Azərbaycanda gəmiçiliyin beşiyi – Qobustan
İnsan atı əhliləşdirməzdən əvvəl, yelkən qaldırıb. Təkərlə yola çıxmazdan çox-çox əvvəl, şüvül və avarlarla çayda üzüb və açıq dənizə çıxıb.
Tur Heyerdal,
Məşhur norveçli səyyah və alim-antropoloq
Bakıdan təxminən 60 km cənub-qərbdə Pirsaatla Qozlu çayları arasında Qobustan adlanan ərazi yerləşir.
Qobustan sözünün mənşəyi və anlamı barədə fərqli fikirlər mövcuddur. Lakin onların arasında toponimin coğrafi şəraitlə bağlı yaranması fikri üstünlük təşkil edir: Qobu sözü türk mənşəli olub “çuxur yer”, ”kiçik dərə” mənasını verir.
Ərazi faydalı qazıntılarla, palçıq vulkanları və həm də arxeoloji abidələrlə zəngindir. Xalqımızın tarixinin ən qədim dövrlərini öyrənmək üçün qiymətli mənbə rolunu oynayan məkan isə məhz Qobustan Milli Tarix-Bədii Qoruğudur.
Qoruq ərazisində 6300-dən çox petroqlif – qayaüstü təsvir, habelə 20 qayaaltı sığıncaq, düşərgə və yaşayış məskəni, 40-a yaxın kurqan vardır.
Qobustanın nadir bir məkan olması haqqında məlumatı ilk dəfə dünya elm aləminə 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə verib. Lakin ərazidə geniş tədqiqatların aparılması İkinci Cahan müharibəsinin başlanması ilə mümkünsüz olub. Ardıcıl, sistemli arxeoloji tədqiqatlara yalnız 1947-ci ildə başlanılıb və 20 ildən artıq bir zaman kəsiyində arxeoloji ekspedisiyalar Azərbaycanın Əməkdar elm xadimi İshaq Cəfərzadənin rəhbərliyi altında aparılıb.
Petroqliflər, habelə qoruq ərazisində tapılmış artefaktlar bu ərazidə məskunlaşmış insanların təsərrüfatı, məişəti və dünyagörüşü haqqında təsəvvür yaradır. Müxtəlif – oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlər təkcə işlənmə texnikasına görə deyil, həm də ölçü, süjet və kompozisiya baxımından bir-birindən fərqlənir.
Qayalar üzərində təsvirlər əsasən qadın və kişi rəsmlərindən, heyvan şəkillərindən ibarət olub müxtəlif – ov, kollektiv rəqs və əmək səhnələri ilə seyrçilərin diqqətini cəlb edir. Uzaq keçmişdə dənizin yaxınlığı, balıq sərvətlərinin bolluğu və onların qida mənbəyi kimi qədim sakinlərin həyatındakı mühüm rolu da rəsmlərin “mövzu”sunda öz əksini tapıb: açıq səma altındakı “rəsm qalereyası”nda 163 ədəd qayıq təsviri yer alıb. Tədqiqatçılar həmin təsvirlərin müxtəlifliyinə görə onları 3 qrupa ayırıblar: xətlə çəkilmiş, silueti verilmiş və hörmə görünüşlü qayıqlar. Rəsmlər iri (2,5 m uzunluğunda) və kiçik (20-25 sm) ölçülərdə təsvir olunub.
Qobustanın ilk tədqiqatçısı İshaq Cəfərzadə qayıq təsvirlərinin ən qədimlərini e.ə. VII-VI minilliklərə aid edib. Tədqiqatçı qayıq petroqlifləri ilə onların aşkar olunduğu qayalar üzərindəki digər təsvirlərin stratiqrafik (geoloji əmələgəlmələrin yatımı) ardıcıllığına və habelə qayıq tiplərinin müxtəlifliyinə əsaslanaraq, digər qayıq petroqliflərinin sonrakı minilliklərə, o cümlədən tunc dövrünə məxsus olması barədə fikir yürüdüb.
Sözügedən petroqliflər, habelə ərazidə tapılmış primitiv daş lövbərlər, ağac və qamışları kəsmək, balıq ovlamaq üçün alətlər burada məskunlaşmış insanların qayıq düzəltmək və balıq ovlamaq məqsədilə onlardan istifadə etmək bacarıqlarına malik olduqlarını əyani təcəssüm etdirməklə bərabər, Xəzərdə gəmiçiliyin qədimliyini də sübut edir.
İbtidai insanlara məxsus düşərgələrin, qədim yaşayış məskənlərinin, kurqanların və s. arxeoloji abidələrin mövcudluğu isə qədim sakinlərin burada uzun müddət daimi yaşadıqlarını və ovlamaq, yığıcılıq bacarıqları ilə bərabər, “dənizçi” bacarıqlarını da təkmilləşdirdiyindən xəbər verir.
Sevda Abdullayeva,
ASCO-nun İctimai əlaqələr departamentinin
aparıcı mütəxəssisi