

Şanxay limanında konteyner dövriyyəsi aylıq rekord həddə çatıb
Dünyanın ən işlək konteyner limanı olan Şanxay avqust ayında yeni aylıq konteyner emalı rekorduna imza atıb.
"Seanews.az" xəbər verir ki, avqust ayı üzrə limanda ümumilikdə 5,02 milyon TEU konteyner emal olunub.
Rekord göstərici ənənəvi iyul-sentyabr ixrac mövsümünün təsiri, həmçinin Çin və ABŞ arasında konteyner daşımalarının artması ilə əlaqələndirilir. Bununla yanaşı, bu ilin əvvəlində istifadəyə verilən "Maersk" və "Hapag-Lloyd"-un əməkdaşlıq layihəsi – "Gemini Cooperation" Şanxay limanında konteynerlərin tranzit həcmini artırıb.
Yanvar-avqust aylarında Şanxay limanının ümumi konteyner dövriyyəsi 36,7 milyon TEU təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artım deməkdir.
Təkcə avqust ayında Yanşan limanı 2,57 milyon TEU emal edib. Bu rəqəm Şanxayın ümumi konteyner dövriyyəsinin 51,2 faizini təşkil edib.