Dənizçilərin yazılmamış qanunları: fit çalma, “dovşan” demə!
Gündəlik qadağalar
Birinci yazıda dənizçilərin sirlər və qədim inanclarla dolu dünyasına səfər etdik. Məlum oldu ki, dənizin əsrarəngizliyi ilə bərabər, bəzən qəddarlığı dənizçilərin gündəlik həyatlarında müəyyən qadağalar formalaşdırıb. İndi isə dənizçilərin inancları arasında "uğursuz" sayılanlarla tanış olaq:
Göyərtədə yumurta yemək: Dənizçilər gəmidə yumurta yeməyi "uğursuzluq" əlaməti hesab edirdilər. Hətta bəzi kapitanlar gəmiyə yumurta gətirilməsinə icazə vermirdilər.
Sağ ayaqla adlamaq: Gəmiyə hər zaman sağ ayaqla daxil olmaq lazım idi. Sol ayaqla göyərtəyə qədəm basmaq bütün səfərin təhlükə altına düşməsi kimi yozulurdu.
Gəmidə fit çalmağa qadağa: “Fit çalma – fırtına qopararsan!" – bu, köhnə dənizçilər üçün sadəcə bir məsəl deyil, sağ qalma qanunu idi. Hesab olunurdu ki, fit çalmaq dəniz iblisinə meydan oxumaq və ya küləyə sataşmaqdır. Əgər fit çalırsansa, deməli, küləyi çağırırsan. Çağırırsansa, o gələcək – amma zəif meh kimi yox, qəzəbli bir qasırğa kimi!
Göyərtədə çətir açmaq: Bu, dənizçilər üçün ən mənasız, lakin ən qorxulu hərəkətlərdən biri idi. Axı, dənizin ortasında çətirə nə ehtiyac var? Onlar inanırdılar ki, çətir açmaq dənizə "həddindən artıq yağış və fırtına istəyirəm" mesajını verməkdir.

“Dovşan” sözünə qadağa: Fransız və bəzi ingilis gəmilərində “dovşan” sözünü tələffüz etmək də yasaq idi. Buna səbəb dovşanların hər şeyi, o cümlədən gəminin taxta gövdəsini və abaka (banankimilər fəsiləsindən olan bitki) liflərindən hazırlanmış ipləri (Manila kəndiri) gəmirmək qabiliyyəti idi. Dənizçilər bu “təxribatçı” məməlilərdən o qədər qorxurdular ki, hətta adlarını çəkməyi belə qadağan etmişdilər.
Tərs çevrilmiş qablar və ya çörək: Dənizçilərin məişətində hər hansı bir əşyanı (fincan, boşqab, vedrə və s.) və ya çörəyi tərs çevirmək qəti qadağan idi. Bu, gəminin alt-üst olacağına işarə sayılırdı. Əgər kimsə təsadüfən bir əşyanı tərs üzünə çevirərdisə, "bəla”nı dəf etmək üçün dərhal onu düzgün vəziyyətə gətirməli idi.

Banan qorxusu: Bu inanc XVIII əsrdə, ticarətin çiçəkləndiyi dövrdə yaranmışdı. Səbəb bananın tez xarab olması və bu zaman etilen qazı ifraz etməsi idi. Etilen qazı bananın yaxınlığındakı digər meyvə-tərəvəzləri də korlayırdı. Bundan başqa, banan salxımlarında tez-tez zəhərli hörümçəklər gizlənirdi ki, onların sancması dənizçilərin ölümü ilə nəticələnirdi. Beləliklə, bu real təhlükə zamanla bir qadağaya və inanca çevrildi.
Uğur rəmzləri
Dənizçilərin həyatında “uğursuzluğu” işarə edən inanclarla yanaşı, “uğur gətirən” rəmzlər də mühüm yer tutub.
Gəmidə pişik – uğur və müdafiə rəmzi: Qədim misirlilərdən keçmə inanc hesab etmək olar. XX əsrə qədər pişiklər gəmi heyətinin daimi üzvləri olub. Onların böyük faydası var idi - gəminin taxta gövdəsini və qida ehtiyatlarını siçovullardan qoruyurdular. Pişiklərin atmosfer təzyiqinə həssaslığı da köməyə çatırdı: dənizçilər pişiyin fırtınanı əvvəlcədən hiss etdiyinə inanırdılar. Əgər pişik özü gəmiyə gəlirdisə, bu, böyük xoşbəxtlik sayılırdı. Lakin onun gəmidən suya düşməsi gəminin mütləq batacağına işarə idi. Pişiyi incitmək isə ən böyük günahlardan biri hesab olunurdu.
Qaranquş görmək: Bu, dənizçilər üçün sahilin yaxın olması müjdəsi idi. Yelkənli gəmilər dövründə bir çox dənizçi hər 5000 dəniz mili qət etdikdən sonra bədəninə qaranquş tatuaj etdirirdi. İnanırdılar ki, bu döymə onların təcrübəsini göstərməklə yanaşı, həm də sahibinə uğur gətirir. Çünki qaranquş nə qədər uzağa uçsa da, yenə öz doğma yuvasına qayıdır.

“Suda batmaz” rəmzləri: Qaranquşla bərabər, dənizçilər arasında ayaqlarına xoruz və donuz təsvirləri vurdurmaq da geniş yayılmışdı. Bunun özünəməxsus məntiqi vardı: gəmi qəzaya uğrayanda, gəmidəki heyvanlar arasında çox vaxt yalnız donuzlar və xoruzlar sağ qalırdı. Çünki onlar taxta yeşiklərin içində saxlanırdı və bu yeşiklər suyun üzündə qalırdı. Dənizçilər bu döymələrin onları boğulmaqdan qoruyacağına inanırdılar.
Lövbər: Bəşəriyyətin ən qədim rəmzlərindən biridir. Bu simvol xristianlığın erkən dövründə geniş yayılmışdı. Lövbərin yuxarı hissəsi xaça bənzədiyi üçün onun təsvirindən “gizli xaç" simvolu kimi istifadə edilirdi. Xristianlar evlərinin divarlarında bu təsviri çəkməklə din qardaşlarına “mən də sizdənəm” kimi mesaj ötürürdülər. Yəni, bu, o dövrün insanları üçün həm dini inancın, həm də sağ qalma uğurunun rəmzi idi. Təqibə məruz qalan xristianlar belə evlərdə dincəlmək və kömək almaq şansı qazanırdılar. Nəzarətçilər ev sahibinin dənizçi olduğunu hesab edərək, sakinləri narahat etmirdilər. Minlərlə xristianın sağ qalmasına yardımçı olan lövbər sonradan məhz “təhlükəsizlik” və “ümid” rəmzi kimi dənizçilərin çətin anlarda ayaqda qalmağını təmsil etdi.

Dənizlərin “xeyirxah elçiləri” – delfinlər
Haqqında xüsusi danışılmalı olan rəmzlərdən biri isə delfindir. Qədim Yunanıstanda delfinlər tanrılarla bağlı canlılar kimi böyük hörmət sahibi idilər. Onların adları dəniz tanrısı Poseydon, günəş və müdriklik tanrısı, incəsənət hamisi Apollonla birgə çəkilirdi. Delfinlər Poseydonun müqəddəs elçiləri hesab olunurdu. Yunan mədəniyyətinin sirayət etdiyi qədim Romada isə delfinlərin ölmüş insanların ruhlarını "Xoşbəxtlər adasına" daşıdığına inanırdılar. Bu mədəniyyətlərdə bir sarsılmaz inanc var idi: delfini öldürmək bağışlanmaz günahdır.
Delfinlərin suda boğulan insanları xilas etmək və ya heyətə sahilin yolunu göstərmək kimi bacarıqları onları “himayəçi mələklər” kimi məşhurlaşdırmışdı. Tarixdə bu cür xilasetmə hadisələri sənədləşdirildiyi üçün dənizçilərin onlara rəğbəti tamamilə başadüşüləndir.

(Freska Yunanıstanın Santorini adasında yerləşən Akrotiri şəhərində tapılıb, təxminən e.ə. 1600-cü ilə aiddir.)
Əsrlər ötdükcə delfinlər hərtərəfli öyrənilmiş və elm tərəfindən təsdiqlənmişdir ki, onlar balıq deyil, yüksək intellektli dəniz məməliləridir.
Dənizdə delfinlə qarşılaşmaq uğur, təhlükəsiz səyahət və xoş hava vəd edrdi:
- Əgər delfinlər gəminin yan tərəfi ilə bərabər üzərdilərsə, bu səyahətin sakit keçəcəyinə işarə idi.
- Dənizdə delfin sürüsünü görmək dənizçinin evə sağ-salamat qayıdacağına bir “zəmanət” sayılırdı. Hesab olunurdu ki, delfinləri görən zaman tutulan arzu mütləq yerinə yetəcək.
- Delfinlərin görünməsi həm də fırtınanın yatacağına müjdə hesab olunurdu.
(davamı var...)
Sevda Abdullayeva,
ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin
aparıcı mütəxəssisi

