Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Dənizlər kraliçası” Venesiya – Fotoreportaj

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Venesiya romantik ab-havası ilə filmlərə, kitablara və sevənlərə ilham verən Avropa şəhəridir. “Dənizlər kraliçası” adlanan Venesiya şəhəri İtaliyanın şimal-şərqində, Adriatik dənizi sahilində yerləşir. Şəhər kanalları, qayıqları, tarixi yerləri, çoxəsrlik binaları, dar küçələri, İntibah və Bizans memarlığının füsunkar izləri ilə məşhurdur. Venesiya bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb və adalar arasında 400-dək körpü var.

Venesiyanın memarlığı əsasən XIV-XVI əsrlərdə formalaşıb və zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr şəhərə ecazkar görkəm verir.

Şəhərin görməli yerlərindən biri də San-Marko meydanıdır. IX əsrə aid olan meydan turistlərin adətən şəhərin görməli yerləri siyahısında ilk yerdə qərarlaşır. İnsanların görüş yeri kimi tanınan San-Marko meydanı dünyanın ən gözəl meydanlarından biridir. İş o yerə çatıb ki, hətta Napoleon da San-Marko meydanını “Avropanın ən gözəl qonaq otağı” adlandırıb. Meydanın indiki görünüşü XII əsrə aiddir.

Meydanda yerləşən San-Marko Bazilikası Venesiyanın ən gözəl memarlıq abidəsidir. IX əsrdə inşa edilən və daha sonra bir çox bərpa/əlavələrlə təmir edilən kilsə, eyni zamanda, Roma Katolik inancının simvoludur. İndiki bazilika əsasən XII əsrdə tikilib.

Venesiyanın görməli yerləri siyahısında ilk sıralarda qərarlaşan Hersoqlar Sarayı incəsənət, mədəniyyət və tarix baxımından memarlığı və zənginliyi ilə çox mühüm bir yerə sahibdir. Saray San-Marko meydanı ilə dəniz arasında yerləşir. Hersoqların Sarayı öz tarixi boyu dəfələrlə yanğın və dağıntı ilə üzləşib. Buna görə də ilkin binanın təməli IX əsrə aid olsa da, indiki saray əsasən XII əsrdə inşa edilib. O, Venesiyanın nağıl görünüşü ilə vəhdət təşkil edən memarlığa malikdir. Sarayın hər küncündən qotika, barokko, Renessans və Bizans üslublarının möhtəşəm izləri əks olunub.

Hersoqlar Sarayına onunla əlaqəsi olmayan bəzi strukturlar da daxildir. Sarayı həbsxana ilə birləşdirən “Ahlar körpüsü” də onların sırasındadır. Körpü ağ əhəng daşından tikilib və pəncərələrində daş barmaqlıqlar var. Körpü keçmiş məhbusları Venesiya saraylarında sorğu-sual otağına aparmaq üçün istifadə olunurdu.

Kanallar şəhəri kimi də tanınan Venesiyanın ən məşhur simvollarından biri də “Böyük Kanal”dır. Şəhərdə nəqliyyatı təmin edən “S” şəkilli kanalın dərinliyi 5 metr və uzunluğu təxminən 4 kilometrdir. Qayıqlar, su taksiləri və avtobuslar şəhəri 2 hissəyə ayıran “Böyük Kanal”dan keçir və bu kanal vasitəsilə əksər turistik məkanlara getmək mümkündür. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur.

“Böyük Kanal” üzərindəki dörd körpüdən biri olan daş tağlı Rialto körpüsü ecazkar və orijinal dizayna malikdir. Körpü əvvəlcə ağacdan hazırlanıb, lakin sonradan yanğınlar və dağılmalarla üzləşdiyi üçün yenidən tikilib. Körpünün daş konstruksiyası onun əvvəlki taxta formasına çox bənzəyir. Körpünün inşası zamanı uzun müddət dayanıqlı olmayacağı ilə bağlı tənqidlərə baxmayaraq, Rialto Körpüsü bu gün Venesiyanın ən məşhur tikililərindən biridir və zamanla yarışır. Rialto Körpüsünün turistik əhəmiyyəti təkcə memarlığı və tarixi tikili olması ilə bağlı deyil, eyni zamanda, bu körpünün hər iki tərəfində müxtəlif çeşidli və suvenir mağazaları, restoranlar yerləşir.

San-Marko meydanındakı turistik yerlər və tikililərdən biri də Zəng qülləsidir. Venesiyanın ən məşhur meydanında yerləşən tarixi binanın hündürlüyü 98,6 metrdir. Bürünc heykəlləri, ornamentləri, mərmər fasadı və rəngləri ilə zəngin olan zəng qülləsinin dizaynında barokko üslublu memarlığın bir çox gözəlliklərini görmək mümkündür. Tikintisinə IX əsrdə başlansa da, 1900-cü illərin əvvəllərində tarixi zəng qülləsi dağıldıqdan sonra yenidən tikilib. Turistlər zəng qülləyə çıxaraq Venesiyanın ecazkar mənzərəsini seyr etmək üçün uzun müddət növbədə dururlar.

Venesiya dünyanın ən turistik şəhəridir desək yanılmarıq. Adada yaşayan əhali cəmi 50 min nəfər olsa da, şəhəri hər il təxminən 20 milyonadək turist ziyarət edir. Venesiyalıların dünyada məşhur olan karnavalı isə fevral ayında keçirilir və 10 gün davam edir. Həmçinin şəhər müxtəlif vaxtlarda festivallara, beynəlxalq incəsənət sərgisinə (Biennale), kinofestivallara ev sahibliyi edir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Venesiya


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır