Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dənizçi rəssam – Nizami Məmmədov

Nizami Məmmədtağı oğlu Məmmədov haqqında adlı-sanlı uzaq səfərlər kapitanı olan böyük qardaşı Cabir Məmmədov barədə məqalə yazarkən eşitmişdim. Müsahiblərim onun ünvanına “Yaxşı insan”, “Gözəl ailə başçısı”, “Etibarlı dost”, “Dənizçi rəssam”, “Zarafatcıl yoldaş”, “Təvazökar işçi” ... kimi epitetləri dilə gətirmişdilər. Odur ki, ürəyimdə belə məziyyətlərə malik olan insanı daha yaxından tanımaq istəyi yaranmışdı.

Bu məqaləni dünən – onun rəhmətə getdiyi 8 fevral tarixində dərc etdirmək istəyirdim. Lakin sonra fikrimdən döndüm. Rəhmətə getdiyi tarixi deyil, anadan olan tarixi seçdim. Axı yaxşı insanlar ölmür, sadəcə dünyalarını dəyişirlər...

Nizami Məmmədtağı oğlu Məmmədov 1949-cu il fevralın 9-da Bakıda anadan olub. Orta təhsilini Azərbaycanın maarif salnaməsinə parlaq səhifələr yazmış məşhur Sona xanım Tağıyevanın rəhbərlik etdiyi  190 nömrəli məktəbdə alıb. Məktəbdə oxuduğu illərdə yaxşı əl qabiliyyəti olduğu üçün divar qəzetlərinin tərtibatı ona tapşırıldığından rəssamlığa həvəsi yaranıb. Bu həvəs Nizamini rəssam olmağa sövq etsə də, böyük qardaşlarının – Cabir və Davudun öz seçdikləri dənizçi peşəsi haqqında maraqlı söhbətləri onu bu fikirdən daşındırıb. O, 1966-cı ildə sənədlərini Bakı dənizçilik məktəbinə verib. 1969-cu ildə bu təhsil ocağını “Texnik-gəmi sürücüsü” ixtisası üzrə bitirərək Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasında əmək fəaliyyətinə başlayıb. 

Gənc Nizami altı ay “Ural” quru yük gəmisində matros kimi çalışıb və yalnız bundan sonra onu həmin dövrün qaydalarına müvafiq olaraq komandir heyətinə keçiriblər. Nizami Məmmədov  “Vulkan” gəmisində kapitanın 3-cü köməkçisi işləməyə başlayıb. 1977-ci ildə kapitanın 2-ci köməkçisi vəzifəsinə təyin edilib.

Gəmiçiliyin rəhbərliyi gənc kadrın səy və əzmkarlığını, tərbiyə və intizamını, habelə Şərq dillərinə marağını qiymətləndirərək onu  1977-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Asiya və Afrika Ölkələri İnstitutuna göndərib. Burada Nizami Məmmədov “Fars dili” üzrə xüsusi fakültəni “yaxşı” qiymətlə bitirib.

Bakıya qayıtdıqdan sonra Gəmiçiliyin nəqliyyat donanmasında kapitanın 2-ci köməkçisi kimi fəaliyyətini davam etdirib.

Burada haqlı olaraq sual yaranır: necə olub ki, Nizami Məmmədov  kimi peşəkar belə nüfuzlu təhsil ocağını bitirdikdən sonra xarici ölkələrdə işləməyib?

Sualımı Nizami Məmmədovu sözdə deyil, bilavasitə işdə tanıyan Nəzakət xanım Pənahovaya verirəm. Nəzakət xanım keçən əsrin 80-cı illərində Təsərrüfat hesabı ilə istismarda olan gəmilər qrupunun rəisi işləyib.  N. Məmmədov da həmin dövrdə qrupun dispetçeri kimi fəaliyyət göstərib. Nəzakət xanım Nizami Məmmədovu həlim təbiətli,  yüksək mədəniyyətli insan kimi xarakterizə edərək, onun həddən ziyadə təvazökarlığını və hətta, ciddi-cəhdlə gizlətməyə çalışdığı utancaqlığını da dilə gətirdi. Özündən çox başqalarının əməyini dəyərləndirmək kimi əsil insani münasibətindən və yanaşmasından söz açdı. Dispetçer işlədiyi dövrdə dəniz üçün darıxdığını və 1988-ci ildə yenidən donanmaya qayıtdığını qeyd etdi.

Sənədlərə baxıram. Elədir ki, var. N.Məmmədov 1988-ci il yanvarın 27-də kapitanın sərnişin köməkçisi kimi fəaliyyətə başlayıb.  2012-ci ildə isə  təqaüdə çıxıb və yenidən öz hobbisi  –  rəsm çəkməklə məşğul olub. Həmin rəsmlərə baxıram. Rəssamlıq təhsili olmasa da, çəkdiyi natürmortlar  və mənzərələr göz oxşayır. Onların kövrək təbiətli insan tərəfindən  yaradıldığı duyulur.  

İddiasız, sadə və nəcib insan olan Nizami Məmmədov 2018-ci il fevralın 8-də dünyasını dəyişib. Həqiqətən də yalnız dünyasını dəyişib, çünki onu bu gün də hörmətlə xatırlayanlar çoxdur...

 

Sevda ABDULLAYEVA,

İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır