Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-23,
Seanews
Heyder Eliyev

Kosta-Rika sahillərində 300 ildən çox əvvəl yoxa çıxmış Danimarka quldarlıq gəmiləri tapılıb

Kosta-Rika sahillərində tapılmış iki batmış gəmi rəsmi olaraq Danimarkanın “Fredericus Quartus” və “Christianus Quintus” quldarlıq gəmiləri kimi tanınıb.

AZƏRTAC xəbər verir ki, bu gəmilər 1710-cu ildə yoxa çıxmış və o vaxtdan bəri birdəfəlik itmiş hesab olunub.

Danimarka Milli Muzeyindən bildirilib ki, sirrin üstünün açılmasına səbəb qəzaların baş verdiyi ərazidə aşkar olunmuş arxeoloji tapıntılar, yəni 1690-cı ilə aid taxta lövhə, XVIII əsrin əvvəllərinə xas gildən tütün boruları və Danimarkanın Flensburq şəhərində istehsal edilmiş kərpiclər olub.

Gəmilər Trans-Atlantik marşrut üzrə səfər edərək göyərtəsində 840 afrikalı qul daşıyırmış. Tarixçilərin fikrincə, gəmilərin batmasına səbəb su və ərzaq çatışmazlığı nəticəsində baş vermiş şəxsi heyətin üsyanı olub. Bu gəmilərin qalıqları hələ 1970-ci illərdən məlum olsa da, onların mənşəyini dəqiq müəyyənləşdirmək yalnız indi mümkün olub.

“Bizim çox bəxtimiz gətirdi! Taxta lövhə o qədər yaxşı vəziyyətdə qalıb ki, illik halqalara əsasən onun dəqiq kəsilmə vaxtını müəyyən edə bildik”, – deyə dəniz arxeoloqu Andreas Kallmayer Blox bildirib.

Gəmilərin Danimarka mənşəli olmasına baxmayaraq, onların gələcəkdə tədqiqi və ya sudan çıxarılması ilə bağlı qərarı Kosta-Rika verəcək. Danimarka isə bu obyektlərin yerində saxlanılmasında maraqlıdır.

Qeyd edək ki, 1672–1917-ci illərdə Danimarka Karib dənizində Sent-Tomas, Sent-Con və Sent-Krua adalarını əhatə edən müstəmləkəyə — Danimarka Qərbi Hind adalarına sahib idi. Burada şəkər qamışı, pambıq və qəhvə yetişdirilirdi. Bunlar Danimarka iqlimində becərilməsi mümkün olmayan məhsullar idi. Plantasiyalarda işləmək üçün Qərbi Afrikadan gətirilmiş qulların əməyindən istifadə olunurdu.

Həmin dövrdə təxminən 120 min afrikalı zorla Danimarka gəmiləri ilə Karib hövzəsinə daşınıb. Danimarkanın müstəmləkələrində quldarlıq yalnız 1848-ci ildə rəsmi şəkildə ləğv edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır