilet alırsa, həmin biletin 1 il qüvvədə qalma müddəti olur. Yəni bu gün gəmimizdə olan hansısa TIR sürücüsü gediş və dönüş üçün bilet alıbsa, Qazaxıstanda yükünü götürüb limandan çıxdıqdan sonra bir il müddətində həmin biletlə gəmi ilə geri qayıda bilər.

 

 

Əlverişli coğrafi mövqeyə malik liman

Artıq 24 saatdan çoxdur ki, lövbər rayonundayıq... Tam bir gün gəmi dənizin dalğaları üzərində ləngər vurur. Heyətin bəzi üzvləri asudə vaxtda domino, nərd-taxta oynayır, bəziləri idman zalında məşq edirlər. Küləyin sürəti getdikcə azalır və bir qədər sonra Kurık limanından gəmiyə xoş xəbər gəlir - limana daxil ola bilərsiniz. Kapitanın komandası ilə lövbərlər yığılır və bərə yoluna davam edir. Təxminən 1 saatdan sonra limana yaxınlaşırıq. Limanın kiçik yedək gəmisi bizə yardıma gəlir.Bu,  bütün limanlarda belədir. Gəmi limana yan alarkən yedək gəmiləri yanalmaya kömək göstərir. Bərə yerində fırlanır və geriyə üzməklə limana yan alır. Arxa körpü açılır və dəmir yolu xətləri ilə limanın dəmir yolu xətləri birləşdirilir. Sahil bələdçiləri gəminin arxa və ön kəndirlərini limana bərkidirlər. Bundan sonra yüklərin boşalmasına start verilir. Qazaxıstanın Kurık limanı haqqında məlumat da yəqin ki, sizin üçün maraqlı olar. 2016-cı ildə istismara verilən limanın ümumi sahəsi 40 hektardır və əlverişli coğrafi mövqeyə malikdir. Burada suyun dərinliyi böyük tutumlu gəmilərin yan almasına imkan verir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas tərkib hissəsindən biri sayılan Kurıkdan yüklər Azərbaycan və Gürcüstandan keçərək Avropaya göndərilir. Liman vasitəsilə Qazaxıstan neft və neft məhsulları, metal, gübrələr, kimya məhsullarının nəqli həyata keçirilir. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan, Gürcüstan, Türkiyə, sonra Şərqi Avropaya və əks istiqamətə yüklərin tranziti artır. Hazırda limanda taxıl terminalının tikintisi aparılır. Onun üzərindən ildə milyon tona qədər taxıl daşınacaq. Göyərtə komandası yükləri tam boşaltdıqdan sonra Qazaxıstanın gömrük və sərhəd xidmətinin əməkdaşları gəmiyə daxil olub sənədləri yoxlamadan keçirirlər. Bir qədər sonra gəmiyə yeni yüklər qəbul edilir. Helikopter meydanından həm təkərli yüklərin göyərtəyə necə daxil olmasını izləyir, həm də günəşin al-qırmızı rəngdə qürub etməsini arzulayırıq. Çünki dənizçi təbirincə desək, günəş batarkən ətrafının qırmızı rəngə boyanması sabah küləksiz, aydın və günəşli havaya işarədir. Yüklər gəmiyə yığılıb bitənə qədər günəşin hər tərəfi al-qırmızı rəngə boyanmışdı. Bu, təhlükəsiz və uğurlu səfərin xoş müjdəsi idi...

 

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan milli gəmiçiliyimiz

38 yük avtomobili, 1 ekskavator, 2 kran, ümumilikdə 1224 ton yük və (27 heyət üzvü, 39 sərnişin) 66 nəfərlə gəmi Azərbaycana geri qayıdır. Dünən axşam günəş qürub edərkən ətrafının al-qırmızı rəngi bu sabah gəminin yoluna sanki nur saçır. Gəminin hərəkətinə heç bir maneə yoxdur. Sanki bir rahatçılıq var. Amma kapitan Əbuzar Həsənov tez-tez naviqasiya və digər aparatlara diqqət edir, ətrafa boylanır və müxtəlif göstərişlər verir. Təcrübəli dənizçi deyir ki, çox vaxt qəzalar məhz belə sakit, aydın, günəşli havalarda baş verir: "Hər gəminin hərəkət trayektoriyası var. Belə havada dənizdə üzən bir neçə gəminin kapitan heyəti rahatlaşıb hərəkətə nəzarəti boş buraxsa, bərələrin, tankerlərin bir-birinə yaxınlaşması baş verə bilər. Bu da qəzanı qaçılmaz edər. Ona görə də bir an belə gəmini nəzarətsiz qoymaq olmaz". Məhz bunun səbəbidir ki, peşələrinə sadiq olan Azərbaycan dənizçiləri onlara göstərilən xüsusi diqqət və qayğı sayəsində ölkəmizin tranzit imkanlarının daha da şaxələndirilməsi, əlverişli nəqliyyat qovşağı kimi nüfuzunun daim yüksəlməsi üçün töhfələrini verirlər. Ümumiyyətlə, Azərbaycanda gəmiçiliyin hazırkı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə dəniz nəqliyyatı sahəsinə xüsusi diqqət göstərib. Heydər Əliyev bu sahədə çalışanların əməyini daim yüksək qiymətləndirib. Buna görə də dənizçilərimiz dahi liderin gəmiçiliyin inkişafındakı əvəzsiz xidmətlərini heç vaxt unutmur, əziz xatirəsini hər zaman uca tuturlar. Hazırda Xəzərdə üzən "Prezident Heydər Əliyev" tankeri də bu sevginin bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, bu gün milli gəmiçiliyimiz tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycan gəmiçiliyi müasir standartlara çatıb, nəhəng tankerlərimiz beynəlxalq sularda üzür. Gəmiçiliyimiz Azərbaycanın logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsində, ölkədə yaradılmış tranzit potensialından tam istifadə olunmasında, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə, həmçinin Xəzərdənkənar hövzələrdə - əsasən Qara dəniz və Aralıq dənizi hövzələrində yükdaşımalarda mühüm rol oynayır.

Asiyadan Avropaya ən qısa yol Azərbaycandan keçir

Bir gün öncə Kurık limanından yola çıxan gəmi artıq Azərbaycan sularına daxil olub. Bir qədər sonra kapitan aidiyyəti qurumlardan Ələt limanına daxil olmaq üçün icazə istəyir. Beləliklə, 2022-ci ilin mayın 5-də ilk səfərinə Qazaxıstanın Kurık limanı ilə başlayan gəmi daha bir reysini uğurla başa vurur. Uzaq Şərqdən gələn yüklər indi Azərbaycandan Avropanın müxtəlif ölkələrinə ötürüləcək. Bu, Azərbaycanın nəqliyyat-tranzit qovşağı kimi yaratdığı imkanların reallıqlarıdır. 2023-cü il ərzində "Zərifə Əliyeva" bərəsi 177 reys edib. Bu reyslərdə 207 vaqon, 6225 yük maşını, 907 minik maşını, 24 göyərtə yükü, 5864 sərnişin daşınıb. Bu səfərlər zamanı gəmiçilərimiz heç bir ciddi problemlə qarşılaşmayıblar. Biz də gəmi ilə ilk reportajımızı uğurla başa vururuq. Amma "Zərifə Əliyeva" gəmisi və onun heyəti bir neçə saatdan sonra yenidən Qazaxıstana üz tutacaq. Arzu edirik ki, bütün dənizçilər üçün günəş hər axşam qürub edərkən al-qırmızı rəngə boyansın! Həyatını mavi sulara həsr edən, ömrünün yarısını dalğalarla mübarizədə keçirən qəhrəmanlara "kil altından 7 fut təmiz dəniz" arzulayırıq... Bizim gəmi ilə reportajımız yekunlaşsa da, gəmiçiliklə işimiz bitmir. İndi yolumuz məhz "Zərifə Əliyeva" bərə-gəmisinin və onun "kiçik qardaşlarının", nəhəng tankerlərin istehsal edildiyi Gəmiqayırma Zavodunadır. Gedək görək mavi sularda üzən nəhəng gəmilərimizi necə hazırlayırlar...

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Azərbaycan-Qazaxıstan-Azərbaycan


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır