Belçika şirkəti Gürcüstanın Anaklia limanının tikintisi ilə bağlı tenderin qalibi olub
Gürcüstanın dərin özüllü Anaklia limanının tikintisi ilə bağlı işləri Belçikanın “Jan De Nul” şirkəti tərəfindən həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, Anaklia limanının tikintisi ilə əlaqədar beynəlxalq tender artıq başa çatıb və inşa ilə bağlı işləri görmək üçün Belçikanın “Jan De Nul” şirkəti seçilib.
Baş nazirin sözlərinə görə, Anaklia layihəsinin vaxtında həyata keçirilməsi üçün işlər davam etdirilir.
“Anaklia layihəsinin inkişafı bizim üçün əsas prioritetlərdən biridir. Bu layihə Orta Dəhliz təşəbbüsü çərçivəsində Gürcüstanın birləşdirici rolunun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun uğurla həyata keçirilməsi üçün hər şey ediləcək”, - deyə Baş nazir vurğulayıb.