Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycanın rolu

Bu gün mayın 9-dur. Xeyr, əslində 9 Maydır! İkinci Dünya müharibəsinə son qoyulduğu, faşizm üzərində Qələbənin çalındığı TARİXİ GÜNdür və təqvimdə rəngi qırmızıdır. Eyniliklə müharibədə fəda olmuş Vətən övladlarının qanı kimi… Çünki müharibə mübahisə deyil, burada sözlə yox, silahla vuruşurlar və Qələbə qurban tələb edir.

İkinci Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsi dövründə (1941–1945-ci illər) Sovet İttifaqında elə ailə olmazdı ki, cəbhəyə cəlb olunmasın. Kimi ön cəbhədə döyüşərək, kimi də arxa cəbhədə gecə-gündüz işləyərək Qələbə naminə əzmkarlıq göstərib. Məhz həmin fədakarların birgə səyi ilə düşmən məğlub edilib.

Bu il milyonlarla insanın taleyini, dünyanın tarixini və xəritəsini dəyişmiş həmin  gündən 75 il ötür. Sovet İttifaqı adlanan dövlət artıq tarixə çevrilib. Ancaq faşizm üzərində çalınan Böyük Qələbə yaddaşlardan silinməyib.   Amansız müharibənin şahidləri nə qədər ağrılı-acılı olsa belə, Qələbənin şirinliyini də gələcək nəsillərə ötürə biliblər.

 

Gəlin biz də birlikdə “Mühərriklər müharibəsi”ndə Qələbənin qazanılmasında Azərbaycanın böyük və əvəzedilməz xidmətlərini və xalqımızın igid oğul-qızlarının fəaliyyətini bir daha yada salaq, bildiklərimizi təkcə bir-birimizlə deyil, Azərbaycan hüdudlarından kənarda yaşayanlarla da bölüşək. Çünki keçmiş İttifaq məkanında yaşayan əhali istisna olmaqla,  müasir dünyada az adam bilir ki, Azərbaycan nefti olmasaydı, çətin ki, faşist Almaniyası üzərində Qələbə çalınardı.

Ümumilli Liderimiz Heydər Əliyev deyirdi: “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur… Azərbaycan xalqının tarixi xidmətlərini və böyük rolunu olduğu kimi bütün tamlığı ilə dünya ictimaiyyətinə çatdırmaq respublika ictimaiyyətinin, mətbuatının və ziyalılarının vətəndaşlıq borcudur.”

Təkcə neft?

Böyük Vətən müharibəsinin  başladığı ilk gündən  Azərbaycanda da iqtisadiyyat  “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında müharibə dövrünün tələblərinə uyğunlaşdırılmış, ölkədə ümumi səfərbərlik elan olunmuşdu.

 

Neft diyarının sakinləri olaraq müharibədə  neftin əhəmiyyətini hər birimiz çox gözəl bilirik və  bu məsələyə hələ qayıdacağıq. Lakin həmin dövrdə  Azərbaycan təkcə Qələbə nefti hasil etməklə kifayətlənməyib.  Respublikamızın Qələbəyə verdiyi  böyük töhfəni təsəvvür etmək üçün  statistik göstəricilərlə tanış olaq:

Azərbaycandan orduya 700 minə qədər adam səfərbər edilib, bunun  11 minindən çoxu qadın olub. Müharibədə yarıdan çoxu həlak olub.

Krımın, Ukrayna və Litvanın azad edilməsində fərqləndiyinə görə “Simferopol” diviziyası fəxri adını almış 77-ci, Qafqaz uğrunda döyüşlərdə heyətinin böyük hissəsini itirmiş 402-ci (sonradan 416-cı diviziya ilə birləşdirilib),  “Belqrad” diviziyası fəxri adı ilə tanınmış  223-cü,  Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmiş 271-ci və  Şimalı Qafqazın azad edilməsində böyük rol oynamış,  “Taqanroq” diviziyası fəxri adını almış, 1945-ci ildə Berlinə ilk daxil olmuş hərbi hissələrdən biri - 416-cı  diviziya Azərbaycanın milli diviziyaları olub.

Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Nasir Abdullayev, Məmməd Bağırov və bu məqalə hüdudunda adlarını çəkə bilmədiyim bir çox qəhrəman Azərbaycan oğulları partizan hərəkatına qoşularaq igidlik göstəriblər. 

43 nəfər milliyyətcə azərbaycanlı ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı fəxri adına, 400 mindən yuxarı Azərbaycan vətəndaşı orden və medallara layiq görülüb.

Bakı müharibə dövründə əsl cəbbəxanaya çevrilib. 130 adda silah-sursat, o cümlədən “Katyuşa” adlı yaylım atəşi açan reaktiv sistemlər Bakıda hazırlanıb. Xəzər Dəniz Gəmişiliyinin gəmi təmiri zavodları da bu işdə yaxından iştirak edib. Tanınmış muğam ustamız, ölməz Hacıbaba Hüseynov da yeniyetmə yaşında Paris Kommunası adına zavodda işləyib.

Bakının xəstəxana və sanatoriyalarında 1,5 milyondan artıq döyüşçü  müalicə olunub. Həmin döyüşçülərdən bir çoxu müharibədən sonra  Bakıya yaşamağa gəlib və bu, danılmaz faktdır.  Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışan görkəmli cərrah Mustafa Topçubaşov həmin dövrdə SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub. Onun təklifi hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib. Müharibə illərində Azərbaycanda donorların sayı 11,5 dəfə artıb. Bu, Şimalı Qafqaz cəbhəsinin hərbi-sanitar müəssisələrini arasıkəsilmədən konservləşdirilmiş qanla təmin etməyə imkan verib. 

Kimya müəssisələrində 26 növ yandırıcı və partlayıcı kimyəvi birləşmə, 9 növ aviasiya və 8 növ dizel yanacağı istehsal olunub, yanğın əleyhinə inventar və avadanlıqlar hazırlanıb. Geyimləri oddan qorumaq üçün xüsusi hopdurucu maddə istehsal edilib. Azərbaycanlı gənc kimyaçı alim Yusif Məmmədəliyev aviasiya üçün yüksək oktanlı təyyarə benzini hazırlayıb, alman tanklarının qəniminə çevrilmiş “Molotov kokteyli” adı ilə tanınan sadə, lakin qorxulu  silahın hazırlanmasını təmin edib.

Dəmir email zavodları cəbhə üçün müxtəlif növ əmtəə (soba, qoşqu nəqliyyatı üçün detallar və sairə) hazırlayıb.

Azərbaycanın yüngül sənaye müəssisələrində əhalinin təhvil verdiyi yundan 160 min  cüt əlcək və corab toxunub. Bu, 8 diviziyanın təmin edilməsi deməkdir. Bundan əlavə, həmin müəssisələr cəbhə üçün 30 adda müxtəlif geyim növləri tikib.

Bakının mebel fabrikləri qoşun hissələri üçün arabalar istehsal edib.

Azərbaycan kolxozçuları 1941–1945-ci illərdə ordunu müntəzəm olaraq çörək, mal-qara və digər kənd təsərrüfatı malları ilə təchiz ediblər. 

Əmək qabiliyyətli insanlar əsasən orduda və strateji əhəmiyyətli neft sənayesinə cəlb olunduğundan, Azərbaycanda 260 min evdar qadın, təqaüdçü və yeniyetmə adıçəkilən istehsal sahələrində işə cəlb edilib. Onların iş günü 10-12 saat olub.

Arxa cəbhədə çalışanları  cəbhədə hər an həyatlarını itirmək təhlükəsi ilə qarşılaşan döyüşçülərlə müqayisə etmək fikrindən uzağam. Lakin  arxa cəbhədə çalışanların  da fədakarlığını yaddan  çıxarmaq olmaz.  Hər kəs öz sahəsində, sözün həqiqi mənasında, bütün qüvvəsini səfərbər edərək  Qələbəni yaxınlaşdırmağa çalışıb.

Azərbaycan vətəndaşları Müdafiə Fonduna 15,5 kq qızıl, 900 kq gümüş, 295 milyon manat pul ianə ediblər. Əlavə olaraq tank kolonnaları üçün 175 milyon manat pul köçürüblər. Hədiyyə olaraq döyüşçülər üçün cəbhəyə 1,6 milyon müxtəlif əmtəə, 125 vaqon isti paltar göndəriblər.

Azərbaycan nefti olmasaydı

Müharibə dövründə SSRİ-nin neft sənayesi üzrə xalq kommisarı olmuş Nikolay Baybakov özünün “Qırx il hökumətdə” kitabında yazır ki, Stalin 1944-cü ildə onunla söhbət əsnasında belə deyib: ”Biz həm tankları, həm təyyarələri, həm də maşınları yaratdıq. Bizdə çoxlu qənimət götürülmüş texnika da var. Lakin neft, benzin, dizel yanacağı olmasa, onlar hərəkətsiz qalacaq. Neft – hərbi texnikanın canıdır, mən isə əlavə edərdim ki, bütün iqtisadiyyatın da.”  

Neft müharibənin qanı sayılırdı. Həmin dövrdə Sovet İttifaqı üzrə 80, dünya üzrə isə neft hasılatının  50 %-i məhz  Azərbaycanın payına düşürdü. Aydındır ki, Bakı nefti olmasaydı, Qələbə də olmazdı.

 

Respublikamız 1941–1945-ci illərdə  İttifaq fonduna 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərmişdi. Sovet İttifaqının Marşalı Georgi Jukov öz xatirələrində yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün  nə qədər lazımdırsa, o qədər də yanacaq verirdilər.”                                 

Lend-liz yüklərinin daşınması

Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti  dolğun işıqlandırılıb.

Tonnajın, təmir  vasitələrinin,  ixtisaslı kadrların kəskin çatışmadığı, mürəkkəb şəraitdə həllini təxirəsalınmadan tələb edən  məsələlərin artdığı, gəmilərin tez-tez aviahəmlələrə məruz qaldığı bir vaxtda belə, Xəzər dənizçilərinin istənilən hava şəraitində səfərə çıxaraq cəbhəni arasıkəsilmədən yanacaqla və silah-sursatla təmin etdikləri, hərbi hissələri, yaralıları, təxliyyə olunmuş əhalini və s. daşıdıqları barədə ətraflı yazılıb.     

Müharibə dövründə Azərbaycanın tranzit imkanlarından da geniş istifadə olunub. Dənizçilər bu işdə də fəal iştirak ediblər.

SSRİ üçün müttəfiqləri İrana lend-liz yükləri göndərirdilər. Yüklər İranın cənub limanlarına gəmilərlə gətirilirdi. Buradan  onları dəmir yolu vasitəsi ilə SSRİ-yə göndərmək nəzərdə tutulurdu. Lakin dəmir yolunun yükaşırma imkanı çox zəif olduğundan, alternativ marşrutlar axtarmaq lazım gəlir. Aşıralacaq yüklərin həcmini və buna sərf ediləcək vaxtı hesabladıqdan sonra belə qənaətə gəlinir ki, lend-liz yükləri gəmilərlə Bakıya, Bakıdan isə lazımi ünvanlara daşınsın.

Bundan sonra həm dənizçilərin, həm də Bakı liman işçilərinin işi daha da ağırlaşmışdı. İş həcminin nə dərəcədə artdığını təsəvvür etmək üçün rəqəmlərə nəzər salaq: Bakı limanı 1940-cı ildə İrandan 47,5 mln.ton yük qəbul edib, 1941-ci ildə isə bu rəqəm 75,5, 1943-cü ildə isə artıq 385,5 mln.ton olub. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Bütün bunları bilmək və bildiklərimizi gənc nəslə ötürmək vacibdir. Ona görə vacibdir ki, onlar da Azərbaycanın Böyük Vətən müharibəsində rolu və xalqımızın xidmətləri barədə məlumatlı olsunlar, hər imkandan yararlanıb ölkəmizi təbliğ edə bilsinlər.

Sevda Abdullayeva

İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır