Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Nəhəng "Xankəndi" sualtı-tikinti gəmisinin istismara qəbul olunmasından 5 il ötür

Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin istismara qəbul olunmasından 5 il ötür. 

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə müqavilə bağlanıb. “Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

 “Xankəndi” gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.

DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır