Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Tarixlə dənizi birləşdirən məkan - REPORTAJ

Dünyanın ilk tanker-muzeyi Azərbaycanda yaradılıb. “Suraxanı” tanker-muzeyi qısa müddət ərzində ölkəmizə gələn xarici turistlərin də böyük maraqla üz tutduqları məkandır. Burada yaradılan zəngin eksponatlar və məlumatlar toplusu ziyarətçilərdə dərin təəssürat oyadır.

“Nazlı Bakım – o neft qoxan gülümdən...”  Dilimdə Almas İldırımın bu məşhur misrası baxışlarımı Xəzərdən çəkib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Suraxanı” tanker-muzeyinə boylanıram. Uzunluğu 123.5 metr, dedveyti 4696 tondur. 1957-ci ildə istifadəyə verilib. Son dövrlərdə neft təmizləyici stansiya kimi istismar edilib. 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə tanker-muzeyin açılışı olub. Dünyanın ilk tanker-muzeyində diqqətimizi çəkən körpücüyün altındakı tordur. Təhlükəsizlik elə ilk addımdan nəzərə alınıb. Nurşərəf Qəmbərova adlı bələdçi bizi xoş təbəssümlə qarşılayır. Göyərtənin yaşıl olması da maraqlıdır. Xanım deyir ki, bu rəng gec paslanır, günün altında gec isinir, gözləri yormur, gəmiçilər də onu sevir. 

 

 

Adı hökmlü zal

Ekspedisiyaya "Salamlama" zalından başladıq. Böyük ekranda kapitan və baş köməkçisi gəminin heyət üzvləri və vəzifələri barədə məlumat verdilər. Burada xidmət 3 dildə göstərildiyi kimi, ekranda olan məlumat və videodanışıqlar da 3 dildədir. Bu yerdə fərdi və kollektiv xilasedici vasitələr – xilasedici sal, dairə, çəkmələr, yanğınsöndürmə geyimi, tor və s. var. Gəminin bu hissəsi burun adlanır. Ardınca daha bir zala – adı hökmlü səslənən "Lövbəri qaldırın" zalına keçirik. Burada lövbərin və zəncir mexanizminin gəmidəki rolu, yanalmanın prinsipləri barədə məlumatlar var. Nurşərəf xanım deyir ki, lövbər gəmini suda sabit saxlamaq üçün istifadə edilir. Onun çəkisi 1440 kq-dır. Amma çəkisi 60 ton olanlar da var. Gəminin lövbər zəncirini də burada gördük. 

 

 

Xəzərlə həmahəng olmaq

Ruhumuzun Xəzərlə həmahəng olduğu – "Xəzərin ruhu" zalına gəlirik. Burada Xəzərin inkişafının tarixi xronologiyası canlanır. Hər dövrün daha aydın görünməsi üçün, əlbəttə, artefaktlar da yox deyil. Amma zalın, bəlkə də bütün muzeyin ən maraqlı yeri buradakı unikal 360 dərəcəlik kinoteatrdır. Muzeydəki xeyli sayda turist bu ekranda canlanan Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi, tarixi – 20 Yanvar hadisələrindən tutmuş ta Zəfər gününə qədər keçdiyimiz şanlı yolu maraqla izləyirdi. 

 

 

Naviqasiya masası, ulduz səması

"Gəmilər və Gəmiçilik" zalına keçirik. Əgər bu muzeyin yaradılması, təmiri və hazırlanması sizi maraqlandırırsa, mütləq videoçarxı izləyin. Burada həm “Suraxanı” gəmisinin, həm də başqa əfsanəvi gəmilərin maketləri var. Vitrinlərdən birində Qobustan qayaüstü rəsmlərinin kiçik maketləri də nümayiş olunur. Bu rəsmlərdəki qayıqlar Azərbaycanda dənizçilik və gəmiçilik ənənələrinin nə qədər qədimə dayandığını sübut edir.

 

 

"Naviqasiya və kommunikasiya" zalında Xəzər dənizində olan gəmilərin yerini müəyyən edən naviqasiya masası, onun yuxarısında – tavanda isə ulduz səması və xəritəsi var. 1918-ci ilin 28 mayında  – Cümhuriyyət yarananda da ulduzların düzülüşü məhz bu cür olub. Keçmişdə gəmiçilər bu xəritə vasitəsilə hərəkət ediblər. Dəniz işarə bayraqları ilə də lazım olan sözü yazmaq mümkündür. Biz də öz adımızı yazdıq.

 

 

Kapitan körpüsü trenajoru da çox maraqlıdır. Gələcək kapitanlar gəmini idarə etməyi bu cür trenajorlarda öyrənirlər. Gələn ziyarətçilər də bunu sınaqdan keçirə bilərlər.. 

 

 

Yoxsa gəmi batar...

Maye tankerə necə doldurulmalıdır? Bunu bilmək istəyirsinizsə gəlin "Yükdaşıma" zalına. Sən demə, mayeni, məsələn, nefti tankerə birbaşa doldurmaq olmaz. Yarılmış hissələrə ayrı-ayrı doldurulmalı, mütləq tarazlıq saxlanılmalıdır. Yoxsa gəmi batar. Bu bölmədə prosesi özümüz həyata keçirib, ekranda nəticəni görə bilərik. "Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik" zalına gəlincə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik tarixi, 20 Yanvar hadisələri zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıq, Ümummilli lider  Heydər Əliyevin Xəzər Dəniz Gəmiçiliyinin inkişafında rolu, 44 günlük Vətən Müharibəsinə həsr olunan materiallar, "Prezident İlham Əliyev və gəmiçilik siyasəti" adlı interaktivlərlə tanış olmaq mümkündür. "Maşın şöbəsi" zalı mühərriklər, enerji təminatı, generatorlar və s. ilə zəngindir. Xüsusi eynəklər – VR (virtual reallıq) eynəkləri vasitəsilə gəmi hərəkətdə olan zaman gedən prosesi – insanların orada necə işlədiyini görmək olar. Kapitan körpüsündə özünüzü gəminin kapitanı kimi hiss edirsiniz. Sükan, maqnit kompas, krenometr, radar, teleqraf, exolot, telefon, ratsiyaya toxunanda sanki insan özünü köhnə filmlərdə sanır. Ön pəncərədən dənizin görünüşü isə bu abı-havanı lap tamamlayır. “Malakafaun”a zalında isə okeanın dibinə düşür, mərcanlar və digər flora və fauna nümunələrini görürük. Buradakı hər bir ekspozisiya bir-birindən maraqlıdır. 

 

 

Turistlər muzeydən gözəl təəssüratlarla ayrılırlar

Muzeyin bütün zallarını gəzəndən sonra göyərtəyə çıxırıq. Xəzər öz ahəngində ağır-ağır, müdrikyana dalğalanır. Haradasa lap uzaqlarda dənizlə səma birləşir. Neftin qoxusu – bəlkə də, başqa xalqlara ögey, amma bizə doğma olan qoxu gəlir. İngiltərə və Rusiyadan gələn qonaqlar da muzeydən gözəl təəssüratlarla ayrılır və fikirlərini bölüşürlər: “Azərbaycanda ilk dəfəyik. Bakıda görməli yerlərin siyahısına baxanda “Suraxanı” tanker-muzeyini gördük. Diqqətimizi çəkdi və ilk gəldiyimiz yerlərdən biri elə məhz bura oldu. Gəmiçiliklə bağlı aldığımız məlumatlarla yanaşı, ölkənizin tarixini və mədəniyyətini də geniş ekranda gördük”. Öz gördüklərim və turistlərin dediklərini üst-üstə qoyub belə nəticəyə gəldim ki, bu muzey həm də əyləncə, məlumat və eksponatları ilə birgə çox gözəl maarifçilik məkanıdır.

Xanım Aydın
Foto: Sabir Məmmədov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KASPİ


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır