Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Əl ilə görüşmək və ya qucaqlaşmaq adətimizin üstündən birdəfəlik xətt çəkməliyik

Bütün dünya, hətta supergüclər belə koronavirus pandemiyasının ağır fəsadlarını yaşayırlar. Dünyanın bir parçası olduğundan Azərbaycanın da bu bəladan yayınması mümkün deyil. Yeganə doğru yol bütün imkanları səfərbər edib daha çox vətəndaşımızın virusa yoluxmasının qarşısını almaq, vəziyyətdən daha az itkilərlə çıxmaqdır.

ABŞ-ın Milli allergiya və yoluxucu xəstəliklər institutunun direktoru, ABŞ Prezidentinin koronavirusla mübarizə üzrə baş müşaviri doktor Entoni Fauçi “Wall Street Journal” nəşrinə müsahibəsində bildirib ki, amerikalılar bir-birinin əlini sıxmağı yaddan çıxarmalıdırlar.  

Mənə elə gəlir ki, təkcə amerikalılar əl sıxmağı unutmamalıdırlar. Yeni koronavirus epidemiyası ölkəmizdə də deyəsən, artıq insanları əllərini tez-tez yumağa, dezinfeksiya etməyə, üzlərinə daha az toxunmağa vərdiş etməyi öyrədib. Ancaq bununla iş düzəlməyəcək.  Fikrimcə, karantinlə bağlı ölkədə sosial məsafə saxlamaq üzrə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra biz də bəzi  adət və ya vərdişlərimizə qayıtmağa tələsməməliyik. Görüşüb-öpüşməyin indiki dövrdə hansı risklərə yol açdığını nəzərə alsaq, onda belə zərərli  adətimizin üstündən birdəfəlik xətt çəkmək təklifimdən başda doğmalarım olmaqla, kimsə inciməməlidir.

Bir-birimizə hörmətimizi, sevgimizi təkcə əl sıxmaqla, qucaqlaşıb-öpüşməklə sübuta yetirməməliyik. Əl ilə görüşməmək, çoxdan görmədiyin doğmalarla, dostlarla, tanışlarla rastlaşarkən qucaqlaşmamaq ölkəmizdə həm də bir çox xəstəliklərin, mövsümi qripə yoluxmaların sayını əhəmiyyətli dərəcədə azaldardı.

Görəsən amerikalılar cəmiyyətin sosial və mədəni normalarını dəyişərək bir-biri ilə əl sıxaraq görüşməyi dayandıracaqlarmı? Özləri bilərlər. Mən isə, xəstəliyin yayılmasının qarşısını almaq üçün dövlətimizin nə qədər güc və vəsait sərf etdiyini, əlaqədar qurumların nə qədər  əziyyət çəkdiklərini hər gün görürəm. Üstəlik, əhalinin karantin rejiminin tələblərinə ciddi əməl etməməsindən yaranan çətinliklər...

Azərbaycan bütün imkanları səfərbər etdi ki, hətta supergüclərin məruz qaldığı ağır fəsadlardan yan keçsin, vəziyyətdən az itkilərlə çıxsın. Virusa yoluxanların immun sistemindən də çox şey asılı olduğundan, tibb işçilərimizin bütün fədakarlıqlarına baxmayaraq, heç də sonda onların üzü həmişə gülmür.

Amma özünü yoluxmadan qorumaq xəstələnib müalicə olunmaqdan daha asandırsa,  çox istərdim ki, əl sıxmaqla görüşmək, qucaqlaşmaq kimi adətimizi birdəfəlik tarixin arxivinə göndərək.

Zərər görürüksə, niyə də yox?!

Rasif  TAHİROV

"Dəniz" qəzetinin Baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır