Dünyanın ilk tanker-muzeyinin könüllülərinə məzun sertifikatları təqdim edilib
“Suraxanı” gəmi-muzeyində üç ay davam edən təcrübə proqramını uğurla başa vuran növbəti qrup könüllüyə məzun sertifikatı təqdim olunub.
Sertifikatların təqdimetmə mərasimində bildirilib ki, proqram müddətində gənclər muzeyin ekspozisiya zalında ekskursiya rəhbərliyi, araşdırma işləri və xüsusi layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak ediblər. Onlar həmçinin mühasibat uçotu və informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını genişləndiriblər.
Qeyd edək ki, könüllülük proqramı “Suraxanı” gəmi-muzeyi və “Gənc Könüllülər” İctimai Birliyi arasında 2022-ci ildən etibarən həyata keçirilir. Bu müddətdə layihədən 520-dən çox gənc faydalanıb.
Yaxın günlərdə muzeydə növbəti könüllü proqramına start veriləcək. Prosesə daha 30 nəfərin cəlb olunması nəzərdə tutulur.

