Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Azərbaycan parlamentarizm tarixinin parlaq səhifəsi, hər birimiz üçün böyük iftixar mənbəyi

15 iyunun Milli Məclisin üzvləri olaraq, bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi parlamentimizdə yazılmağa başlanmışdır. Bu dövr Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsi, bizim hər birimiz üçün böyük iftixar mənbəyidir. Ulu Öndərin Ali Sovetin Sədri vəzifəsində çalışdığı 4 aya yaxın müddətdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyulmuş, Heydər Əliyev bu dövrdə Azərbaycanın demokratik hüquqi, siyasi sisteminin müəllifi kimi üzərinə götürdüyü vəzifəni ləyaqətlə yerinə yetirmişdir.

Ümummilli Lider Heydər Əliyev hər zaman demokratik normaları müdafiə edən, bu bəşəri dəyərləri özünün idarəçilik sistemində əxz etdirən böyük demokrat olmuşdur. Onun Ali Məclisin Sədri kimi fəaliyyəti də məhz bu prinsiplərlə kifayət qədər zəngin olmuşdur. O, 1993-cü il 15 iyun tarixli nitqində Azərbaycanın gələcək prioritetləri haqqında danışarkən demişdir: "Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır".

O vaxta qədər siyasi çaxnaşmaların, şəxsi maraqları ilə hərəkət edən qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi bir tribunaya çevrilmişdir. O, parlamentin fəaliyyətində nizam-intizamı təmin etmiş, qanunverici orqanın məqsədyönlü fəaliyyət göstərməsinə nail olmuşdur. Milli Məclisin bütün iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilməyə başlanmış, xalq ölkənin gələcək taleyinin həll olunduğu o günlərdə məlumatları birinci mənbədən əldə etmək imkanı qazanmış, parlamentin ictimai nüfuzu yüksəlmişdir. Heydər Əliyevin rəhbərliyi ilə qanunvericilik fəaliyyətinə yeni nəfəs və demokratik ənənələr gətirilmiş, ölkə həyatının bir çox sahələrinə həsr olunmuş mütərəqqi qanunlar qəbul olunmuşdur.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır