Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Alimlər rəngli mərcan riflərini bərpa edirlər

Alimlər Əbu-Dabi yaxınlığındakı adanın sahilindəki qayalıq ərazidən götürülmüş və dəniz suyu qutusuna yığılmış mərcanları toplayaraq onları bərpa edirlər.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, rəngi ağa çevrilən mərcan riflərinin orijinal rəngi bərpa olunur və onlar yenidən orijinal qayalarına qaytarılır.

Əbu-Dabi Ətraf Mühit Agentliyinin (EAD) mərcan riflərinin bərpası proqramı çərçivəsində bu rəngli dəniz bitkilərinin əvvəlki ölçüləri də bərpa olunur. Bundan başqa, mərcan rifləri zərərli dəniz yosunu və otlardan təmizlənir.

EAD 2021-ci ildən bəri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərindəki mərcanları bərpa edir. Bu layihə rifləri və onlardan asılı olan dəniz həyatını qorumaq üçün ölkə daxilində həm dövlət, həm də özəl təşəbbüslərdən biridir. Sözügedən sahədə müəyyən irəliləyiş olsa da, ekspertlər istiləşən dünyada sahil qayalarının gələcəyindən narahatdırlar. Dənizin temperaturu yüksəldikdə və günəş şüaları onlara rəng verən yosunları ağa çevirdikdə mərcan riflərinin ağarması prosesi baş verir. Bu zaman onlar məhv olmur, lakin dəniz həyatını effektiv şəkildə dəstəkləyə bilmir və onlardan asılı olan populyasiyaları təhdid edir.

EAD-a görə, 2017-ci ildə suyun temperaturu 37 dərəcə Selsiyə çatdıqda, BƏƏ-də, xüsusən Əbu-Dabi ətrafında mərcanlarının 70 faizi itirilib. Lakin 2021-ci ildən bəri onların 40-50 faizini bərpa etmək mümkün olub. Atmosferə istixana qazları buraxan neft, kömür və qazın yanması nəticəsində insan tərəfindən törədilən iqlim dəyişikliyi səbəbindən sular istiləşdikcə, dünyada mərcanların ağarması hadisələri daha tez-tez baş verir. Digər mərcan rifi sistemləri, xüsusən Avstraliyanın “Great Barrier” (“Böyük Səd”) rifi kütləvi ağarmaya məruz qalıb.

Qlobal istiləşməni məhdudlaşdırmaq və onun təsirlərini aradan qaldırmaq məsələləri bu ilin sonunda Dubayda keçiriləcək BMT-nin iqlim konfransında geniş müzakirə olunacaq. BƏƏ-nin URB şirkəti 2040-cı ilə qədər Dubayda 80 kilometrlik çimərlik zolağında 1 milyard süni mərcan və 100 milyon manqrov ağacı yetişdirmək istədiyini açıqlayıb. Hələ tədqiqat və inkişaf mərhələsində olan layihə mərcan kimi yosunları saxlaya bilən materialları çap etmək üçün 3D texnologiyası yaratmağa ümid edir.

Dubayın dalğıc icmasının üzvləri də mərcan riflərinin qorunması səylərini təşviq edirlər. Dalğıclar öz üzgəcləri və ya qayıq lövbəri tərəfindən qoparılan mərcan riflərini toplamaq və yenidən əkmək üsullarını öyrədən sertifikatlı mərcan bərpa kursu yaratmaq istəyirlər.

Lakin ekspertlər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində dənizlərin həddindən artıq istiləşməsi təhlükəsi aradan qalxmadıqca, mərcanların ağarması hadisələri dünya miqyasında riflərə ziyan vurmağa davam edəcək. Ölkələr sənayedən əvvəlki dövrlərdən bəri qlobal orta temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağı öhdələrinə götürüb, lakin bu sahədə ciddi tərəqqi olmaması səbəbindən elm adamları bundan sonra istiləşmənin planetə təsirlərinin daha pis, bəziləri isə hətta potensial olaraq dönməz ola biləcəyini söyləyirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır