Baltik dənizində təlimlər başlayır
NATO-nun "Freezing Winds 25" (Soyuq küləklər 25) təlimi Finlandiya və Estoniyanın Baltik dənizindəki ərazi sularında keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə Finlandiyanın Müdafiə Nazirliyinin Mətbuat xidməti açıqlayıb.
"Bu payızın əsas hərbi təlimi olan "Freezing Winds 25" Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə 24 noyabr - 4 dekabr 2025-ci ildə Finlandiyanın cənubunda, Arxipelaq dənizində və Fin körfəzinin mənsəbində keçiriləcək. Təlim zamanı qüvvələr və gəmilər Estoniyanın ərazi sularından da istifadə edəcəklər", - açıqlamada bildirilir.
Nazirlik əlavə edib ki, təlimdə Finlandiyanın NATO-dakı müttəfiqləri - Belçika, Danimarka, Almaniya, Latviya, Litva, Niderland, Polşa, ABŞ, Fransa və Estoniyadan 20 hərbi və təminat gəmiləri, eləcə də NATO-nin mina əleyhinə daimi mübarizə qrupu (SNMCMG1) iştirak edəcək. Təlimdə iştirak edənlərin ümumi sayı təxminən 5 000 hərbi qulluqçu olacaq.
Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimin mövzularına dəniz rabitəsinin və vacib infrastrukturun təhlükəsizliyinin təmin edilməsi, arxipelaq və sahil zonalarında döyüş əməliyyatları və əks-hücum əməliyyatları, eləcə də hərbi dəniz və sahil mühafizəsi qüvvələrinin birgə əməliyyatları daxildir.

