Yantszıdakı yoxa çıxmaqda olan balinaların taleyi qədim Çin poeziyası əsasında araşdırılıb
Adətən, bir növün tarixini öyrənmək üçün paleontoloji qazıntıların nəticələrindən və ya DNT analizlərindən istifadə olunur. Lakin Çin Elmlər Akademiyasının mütəxəssisləri Şərqi Asiya dəniz donuzunun, Yantszı çayında yaşayan və yox olmaq üzrə olan dişli şirin su balinalarının taleyini qeyri-adi bir üsulla, yəni qədim Çin şeirlərindən istifadə edərək izləyiblər. Araşdırmalar göstərib ki, son 1400 ildə bu heyvanların arealı ən azı 65% daralıb.
AZƏRTAC xəbər verir ki, alimlər ədəbiyyata təsadüfən müraciət etməyiblər. Yantszı Asiyanın ən uzun, dünyanın isə üçüncü ən uzun çayıdır və bu səbəbdən də o, çoxsaylı Çin şairlərinin yaradıcılığında yer alıb. Çünki onlar da digər yerli sakinlər kimi bu çaydan istifadə edib və region üzrə səfərlərini bu çayla həyata keçiriblər. Şərqi Asiya dəniz donuzları (Neophocaena asiaeorientalis) keçmişdə çayın böyük hissəsində yaşadıqları üçün, şairlər onlara rast gəlmiş ola bilərlər və bu yolla canlıları şeirlərində təsvir ediblər.
Araşdırma zamanı ən erkən nümunəsi eramızın 618-ci ilinə aid olan yüzlərlə şeiri təhlil edən tədqiqatçılar, bu canlılara aid çoxsaylı qeydlərə rast gəliblər. Tədqiqatın nəticələri “Current Biology” jurnalında dərc olunub.
Bununla belə, bəzi şeirlərin bədii dili və metaforik ifadələri alimləri ehtiyatlı davranmağa vadar edib. Onlar təsvirlərin düzgünlüyünə əmin olmaq üçün şeirdəki digər məqamlarla və şairlərin tərcümeyi-halı ilə bağlı coğrafi məlumatlarla uyğunluq yaradaraq analiz aparıblar. Bu yolla şairin müşahidəni harada və nə vaxt etdiyini daha dəqiq müəyyən etməyə çalışıblar.
VII - XX əsrə aid dəniz donuzlarından bəhs edən 724 şeiri təhlil edən alimlər müəyyən ediblər ki, bu canlılar haqqında daha çox məlumat Tsin sülaləsi dövrünə (1636–1912) aid əsərlərdə qeyd olunur. Ən az qeydə Tan sülaləsi dövründən (618–907) çatıb ki, bu da cəmi beş şeirdir.
Tədqiqatlar həmçinin göstərib ki, “Neophocaena asiaeorientalis”in arealı xüsusilə son 100 ildə kəskin şəkildə daralıb. Bu, digər elmi tədqiqatların nəticələri ilə də üst-üstə düşür, belə ki, bu növün populyasiyasının azalması əsasən insan fəaliyyəti ilə bağlıdır. Alimlərin fikrincə, 1950-ci illərdə Yantszı üzərində tikilmiş bəndlər çayın əsas axarını kəsib, nəticədə bu növlər çaydan, göllərdən və qollardan yox olublar. Ehtimal olunur ki, elə bu səbəbdən Yantszıda yaşayan iki digər növ olan Çin çay delfini olan "baytsi" və Çin qılınc balığı da məhv olub.
Tədqiqatçılar gələcəkdə toplanmış şeirlərə əsasən Yantszı çayının keçmiş görünüşünü, dəniz donuzlarının qruplar şəklində necə yaşadıqlarını və davranışlarını öyrənməyi planlaşdırırlar. Mütəxəssislər qeyd edirlər ki, bu iş yalnız elmi deyil, həm də ekoloji baxımdan vacib nəticələr verə bilər və digər alimləri də ədəbiyyatdan istifadə edərək oxşar tədqiqatlara həvəsləndirə bilər.