Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-19,
Seanews
Heyder Eliyev

Dünyanın ilk quruda hərəkət edən arktik amfibiyası

Belomor sahillərinin yerli əhalisi nə buzqıran gəmilərə, nə də müasir naviqasiya vasitələrinə sahib idilər. Lakin unikal buzlu dəniz naviqasiyası və gəmiqayırma texnologiyaları sayəsində onlar Arktika və Sibirin öyrənilməsində heyrətamiz uğur qazanıblar.

Skandinaviyalılar və Avropa dənizçiləri Arktikanın şərq bölgələrinə uzun müddət daxil ola bilmirdilər. Buna baxmayaraq, pomorlar (Belomor sakinləri) Barens dənizindən Oxot dənizinə qədər olan iri sahələri mənimsəyə bildilər. Skandinaviyanın yelkənli dar gəmiləri Qolfstrim ərazilərinə, donmayan boğazlara, hətta Qrenlandiyanın aysberqləri tərəfə rahat üzə bilirdi. Lakin Barens dənizinin cənubunda olan sərt buzlar onların hərəkətinə ciddi maneələr yaradırdı. Pomorlar isə Artktikanın şəraitinə uyğunlaşmağı bacardılar.

Pomorların buz şəraitinə uyğunlaşdırılmış yelkənli gəmisi “koç” adlanır. Koçun dibi qaşığı, ümumi forması isə yumurtanı xatırladırdı. Gəminin gövdəsi əlavə olaraq hamar taxta ilə üzlənmişdi. Bu üzlük gəminin buzlu sulardan sürüşüb keçməsinə kömək edirdi.

Norveçin böyük qütb tədqiqatçısı Frityof Nansenin məşhur “Fram” adlı gəmisi pomorların hələ orta əsrlərdə istifadə etdiyi texnologiyalar əsasında hazırlanmışdı. Buna görə də gövdəsi buza davamlı olan gəmilərin ilk təsisçisi məhz pomorlar hesab edilir.

Pomorların buzlu şərait üçün hazırladıqları ilk üzən vasitə balıqçı qayığı olub. Bu qayıqlar xüsusi qayda ilə hazırlanırdı. Nazik olmasına baxmayaraq, taxtaları kifayət qədər möhkəm və davamlı idi. Buzlaqlarda üzən zaman qayıq əyilərək buzun formasını alırdı və sınmırdı. Pomorlar qayığın izolyasiyasını bataqlıq bitkisi olan sfaqnum vasitəsilə həyata keçirirdilər.

Pomorların qayıqlarının burnu küt paz formasında olurdu. Deyilənə görə, bu qayıqlarda iri balıqları nizə ilə vurmaq daha asan idi. Qayıqların burun hissəsində odun, qida və paltar saxlamaq üçün xüsusi quru bölmələr mövcud idi. Qayığı sahilə asanlıqla sürüşdürüb çıxarmaq üçün gövdəsinə uzun dəmirlər vasitəsilə xüsusi taxtalar bərkidilmişdi. Bu qayıqları xizək vasitəsilə buzun üstündə də idarə etmək olurdu.

Məqsəd və missiyadan asılı olaraq bu qayıqların 3, 7, 11 və daha çox adam yerləşən növləri olurdu. Pomorlar lazım gəldikdə qayıqda gecələməli olurdular. Şaxtadan qorunmaq üçün onlar qayığın üstünə maral dərisindən hazırlanmış tent çəkirdilər. Elə həmin materialdan hazırlanmış kürklərə bürünərək qayıqlarda gecələyirdilər. Maral dərisi və xüsusi izolyasiya qayığın içində yüksək temperaturu təmin edirdi.

Pomorların hazırladığı qayıq faktiki olaraq dünya tarixində suda, quruda və buzda hərəkət edə bilən ilk amfibiya hesab edilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır