Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dənizdə haqq savaşı

Azərbaycan tarixinin səhifələrinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsindən otuz il keçməsinə baxmayaraq, ağrı-acısı hələ də təzədi. Bəlkə də otuz il zaman baxımından uzun görünür, əslində isə bu müddət o qədər də uzaq keçmiş sayılmaz. Sanki həmin gecə baş verən qətliamın, xalqımızın yaşadığı faciənin üzərindən heç otuz gün də keçməyib. Çünki o qanlı gecənin şahidləri bu gün də həmin hadisələri xatırlayanda eyni hissləri, duyğuları, ağrıları yaşayırlar...

Bəli, o gecə vətən övladları birlikdə olub zülmə dirənc göstərərək, əliyalın ölümün ağuşuna atıldılar. Hər kəs bacardığı qədər vətəndaşlıq borcunu yerinə yetirdi, var qüvvəsi ilə mübarizəyə qalxdı. Və bu mübarizə tək quruda yox, dənizdə də getdi. O günlər torpağın üzərində baş verənlər haqda çox danışılıb, yazılıb, nümayiş olunub. Amma Xəzərin sularında qalxan "fırtınadan”, kapitanların Vətən uğrunda apardıqları dəniz savaşından bəlkə də çox adam məlumatlı deyil.

Bakı buxtasında Sovet imperiyası ilə ölüm-dirim savaşına çıxan, hökumətə ultimatum verən, qətliamı dünya ictimaiyyətinə ilk çatdıran, informasiya blokadasını yaran, şəhərdəki qırğınların qarşısını öz etiraz aksiyaları ilə alan cəsur dənizçilərimiz oldu. Hərbi gəmilərin hərəkətinə yol verməyən, şəhidlərimizin cəsədlərini dənizə tökməyə mane olan Xəzər Dəniz Neft Donanmasının qəhrəman dənizçiləri idi. Məhz onların verdiyi "SOS!”la dünya ölkələri Sovet ordusunun Azərbaycan xalqını gülləbaran etdiyini öyrəndi...

50-dən çox ölkəyə göndərilən "SOS!”

O dənizçilərdən biri hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəisi, "Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuş Rövşən Dəmirovdur. O zaman 30 yaşı olan Rövşən Dəmirov "Neftqaz-64” gəmisinin kapitanı idi. Məhz o, ilk dəfə tarana gedib, yarım saat güllə "yağışı” altında hərbi gəmilərin qarşısını almağa cəhd edib. Otuz il əvvəl baş vermiş o dəhşətli hadisələri kapitan Rövşən Dəmirov belə nəql edir:

- Üstündən üç onillik keçib, bu gün də həmin hadisələri xatırlayanda eyni hissləri yaşayıram, elə bil yenidən o günə qayıdıram, adama pis təsir edir. Yanvarın 19-dan 20-nə keçən gecə bütün gəmilər ratsiya ilə bir-birilərinə xəbər verdilər ki, Sovet ordusu Bakıya soxulub. Mən ayın 19-u evdə idim. Kapitanı olduğum gəmi isə Zığ körpüsündə dayanmışdı. 20-si səhər saat 10 radələrində körpüyə gəldim. Gördüm kapitanlar Gülağa Məcidovla Kərəm Məmmədov qızğın söhbət edirlər. Mən də onlara qoşuldum, başladıq hadisələri müzakirə etməyə və qərara gəldik ki, susmayaq, etirazımızı bildirmək üçün gedək dəniz vağzalına. Dedim, qoy gedim gəmimin vəziyyətinə baxım. Elə gəmiyə çatmışdım Gülağa gəldi ki, "Zığ 1 körpüsünə xəbər verməyə gedirəm ki, hamı yığışsın. İstəyirik dərhal çıxaq”. Gəmini körpüdən araladım və dəniz vağzalına - Bakı buxtasına tərəf istiqamət götürdüm. Bir neçə dəqiqə sonra çönüb geriyə baxanda gördüm onlarca gəmi arxamızca gəlir. Elə yolda bütün gəmilər fit verməyə, həyəcan siqnalını aramsız, dayanmadan verməyə başladıq. "Vixr-12” gəmisi də bizə qoşuldu. Kapitanı İbrahim Salayev yaşlı kişi idi. Dedi: "Rövşən, qoy mən irəlidə gedim. Mən sizdən yaşlıyam, nəsə olsa, birinci mənə olsun”. O, irəli keçdi, ardınca mən və digər gəmilər. Təxminən 50-yə qədər gəmi ilə siqnal verə-verə Bakı Dəniz Vağzalına çatdıq, lövbəri salıb dayandıq. Etiraz əlaməti olaraq fiti də dayandırmadıq. Bakıda hər yerdə eşidilirdi. Çox vahiməli səs yayılırdı...

Sonra kapitanlar "Sabit Orucov” gəmisinə toplandılar. Bu gəmi Bakı limanının sərnişin vağzalında dayanmışdı. Elə həmin gəmi qərargah seçildi. Sahildə bütün xəbərləri dənizçilər oradan alırdılar. Müzakirələr nəticəsində qərar verdik ki, təşkilatlanaq, pərakəndə hərəkət etməyək. 7 kapitandan ibarət Kapitanlar şurası yaratdıq. Kapitanlar şurası qərara gəldi ki, siqnalı gündüz hər yarım saatdan, gecə hər saatdan bir 5 dəqiqə verək, "SOS” mətni və tələbnamə hazırlayaq. Dənizçilərimiz 5 müddəadan ibarət tələbnamə qəbul edib Sov. İKP Baş katibi M.S.Qorbaçovun, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, SSRİ Ali Sovetinin deputatı neftçi Qurban Abbasovun və Bakının hərbi komendantının ünvanına göndərdilər. Tələbnamədə qeyd olunmuşdu ki, qoşunu Bakıdan çıxarmasanız, Qara şəhəri yandıracağıq. Axşam isə "SOS” mətni oxundu və təsdiqləndi. Amma "SOS”un verilməsində çətinlik yarandı. Radistlərin əksəriyyəti radioqram verməyə çəkinirdi. Axırda "Vixr-12” gəmisinin radisti, milliyyətcə rus olan, adının gizli saxlanmasını istəyən bakılı gənc bu işi öz boynuna götürdü. Saat 22:00-da ilk "SOS” verildi və 4 dəfə təkrarlandı. Artıq saat 24:00-da bütün dünya "SOS”un mətni ilə tanış olmuşdu... Əvvəl Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən cavab gəldi ki, radioqramı aldıq, sizi dəstəkləyirik. Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər. Artıq bizim də etiraza qoşulan gəmilərimizin sayı 120-yə çatmışdı.

"Tarana gedib gəminin birini arxadan vurduq”

- Biz Bakıda baş verən bütün hadisələri, xəbərləri ratsiya ilə bir-birimizə ötürürdük. Gəmilər radiotelefonla idarə edilirdi. Bütün danışıqlarımıza hərbçilər də qulaq asıb, maqnitofona köçürürdülər. Hərbi dənizçilər arasında yüksək vəzifəli ermənilər də var idi. Onlar hər dəqiqə bizi hərbi dənizçilərlə üzbəüz qoymağa çalışırdılar. Hərdən bizimlə telefon əlaqəsinə girir, çaşdırıcı suallar verirdilər. Olduqca ağır vəziyyət idi. Bir onu bilirəm ki, ordunun vəhşiliyi qaranlıqda dənizdən çox aydın görünürdü. Bu çətin gündə bir araya gələ bilməyimiz qürurvericidir. Dənizçilər bir daha öz həmrəyliyini, vətənpərvərliklərini sübut etmişdilər. Başqa cür də ola bilməzdi.

Yanvarın 21-i radiostansiyadan eşitdik ki, hərbiçilər şəhidlərimizin meyitlərini gəmiyə yükləyib dənizə atmağa aparırlar. Axşam saat 19:00 olardı. Gördük hərbi gəmilərin indiki Bayraq meydanının ərazisində yerləşən bazasından 2 gəmi çıxır. Fikirləşdik ki, yəqin meyitləri elə bu gəmilərə yükləyiblər. Tez gəmini işə salıb həmin istiqamətə yan aldım. Gəmidə ikicə nəfərdik - mən və baş köməkçim Səlahət Axundov. Gəmilərin qarşılarını kəsmək istəyirdik. Gördük hərəkət işıqlarını yandırmayıblar. Bütün işıqları söndürülüb, amma hərəkət edirlər. Əvvəl projektorla işarə verdik ki, saxlasınlar, amma saxlamadılar. Biz də dayanmadıq. Heç fikirləşib narahat da olmurduq ki, birdən bizi atəşə tutarlar, nəsə baş verər. Şəhərdəki qətliamdan, camaatın başına gətirdikləri faciədən o qədər qəzəblənmişdik ki, gözümüz heç nə görmürdü. Fikrimiz o idi ki, gəmilərin qarşısını kəsək, birini vurub batıraq. Tarana gedib gəminin birini arxadan vurduq. Sən demə, bir torpedo daşıyan hərbi gəmi də bunları müşayiət edirmiş. Biz onu görmürdük. Elə bu anda bizi atəşə tutdular. Özü də avtomatla yox, pulemyotla, işıqsaçan güllələrlə. Bizim gəminin gövdəsinin qalınlığı bir santimetrə qədər idi. Onu adi avtomat gülləsi deşmirdi. Hərəkəti dayandırmadıq. Sükanı qoymuşduq sağ tərəfə, gəmi yerində dairəvi dönürdü. Atəş də dayanmırdı, elə bil dolu yağırdı. Gəminin irəli və yan tərəfləri qalın şüşədir. Güllə dəyəndə şüşə qırılmırdı. Amma çatlayır və rəngi süd rənginə çevrilirdi. Bir salamat şüşə qalmamışdı. Sanki içərini duman bürümüşdü, heç nə görmürdük. Gəmi nisbətən hündür olduğu üçün aşağıda atılan güllə bizə dəymirdi. Biz gəminin idarə mərkəzindən aralı dayanmışdıq. Yanımızdan keçib divara, tavana dəyirdi. Divar saatına güllə dəymişdi. Elə həmin anda dayanmışdı - 19:45-də. Deməli, hardasa yarım saat dayanmadan gəmini güllələdilər. Gördük yox, bunlar əl çəkməyəcəklər gəminin iki qırmızı dairəvi qəza işığını yandırdıq. Bu o deməkdir ki, artıq gəmi saya oturub. İşıqları yandıran kimi atəş səsi də dayandı. Təəccübləndik. Elə bildilər gəmi batır, çıxıb getdilər. Gülağa Məcidov atəş səslərini eşidəndə bizim ardımızca hərəkət edib. Onu da görəndə atəş açdılar. Güllə gəminin pəncərəsini deşmişdi. Amma artıq gec idi, gəmilərin qarşısını almaq mümkün olmadı. Üzüb getdilər. Və öyrənə bilmədik ki, o gecə iki gəmidə nə apardılar...

"Sahildən və dənizdən gəmilərimizə hücum etdilər”

- Qayıtdıq dəniz vağzalına, körpüyə yan aldıq. Gördülər gəmidə salamat yer qalmayıb. Səhəri gün kinostudiyadan çəkiliş heyəti gəlib, sənədli xronika üçün gəmini lentə aldılar. Onda mindən artıq güllə yeri tapdılar. Qismətə bax ki, mindən çox güllədən heç biri bizə dəyməmişdi. Sonradan gəmi bir neçə dəfə təmir olundu, bütün şüşələrini dəyişdirdilər. Amma həmin güllə izləri "Neftqaz-64”-də indi də qalır. Sadəcə gövdəsinə qurğuşun vurub rəngləmişik. Rəngi qoparsaq, o izləri görmək olar...

O gündən sonra hadisələr daha da gərginləşdi. Kapitanlar şurasının üzvləri SSRİ müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini Sidorovla, SSRİ-nin müdafiə naziri Dmitri Yazovla görüşdülər. Kapitanlar görüşlərdə də bildirdilər ki, qoşunları Bakıdan çıxarmasınız, Qara şəhəri yandıracağıq. Yazov isə hiddətlə əmr vermişdi ki, yanvarın 23-də buxtada bircə gəmi də qalmasın. Əks təqdirdə saat 16:00-da bütün gəmilərə hücum ediləcək. Hədə-qorxuya baxmayaraq, heç bir kapitan sözündən dönmədi. Elə Yazov da dediyi kimi etdi. Sahildən tanklar, toplar, pulemyotlarla, dənizdən hərbi katerlərlə, havadan vertolyotlarla gəmilərimizə hücum etdilər. Gəmilərimizə minlərlə güllə çırpıldı, alova büründü. Sonda qayıtdıq öz bazamıza.

Yanvarın 29-u və 30-u bütün gəmiləri yoxlayıb baxış keçirdilər. İki gün dalğıclar mənim gəmimin altını yoxladılar. Onda bildik ki, sən demə, ayın 21-i bizə atəş açdıqları vaxt gəmini batırmaq üçün torpedo buraxıblar. Sadəcə, gəmi dairəvi hərəkət etdiyi üçün torpedodan yayınıb. Biz qəza işığını yandıranda isə elə biliblər ki, gəmi deşildiyi üçün işığı yandırmışıq.

100-dən artıq dənizçini - kapitan və köməkçiləri həbs etdilər. Onların yarısı bir ay Orenburq və Ulyanovskidə həbsdə qaldı. Həbsdən yayına bilən kapitanlar da oldu. Onlardan biri də mən idim. Bir nəfər xəbər verdi ki, hərbçilər gəlir, çıxın gedin evinizə, ağına-bozuna baxmayıb hamını həbs edəcəklər. Etiraz lazım idi, onu elədim, tarana getdim, amma oturub həbs olunmağımızı gözləmək yersiz olardı. Mən, Kərəm Məmmədov və bir neçə kapitan gəmidən çıxıb getdik. Bizi tapa bilmədilər, beləcə, həbsdən yayındıq...

Hesab edirəm ki, o dəniz savaşında hərbi gəmilərlə döyüşdən bizim gəmilər qalib çıxdı. Vuruşmağa silahımız yox idi, amma qorxmadan etirazımızı bildirdik, rejim qarşısında susmadıq, əyilmədik. Sovet hökumətinə bəyanat, ultimatum verdik. Gəmilərin qarşısını kəsmək cəhdimiz onlarda qorxu yaratdı ki, deməli, bizimlə bu dildə danışmaq olmaz. Ondan sonra eşitdik ki, qoşunların bir hissəsi şəhərdən çıxarıldı, əsgərlər dəyişdirildi. Məsələnin ciddiyyətinin fərqinə varmasaydıq, o boyda SSRİ-nin müdafiə naziri kapitanları görüşə çağırmazdı. Bəlkə də növbəti qırğınların qarşısını alan gəmi kapitanlarının bu cəsarəti, dönməzliyi oldu. O vaxt dənizçilərin göstərdiyi şücaət əslində qiymətsizdi. İndi bəzən ağız büzürlər ki, gəmilər nə iş görüb, dayanıb siqnal veriblər də... Amma dünyada belə bir hadisə olmayıb - mülki donanma hərbi gəminin qarşısını kəssin, hökumətə təsir göstərsin, etiraz səsini ucaltsın. Bu, başqa ölkədə olsaydı, o dənizçilər haqqında film çəkib, bütün dünyaya yayardılar. Başqa ölkənin dənizçiləri belə bir rəşadət göstərsəydilər, indi dünya bu qəhrəmanlıqdan danışardı. Amma bizdə susurlar, üstəlik bəzən bunu mərdlik kimi yox, səthi bir məqam kimi təqdim etməyə çalışırlar. Bu da bizi incidir. Ölkənin o ağır günlərində 120 kapitanın birlik olub dəniz döyüşünə çıxması elə əsl mərdlik idi.

Bu, 20 Yanvar qətliamının şahidlərindən, dənizdə haqq savaşına çıxan 120 kapitandan biri idi. O kapitanlar ki, qaranlıq ümmanda yaşanan təlatümlərə sinə gərərək gəmilərinin sükanını azadlıq yoluna doğru çevirdilər və 70 illik bir istibdadın buxovlarını qıraraq, Azərbaycanın müstəqillik "sahilində” əbədi lövbər saldılar...

 (Ardı var)

Xəyalə MURADLI,

"Azərbaycan”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır