Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Qədim dünyanın mahir dənizçiləri – Finikiyalılar - II HİSSƏ

 

Qədim dünyanın mahir dənizçiləri – Finikiyalılar - I HİSSƏ

Dəniz təkcə finikiyalıların təhlükəsizliyini deyil, həm də cəh-cəlallı dolanışığını təmin edib.

Coğrafi baxımdan əlverişli mövqeyə və əla körfəzlərə sahib olması Finikiyanı qədim dünyanın ticarət mərkəzlərindən birinə çevirib. Ticarət isə – Amerikanın görkəmli siyasi xadimi Bencamin Franklinin dediyinə görə, – hələ heç bir xalqı müflis etməyib.

Yerli körfəzlərə daim Ön Asiyadan, Misirdən müxtəlif yüklərlə dolu gəmilər daxil olub. Bazarlarda fəal əmtəə mübadiləsi aparılıb. Mahir sənətkarlar olan finikiyalıların hazırladıqları  ən tələbkar zövqü oxşaya biləcək mallara böyük tələbat olub.

 

 

Bilirsinizmi?

Finikiyalılar molyusklardan çox qiymətli fırfır (purpur) – bənövşəyi çalarlı qırmızı boya əldə etmək üsulunu tapıblar.  Böyük pullar gətirən boyanın hazırlanma texnologiyasını isə ciddi-cəhdlə gizli saxlayıblar.

 


 Fırfırla boyadılmış yun parçanın fraqmenti. Masad qalasında tapılıb, təxminən  e.ə. I əsr. Foto C. Cooksey, 2013. “Tyrian purple: the first four thousand years” məqaləsindən götürülüb.

İstehsalının mürəkkəbliyi ilə bərabər, hasil edilən boyanın miqdarının azlığı və solmazlıq kimi xüsusiyyəti fırfırın həddən artıq bahalığına səbəb olub. Boyaqçılar fırfırın miqdarını artırıb-azaltmaqla parçaları açıq-çəhrayıdan tünd-bənövşəyiyə qədər bütün mümkün çalarlarda rəngləyə biliblər. Parçalar boyadıldıqdan sonra rənglərinin şuxluğu və xüsusi parlaqlığı ilə seçildiyi kimi qiymətdə də bahalığı ilə fərqləndiyindən, alıcıları yalnız say-seçmə zadəganlar olub.

 

Qay Yuli Sezar al-qırmızı toqada

Qədim Misir papiruslarından, habelə Böyük Pilininin qeydlərindən məlum olur ki, eramızdan əvvəl 1600-cü ildə artıq boya istehsal edilirmiş. Fırfırın hazırlanması və parçaların boyadılması  əsasən Tir və Sidon şəhərlərində həyata keçirilib.  Tirdə hazırlanan parçalar daha yüksək keyfiyyətli və gözəl olduqları üçün onlara xüsusi üstünlük verilib və sözün həqiqi mənasında qızıl qiymətinə satılıb.

 

 

 

Zərif parçalar, qiymətli zinət əşyaları, əla silahlar... Yerli sənətkarların hazırladıqları malların keyfiyyət və çeşid baxımından istənilən ölkə bazarında alıcı zövqünü oxşaya biləcəyindən əmin olan finikiyalı tacirlər təkcə daxili bazarla kifayətlənməyib, ticari münasibətləri genişləndirmək məqsədi ilə gəmilərlə səfərlərə çıxıblar. Buna görə finikiyalılar dəniz ticarət gəmiçiliyinin baniləri hesab olunurlar.

Nikbinlərə yol verin

Qədim dövrdə dəniz səfərləri həddən artıq təhlükəli sayılırdı. İlk dənizçilər sahildən çox uzaqlaşmağa qorxurdular. Səfərlər əsasən sahilboyu  olurdu. Dağlıq ərazidə yol salmaq çətin və baha başa gəldiyindən, finikiyalılar belə dəniz səfərlərinə daha tez-tez çıxırdılar. Bundan əlavə, finikiyalılar balıqçılıqla da fəal məşğul olub, bu məqsədlə yastıdibli qayıqlardan istifadə edirdilər. Fəaliyyətləri dənizlə sıx bağlı olan finikiyalılar üzmə vasitələrinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirdilər. Qeyd etmək lazımdır ki, bunun üçün ölkədə kifayət qədər və çox əla keyfiyyətdə material vardı – məşhur Livan sidrləri.

Bilirsinizmi?

Livan sidri özəl xüsusiyyələrinə görə qədim sivilizasiyanın bütün dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Belə ki, sidr həşərat və göbələklərin  dağıdıcı təsirinə məruz qalmayan möhkəm oduncağa malik olmasına baxmayaraq, çox rahat emal edilib. Odur ki, məbəd və sarayların tikintisində, gəmiqayırmada və ev əşyalarının hazırlanmasında geniş istifadə olunub. Tarixçi Böyük Pilininin yazdığına görə sidr meşəliklərində hündürlüyü 40 metrə çatan nəhənglər çoxluq təşkil edib. Bu, finikiyalılara o dövr üçün böyük – 30 metrədək uzunluğu olan gəmilər inşa etməyə imkan verib.

Sidr finikiyalılar üçün həm də böyük gəlir mənbəyi olub. Qonşu dövlətlərdə, məsələn, qədim Misirdə gövdələri tir üçün yararlı olmayan palma və akasiya ağacları bitdiyindən, misirlilər meşə materiallarını finikiyalılardan alıblar. Onlar gəmini inşa edərkən baha qiymətə aldıqları sidrdən ancaq gəminin gövdəsini və sükan kimi istifadə edilən böyük avarları hazırlayırdılar. Gəminin qalan hissələri isə yerli materialdan – akasiyadan düzəldilirdi.

Gəmilər və ya böyük qayıqlar yalnız fironlar və o cümlədən, xüsusi ayin və mərasimlərin keçirilməsi  üçün tam olaraq sidrdən hazırlanırdı. Məsələn, firon öldükdən sonra mərhumun axirət dünyasında günəş tanrısı Ra ilə birlikdə göy üzündə seyrə çıxacağı nəzərə alınaraq, ehramına mütləq surətdə sidrdən hazırlanmış böyük qayıq qoyulurdu. Hesab edilirdi ki, günəş  tanrısı da ancaq sidri bəyənir.

  

Günəş qayığı”nın (uzunluğu 43,3m, eni 5,6 m)  fotosu.

Fotonun müəllifi: Berthold Werner.

Ağacın oduncağı xoş ətirli olduğundan, fironların və yüksəkvəzifəli məmurların sarkofaqları da bu materialdan düzəldilib. Mərhumların mumiyalanmasında da sidrin qətran və qozalarının yağından geniş istifadə olunub. Gövdəsinin qabığı cüzama mübtəla olmuş xəstələrin müalicəsində tətbiq edilib və hətta, oduncağının kəpəyi də həşaratlardan qorunmaq üçün evlərdə döşəmələrə səpilib. 

 

Foto Misirin Antik İşlər Nazirliyinə məxsusdur. 2019-cu il 

Təəssüflər olsun ki, meşələrin yüzilliklərlə qırılması sidrə təsirsiz ötüşməyib.  Livanın rəmzi kimi müasir dövlətin bayrağında əksini tapmış sidr ağacına indi relikt meşələrdə deyil, mühafizəsi təmin edilən qoruqlarda rast gəlmək mümkündür. Özü də buradakı sidrlər  ən yaxşı halda 25 metrədək yüksəlmiş ağaclardır ki, onların böyüməsi üçün hələ çox vaxt lazım olacaq.

 

(ardı var)

 Sevda Abdullayeva

İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır