Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Niyə məhz qırmızı rəng?

Gəmi tikintisi istənilən iri layihə kimi ağır və məsuliyyətli bir işdir. Layihədə nəzərdə tutulan və tikinti zamanı vacib olan hər bir iş gəminin keyfiyyətinə və möhkəmliyinə zəmanət verir. Hətta hamıya adi gələ biləcək gəmi rənglənməsi də.

Çox adam gəminin su xəttindən aşağı olan hissəsinin niyə qırmızı rəngdə olmasının fərqinə varmır. Bu, dövrümüzdə simvolik məna daşısa da, bir vaxtlar sualtı hissənin qırmızı rənglənməsinin səbəbləri var idi.

Yelkənli gəmilərin rənglənməsindən başlayan bu proses o vaxtlar ağacdan hazırlanan üzən vasitələrin dib hissəsinin dəniz suyundakı canlı orqanizmlərdən qorunması üçün nəzərdə tutulurdu.

Gəmini düzəldənlər onun alt hissəsini xüsusi boya ilə rəngləyirdilər. Bu, qurğuşun boyası ilə mis oksidinin qarışığından ibarət olan maddə idi. Həmin qarışıq kimyəvi reaksiya nəticəsində qırmızı rəng alırdı. Onunla rənglənən gəmilər daha uzunömürlü olurdu. Qırmızı rəngin köməkliyi ilə gəminin tarazlığına da nəzarət etmək asan idi. Belə ki, gəmi tam yüklənəndə onun qırmızı rəngdə olan hissəsi suya batırdı. Gəminin suya oturmasında tarazlıq pozulurdusa, qırmızı hissə suyun üzündə aydın görünürdü.

İllər keçdikdən sonra gəmiləri poladdan hazırlamağa başladılar. Amma yenə də gəminin suda olan hissəsini qorumaq lazım gəlirdi. Canlı orqanizmlər polada təhlükə yaratmasa da, duzlu su ziyan vura bilərdi. Bununla yanaşı, elə indi də gəminin tarazlığını izləmək vacibdir.

 

 

Müasir dövrdə kimya sənayesinin inkişafı gəminin suda olan hissəsinə istənilən rəngi vurmağa imkan versə də, qədimdən qalan bir ənənə kimi qırmızı rəngə üstünlük verilir. Amma buna mülki donanmalarda daha çox rast gəlinir. Hərbi donanmaya aid gəmilərin sualtı hissəsi əsasən boz rəng olur. 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır