Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dənizdə haqq savaşı

"1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin komandanlığı SSRİ Ali Sovetinin qərarı ilə, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin və Azərbaycan hökumətinin razılığı olmadan silahdan, ağır texnikadan və Silahlı Qüvvələrin xüsusi təyinatlı heyətindən istifadə edərək suveren Azərbaycanın paytaxtı Bakı şəhərinə daxil olmuş, bununla da insan hüquqları və respublikanın suverenliyini pozmuşdur. Minlərlə dinc sakinin, yaşlıların, qadınların, uşaqların, gənclərin qanı tökülmüşdür.

Yuxarıda göstərilənləri nəzərə alaraq, şəhərimizin əhalisinin bundan sonra qanının tökülməsinin dərhal dayandırılması məqsədilə Xəzər hövzəsinin mülki donanmasının bütün heyəti tələb edir:

1. 21 yanvar saat 24.00-dək qoşunlar Bakı şəhərinin ərazisindən çıxarılmalıdır.

2. Bu gün - cari ilin 21 yanvarında, Moskva vaxtı ilə saat 20.00-da etiraz əlaməti olaraq Bakı buxtasında bir gəmi yandırılacaq.

3. Sahildən və ya dənizdən güc tətbiq ediləcəyi təqdirdə reyddəki bütün gəmilər, körpülərin yanındakı tankerlər və sahildəki neft obyektləri yandırılacaq.

4. Xəzər Hərbi Donanmasının gəmiləri hərəkət etməyə başlasa, onlar dinc mülki gəmilər tərəfindən bütün nəticələrə baxmayaraq dayandırılacaq.

5. Baş verəcək hadisələrə görə məsuliyyət SSRİ Ali Sovetinin Rəyasət Heyətinin üzərinə düşəcək”.

Bu, 30 il bundan öncə qanlı şənbə gecəsi paytaxtda baş verən qətliama etiraz olaraq Bakı buxtasını mühasirəyə alıb hərbi gəmilərin hərəkətinə imkan verməyən "Xəzərneftdonanma” İdarəsinin dənizçiləri tərəfindən qəbul olunan, Sov. İKP MK-nın Baş katibi M.S.Qorbaçovun ünvanına göndərilən tələbnamə idi. Ölkədəki xaos, qarışıq vəziyyət yarandığı, insanların canları ilə sınağa çəkildiyi bir vaxtda bu cür kəskin tələblə çıxış etmək böyük cəsarət tələb edirdi. Amma hər şey bircə bu tələbnamə ilə bitmirdi. Məhz 120 dənizçinin cəsurluğu sayəsində dünya ölkələri sovet qoşunlarının Bakıya soxularaq əliyalın əhalini qanına qəltan etdiyini öyrəndi. Məhz onların gəmilərdən göndərdiyi "SOS!”la dünya ictimaiyyəti bu qətliamdan xəbərdar oldu. Hələ də çoxları bilmir ki, o mətni dənizçilər yaymasaydı, Bakıda Qorbaçovun, Yazovun və daşnakların məkrli ssenarisi daha neçə gün davam edəcəkdi. Bəli, o günlər Xəzərdə, sözün əsl mənasında, savaş gedirdi. Gəmilərimiz müxtəlif növ silahlardan atəşə tutulur, həbslə, güllələnmə ilə təhdid edilirdi. Lakin ölümün gözünə dik baxan dənizçilərimiz heç nədən qorxmadan mübarizələrini davam etdirdilər. Sonu həbslə bitsə də...

Dənizdə beş gün davam edən, amma Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olunan o savaşın necə baş verdiyini Kərəm Məmmədov anbaan, günbəgün xatırlayaraq danışır. Kərəm Məmmədov o vaxt "ÜİLKGİ-nin 40 illiyi” gəmisinin kapitanı, Kapitanlar şurasının üzvü, hadisələrin mərkəzində olan fəal dənizçilərdən biri idi.

"Bütün danışıqlarımıza hərbçilər qulaq asır, maqnitofona köçürürdülər”

- Yanvarın 19-da neft buruqlarında iş başındaydım. Gecə ratsiya vasitəsilə xəbər verdilər ki, sovet qoşunları tanklarla Bakıya soxulub, dinc əhalini qırıblar. Bunu eşidən kimi idarənin bütün gəmiləri rəhbərliyə xəbər vermədən işi dayandırıb Bakı buxtasına üz tutdu. Hardasa səhər saat 8-də Bakıya çatdıq. Dispetçer bizə limana yan almağa icazə vermədi. Mən də dəniz vağzalının yanından keçib elə yerdə dayandım ki, indiki Prezident Administrasiyasının qarşısı görünürdü. Durbinlə baxıb gördüm ki, Ali Sovetin qarşısında böyük izdiham var. Tanklar, ZTR-lər həmin insanları mühasirəyə alıblar. Qərara gəldik ki, bütün gəmilər Bakı buxtasına yığılsın. Beləcə, aramsız həyəcan siqnalı verə-verə Bakı buxtasında lövbər saldıq. Dispetçerlikdən şəhərdə qırğınlar olduğunu və davam etdiyini bildirdilər. Bu dəhşətli xəbər bütün dənizçiləri sarsıtdı. Onların hiddətini cilovlamaq olmurdu. Əli yalın dənizçilərimiz gəmiləri tərk edib, vəhşilərlə əlbəyaxa vuruşmaq istəyirdilər. Saat 10.00-da gəmilər artıq özlərinə daha yaxşı mövqe seçərək dəniz vağzalı ətrafına toplaşmağa başladılar. Buradan həm izdiham aydın görünür, həm də hərbi dənizçilərin qarşısını almaq üçün yaxşı mövqe idi.

Yanvarın 20-si saat 16.00 radələrində buxtada artıq 120-yə qədər iri və xırda gəmi vardı. O qədər gəmidən aramsız verilən həyəcan siqnalının səsi bütün şəhərə yayılırdı... Danışıqlar ratsiya ilə aparılırdı, hərə bir söz deyirdi. Bayılda yerləşən hərbi donanmanın rəhbərliyi etiraz etməyə başladı ki, niyə burada dayanmısınız, niyə siqnal verirsiniz? Kapitanların da hamısı səbirli, hövsələli deyildi. Hamı narahat idi - bilinmirdi kim sağdır, kim yox. Bəziləri əsəbiləşirdi, söyürdü, kobud cavab verirdi. Hərbçilərlə münasibətlərimiz getdikcə pisləşirdi. Ultimatum verirdilər ki, sizi güllələyəcəyik, gəmiləri batıracağıq. Çıxıb gedin, niyə dayanmısınız? Ağsaqqal kapitanlar dənizçiləri təmkinli olmağa çağırır, məsləhətlər verirdilər. Gəmilərin düzgün mövqe tutması ilə təcrübəli kapitanlardan bir neçəsi məşğul idi. Neft Daşlarındakı neftçilər sahilə çıxmaq üçün dənizçilərdən gəmi tələb edirdilər. Neftçilər və dənizçilər artıq heç bir rəhbərliyə tabe olmurdular. Rəis və rəhbər işçilər yanvarın 20-də işə çıxmamışdılar deyə donanmanı bir neçə qabaqcıl kapitan idarə edirdi. Qısa vaxtda birgə hərəkət etmək üçün qərargah yaradıldı. "Sabit Orucov” sərnişin gəmisi qərargah seçildi. Bu gəmi Bakı limanının sərnişin vağzalında dayanmışdı. Sahildəki bütün xəbərləri dənizçilər oradan alırdılar. Gəmilər radiotelefonla idarə edilirdi. Bütün danışıqlarımıza hərbçilər qulaq asıb, maqnitofona köçürürdülər. Hərbi dənizçilər arasında ruslarla yanaşı, yüksək vəzifəli ermənilər də vardı. Onlar hər dəqiqə bizi hərbi dənizçilərlə üzbəüz qoymağa çalışırdılar.

Şəhərdə tanklar və silahlı əsgərlərdən başqa heç kəs görünmürdü. Ara-sıra tanklardan atəş açılırdı. Sahildən "qırğınlar davam edir” xəbərini alırdıq. Cəsarətli kapitanlar əməli iş görmək üçün təkliflər irəli sürürdülər. Saat 20.00-da iclas keçirmək qərarına gəldik. "Sabit Orucov” sərnişin gəmisinin kapitanı Mövlud Əliyevlə əlaqəyə girdik. Dedik, kapitanlar bu gəmiyə gəlsinlər, iclas keçirək. 80 kapitan həmin gəminin sərnişin salonuna yığışdı. Müzakirələrin nəticəsində Kapitanlar şurası yaratdıq. Şuraya 7 kapitanı üzv seçdik - Ağalar İbrahimov, Müzəffər Əliyev, Mövlud Əliyev, Murad Əliyev, İbrahim Salayev, Kişi Mütəllimov və mən. Bu kapitanlar 120 gəminin hərəkətinə, dənizçilərin söhbətlərinə nəzarətə dair öhdəçilik götürdülər. Qərara alındı ki, Bakıda olan hadisəni dünyaya çatdırmaq üçün bütün gəmilərə "SOS!” ötürülsün, hökumət rəhbərlərinə tələbnamə göndərilsin və həyəcan siqnalı gündüz yarım saatdan, gecə hər saatdan bir 5 dəqiqə verilsin. Siqnal yanvarın 24-nə qədər verildi.

"Qəfildən "Çələkən-1” gəmisinə iriçaplı pulemyot və avtomatlardan atəş açdılar”

- Yanvarın 20-si saat 22.00-da iclasın ikinci hissəsi başlandı. Bir neçə kapitanın hazırladığı "SOS” mətni oxundu. Dənizçilərin tələbləri radiotelefon vasitəsi ilə buxtadakı bütün gəmilərin heyətlərinə çatdırıldı. Dənizçilərimizin 5 maddədən ibarət tələbnaməsi Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçovun, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın və SSRİ Ali Sovetinin deputatı Qurban Abbasovun (Neftçi Qurban) ünvanına göndərildi. Hərbçilərin rabitə kodundan istifadə edərək "Vosxod”la təcili əlaqəyə girib dənizçilərin tələblərinin Bakının hərbi komendantı general V.S.Dubinyaka verilməsini tələb etdik. "Vosxod” da hərbi qərargahla əlaqə yaradaraq tələbimizi lazımi ünvana çatdırdı. Qərargahdan bizə cavab verdilər ki, dənizçilər öz tələblərini komendant V.S.Dubinyaka yox, admiral V.V.Sidorova verə bilərlər, özü də sabah. Sidorov SSRİ Müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini idi. Artıq bir neçə saat idi ki, bizə xəbərdarlıq edir, Bakı buxtasını təcili tərk etməyimizi tələb edirdi. O, Xəzər dənizindəki qarşıdurmada mülki gəmiləri ittiham edir və onları 20-ci əsrin dəniz quldurları adlandırır, dənizçilərimizə separatçı damğası vururdu. Admirallar telefon əlaqəsinə girərək bizi gah dilə tutur, gah da hədə-qorxu gəlirdilər.

"SOS” mətni vermək məsələsində bir sıra çətinliklərə də rast gəldik. Çünki donanmanın bütün gəmi radistləri rus millətindən idilər. Onlar mətni oxuyan kimi verməkdən imtina edirdilər. Çox çətinliklə bir nəfər "SOS” mətnini efirə verməyə razı oldu. "Vixr-12” gəmisinin radisti, milliyyətcə rus olan, adının gizli saxlanılmasını istəyən bakılı gənc bu təhlükəli və şərəfli işi öz boynuna götürdü. Hər saatdan bir üç dəfə "SOS” verildi. Saat 24.00-da radioqramı bütün dünya aldı. Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlarda deyilirdi: "Bratçı, derjites. Naviqasiya net, mı ne smojem plavat v Kaspi”. Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər, dərdimizə şərik çıxıb məlumatın bütün dünyaya yayılmasına kömək edəcəklərini bildirdilər. Artıq sovet ordusunun Bakıda törətdiyi qanlı cinayəti ört-basdır etməyə heç bir imkan qalmamışdı. Bəlkə də bu qırğınlar bir həftə davam edəcəkdi. Amma onlar dənizçilərin əlində olan bu güclü silahı nəzərə almamışdılar.

"Vosxod” yenidən bizim qərargahla - "Sabit Orucov”la əlaqəyə girdi. İcazə istədilər ki, dənizdən gələn hərbi gəmini bazaya, yəni Bayıl hərbi limanına buraxaq. Onun gövdə nömrəsi 469 idi. İcazə verdik. Yanvarın 21-i, gecə saat 2.00-da həmin gəmi gözlənilmədən bizim "Çələkən-1” gəmisinə iriçaplı pulemyot və avtomatlardan atəş açdı. Təsadüf nəticəsində yaralanan və ölən olmadı. Gəminin aşbazı Nadejda Qonçarova efirə çıxaraq rus ordusunu "faşist ordusu” adlandırdı. Onun səsini bütün hərbçilər çox aydın eşidirdilər. Bu hadisədən sonra hərbçilərlə dənizçilərimiz arasında münasibət daha da kəskinləşdi. Artıq gərginlik son həddə çatmışdı. Efirdə bir-birimizi qiyabi tanıyırdıq. Fəal kapitanların adlarını hərbçilər öyrənə bilmişdilər. Odur ki, şərti adlar götürməyə məcbur olduq. Mənim şərti adım "Səfər bəy” idi.

"Silahlı hərbçilər gəmimizi mühasirəyə aldılar”

- Yanvarın 21-i səhər saat 10-da dəniz qərargahından bizə Azərbaycan dilində xəbər verdilər ki, şəhərdən Bayıl dəniz körpüsünə çoxlu şəhid meyiti gətirib, dənizə tökmək üçün hərbi gəmilərə yükləyirlər. "Vosxod”la əlaqəyə girərək xəbərdarlıq etdik ki, əgər hərbçilər bu işə əl atsalar, tarana gedəcəyik, hərbi gəmiləri öz gəmilərimizlə vurub Bakı buxtasında batıracağıq. Hərbçilər bizi əmin etməyə çalışırdılar ki, heç bir hərbi gəmi nə limandan çıxacaq, nə də limana daxil olacaq. Ancaq bir neçə dəqiqədən sonra "Vosxod” yenidən bizimlə əlaqəyə girərək bildirdi ki, hərbi gəmilərin bir neçəsi buxtadan çıxmalıdır. Özü də bu gəmidə meyitlər yox, hərbçilərin ailələridir. Onlar Mahaçqala şəhərinə gedirlər. Biz belə başa düşdük ki, hərbçilər Bakıda yeni vəhşiliklər törətmək üçün öz ailələrini çıxarırlar. Düşündük ki, qırğın davam edəcək. Kapitanlarla qərara aldıq ki, bircə gəmi də dənizə buraxılmasın. Hərbi donanma indiki Bayraq meydanının ərazisində yerləşirdi. Ora dayazdı. Dənizə çıxmaq üçün kanal var, gəmilər o kanalla hərəkət edirdilər. İki gəmi ilə həmin kanalı bağladıq. "Sabit Orucov” gəmisinin kapitanı Mövlud Əliyev xəbər verdi ki, kanalı bağlamışıq, şəhidlərimizin meyitlərini heç yerə apara bilməzsiniz.

Bir saat keçəndən sonra cavab gəldi ki, guya azərbaycanlılar rus, erməni dənizçilərinin ailələrini qırırlar, imkan vermirlər yaşamağa, bu səbəbdən onların ailələrini Mahaçqalaya aparırlar. Biz yalnız yoxlamadan sonra həmin gəmilərin getməsinə razılıq verəcəyimizi bildirdik. Danışığa əsasən, bir gəmimiz həmin gəmiləri yoxlayıb onlarla birlikdə Bakı buxtasından çıxmalı idi. Bizim tərəfimizdən bu işi "Babazadə” sərnişin gəmisinin 30 nəfərlik heyəti və kapitanı Müzəffər Əliyev öhdələrinə götürdülər. Müzəffər Əliyev ağsaqqalımız, müəllimimiz hesab olunurdu. Dedi: "Uşaqlar, siz cavansız, bunlara etibar etmək olmaz. Mən gedib yoxlayaram”. Təsəvvür edin ki, hərbi gəmini yoxlamağa mülki gəmi gedir. Hamımız təşviş, qorxu, həyəcan içində gözləyirdik. Çatandan sonra Müzəffər müəllim ratsiya ilə xəbər verdi ki, "gəmini mühasirəyə aldılar. Hərbçilər təpədən-dırnağa kimi silahlanmış və döyüşə hazır vəziyyətdədirlər. Bütün avtomatları gəmiyə sarı tuşlayıblar. Gəmini yoxlamağa da icazə vermirlər, bizi girov götürmək istəyirlər”. Dərhal gəminin buraxılmasını tələb etdik. Dedik ki, əgər "Babazadə” gəmisini buraxmasanız, biz öz gəmilərimizlə tarana gedəcəyik. Bizim silahımız, başqa yolumuz yoxdur. Gördülər doğrudan da dediyimizi həyata keçirməyə hazırlıq görürük. O gəmi yüngül alüminiumdan hazırlanmışdı, bizim gəmilərsə ağır idi. Onları vursaydıq, atom bombası kimi partlayış olacaqdı. Ona görə gəmini buraxdılar.

"Babazadə” gəmisi qayıtdıqdan sonra "heç bir hərbi gəminin buxtadan çıxmasına icazə verməyəcəyik” deyə yenə xəbərdarlıq etdik. Belə olan halda hərbçilər yeni hiyləyə əl atdılar. Dedilər, guya iki hərbi gəmi gecə növbəsinə gedir, onları buraxmaq lazımdır. Dənizçilərin möhkəm dayandıqlarını görüb və rədd cavabını alan admiral Sidorov yeni bir cinayətə əl atdı. Dənizdən gələn bizim "Aktau” yedək gəmisini gülləbaran etdirdi. Xoşbəxtlikdən ölüm bu dəfə də yan keçdi. Ancaq gəmi sualtı hissəsindən deşildi. Dənizçilərin və kapitanın baş köməkçisi Maarif Xəlilovun fədakarlığı nəticəsində gəmi batmadı.

Artıq öz məkrli niyyətlərini həyata keçirə bilməyən SSRİ müdafiə naziri D.Yazov və admiral Sidorov Qorbaçovun və bütün dünyanın qarşısında biabır olmamaq, dənizçilərin mühasirəsini yarmaq üçün hər vasitəyə əl atmağa çalışırdılar. Öz mövqelərində möhkəm dayanan, ölümün gözünə dik baxan dənizçilərimizin arasına qarmaqarışıqlıq salmaq üçün hərbçilər Bakı limanına bir hərbi gəmi buraxdılar. O dəqiqədə döyüşə hazır olan "Neftqaz-10”, "Neftqaz-18”, "Neftqaz-64” və "ÜİLKGİ-nin 40 illiyi” gəmiləri güclü avtomat, raket atəşinə məruz qaldılar. Lakin kapitan və bütün şəxsi heyətin cəsarəti sayəsində hərbi gəmi öz yerinə oturduldu, taran nəticəsində batmaq təhlükəsi qarşısında qalaraq atəşi saxladı və getdi. Yenə kanalı açmadıq.

"Siz bura yatmağa gəlmisiniz?”

- Bu dəfə admiral V.Sidorov taktikanı dəyişərək dənizçilərimizlə görüş təyin etmək məcburiyyətində qaldı. Gəmi kapitanlarından Kişi Mütəllimov, İbrahim Salayev, Maarif Xəlilov, Mövlud Əliyev və Müzəffər Əliyevdən ibarət nümayəndə heyəti dənizçilərin tələbnamələrini Bakı komendantı general V.S.Dubinyaka aparmalı oldu. Yenidən biz "Vosxod”la əlaqəyə girərək nümayəndə heyətinin təhlükəsizliyini tələb etdik. "Vosxod” da xüsusi nümayəndə heyətinin hərbi katerlə dəniz vağzalından Bayıl limanına kimi aparılıb geri gətirilməsinə təminat verdi. Saat 14.00-da hərbi kater vağzala yan aldı. Beş kapitan hərbi katerə mindi. Hərbi kater ağ bayraqla göyərtəsində bir neçə avtomatlı hərbçilərlə bizim gəmilərin arasından Bayıl limanına istiqamət aldı. Limanda körpünün hər iki tərəfində əsgərlər əllərində avtomat və yanlarında itlər əmrə müntəzir dayanmışdılar. Gəmilərin göyərtəsindəki əsgərlər əllərindəki avtomatları onlara tuşlamışdılar. Kapitanlar körpüdə iki qara "Volqa”ya oturaraq hərbi qərargaha gedirlər. Qərargahın həyətində yüzlərlə qadın-uşaq yığışmışdı. Yanlarında ev əşyaları, çamadan var idi. Sürücüdən soruşublar ki, bunlar hara köçürlər? Sürücü də deyib, hamısı rus zabitlərinin ailələridir, şayiə yayıblar ki, guya azərbaycanlılar onları qıracaqlar. Rus zabitləri öz ailələrini təcili olaraq Bakıdan köçürürdülərsə, deməli, şəhərdə qırğınlar hələ davam edəcək...

Sidorovla söhbət çox çəkməyib. Təcili limanı tərk etməyimizi tələb edib, hədələyib, ötən gecəki məğlubiyyətini bağışlamayacağını bildirib. Kapitanların cavabı isə qəti olub: "Bütün dənizçilər ölümə hazırdır. Tələbimiz yerinə yetirilməsə, buxtanın mühasirəsini açmayacağıq”.

Nümayəndələr admiral V.V.Sidorovun yanından gələndən sonra kapitanlar özlərinin ikinci gizli iclaslarını keçirdilər. Gəmilərdən sovet bayrağını endirmək və yerinə matəm bayrağı qaldırmaq, həmçinin dənizçilərin tətil komitəsini yaratmaq qərarını qəbul etdilər.

Yanvarın 22-də şəhidlərimizin dəfn mərasimi oldu. Bizə xəbər gəldi ki, yanvarın 23-də Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira Qafarova dənizçiləri qəbul edəcək. Elə də oldu. Səhər saat 10-da üstündə ağ bayraq olan "RAF” maşın arxamızca gəldi. 7 kapitan, "Xəzərneftdonanma” idarəsinin baş mühəndisi Gülhüseyn Bağırov və rəis müavini Ağası Hacıyev toplaşıb getdik Ali Sovetə. yolboyu küçədə bir adama da rast gəlmədik. Şəhidlərimizin qanı tökülmüş yollara Şəhidlər Xiyabanına qədər qərənfillər düzülmüşdü. Şəhər ölü sükutuna dalmışdı. Küçələrdə heç bir gediş-gəliş yox idi. Tinlərdə və meydanlarda əli avtomatlı əsgərlər, tanklar, ZTR-lər dayanmışdı. Radio və telestudiya tamamilə əsgərlər tərəfindən mühasirəyə alınmışdı. Dəhşətli mənzərə idi.

Ali Sovetin binasına çatanda aşağıdan Elmira Qafarovaya zəng etdilər. Bizi təcili yuxarı buraxdılar. Ali Sovetin birinci mərtəbəsi, bütün o pilləkənlər əsgərlərlə dolu idi. Avtomatı qucaqlarına sıxıb yatırdılar.

Elmira Qafarova bizi iş otağının yanında qarşıladı. Başına qara yaylıq örtmüşdü. Bir-bir hamımızla görüşdü. O zaman dövlət katibi olan Tofiq İsmayılov bizi qucaqladı. Qəhərlənə-qəhərlənə dedi, "Elimin qəhrəman oğlanları! Siz nə gözəl iş görmüsünüz. Sizinlə fəxr edirəm”. Millət vəkilləri, bəstəkar Arif Məlikov, Ramiz Fətəliyev, Sosialist Əməyi Qəhrəmanı A.Əmənov və alim Adilə Namazova da orada idilər. Elmira xanım mətin durduğumuz üçün bizə təşəkkür etdi. Dedi: "Ölkəyə nə girişimiz, nə də çıxışımız var. Hər yerlə əlaqəmiz kəsilib. Amma artıq mənə zənglər gəlir, Bakıda qırğınların olması ilə bağlı məlumatları var. Çox sağ olun ki, siz bunu dünyaya xəbər verdiniz”. Sonra əlavə etdi ki, "xahiş edirəm, bu tələbnamələrinizi saxlayın. Gəmiləri batırmaq, yandırmaq lazım deyil, gec-tez ruslar gedəcək, donanma isə bizimdir. Biz Ali Sovetin fövqəladə sessiyasını keçirəcəyik. Sizin o tələbnaməniz bizim işimizə mane ola bilər. Qoy biz iclas keçirək sonra hər şey məlum olacaq”.

Bu vaxt telefon zəng çaldı. Arif Məlikov dəstəyi götürdü, dinlədi və rus dilində "Əgər sizin əsgəriniz bir ekstremisti tuta bilmirsə, onun bir köpük belə dəyəri yoxdur” deyərək dəstəyi yerinə qoydu. Sonra üzünü Elmira xanıma tutaraq dedi: "Yazovdur, deyir ki, Salyan kazarmasının qarşısında bir ekstremist var, bizim əsgərlərə güllə atır”. Əlavə etdi ki, bütün bunlar təxribatdır, bizi buna çəkmək istəyirlər.

Elə orada məlum oldu ki, SSRİ müdafiə naziri D.Yazov və müavini Sidorov bizimlə görüşmək istəyirlər. Arif Məlikov, Şeyxülislam Allahşükür Paşazadə, Tofiq İsmayılov, Ziya Bünyadov və "Babazadə” gəmisinin kapitanı Müzəffər Əliyev elə oradanca general Yazovun qəbuluna getdilər. Yazovun yanında daxili işlər naziri B.Bakatin, Xəzər Hərbi Dəniz Donanmasının admiralı V.Lyaşenko və bir neçə general olub. Görüş zamanı Yazov əsəbi halda ağsaqqal Müzəffər Əliyevə çımxırıb ki, "Hə, kapitan, qiyam qaldırırsınız?”. Müzəffər müəllim də deyib ki, "xeyr, general, etirazımızı bildiririk”. Sonra soruşub ki, "niyə ora yığışmısınız, siqnal verirsiniz, qoymursunuz yatmağa?”. O da çox cəsarətlə "Siz bura yatmağa gəlmisiniz?” deyəndə əsgərlər avtomatlarını bunların üstünə tuşlayıblar. Müzəffər müəllim qorxmadan Azərbaycan xalqının və dənizçilərin adından danışaraq deyib ki, "siz buradan çıxın gedin. Biz öz işimizi özümüz həll edəcəyik”.

"Vodoley-4” gəmisinə 3600 güllə dəymişdi

- 6 kapitanla birlikdə axşam 18.30-da yenidən Sidorovla görüşə getdik. Enlikürək, iki metrə qədər boyu olan bu admiral bizi başdan-ayağa süzərək, ilk dəqiqədən hədə-qorxu ilə sözə başladı. Söhbət əsnasında hiss etdik ki, ölümlə üzbəüz dayanmışıq. Hərbçilərin hansısa gizli planlarına mane olmuşuq. Hərəkətlərimizi cinayət adlandırdı, bizi 9 ildən 15 ilə qədər həbsə atacaqlarını bildirdi. Mənə işarə etdilər ki, sən danışma, ratsiyadan səsini tanıyar. Daha sonra qeyd etdi ki, guya gəmilərin birində 2 çəllək yanacaq olub, məqsədimiz o çənləri yandırıb gəmini yana-yana hərbi bazaya sürüb, bütün hərbi gəmiləri partlatmaq olub. Guya indi həmin çənlər olan gəmini gizlətmişik. Guya "Aleksey Kortunov”, ya da "Sabit Orucov” sərnişin gəmisinin göyərtəsində əli avtomatlı "boyevik”lər olub, hərbçilər onların şəkillərini çəkiblər. Qəti etiraz etdik ki, bu, bizə qarşı fitnəkarlıqdır, sübutunuz varsa göstərin. O isə "lazım gəlsə, hər şeyi sübut edərik” - deyə "Sabit Orucov” gəmisinin kapitanına 15 il, "ÜİLKGİ-nin 40 illiyi” gəmisinin kapitanına, yəni mənə güllələnmə kəsdirəcəyinə söz verdi. Daha sonra "Bakı buxtasında yanvarın 23-ü saat 24.00-da fövqəladə vəziyyət elan edirik. Gəmilərinizi batıracağıq” deyərək dişlərini qıcadı. Həmin gecə dənizdə güclü külək əsirdi. Həm də bizə əlavə vaxt lazım idi ki, vəziyyəti bütün dənizçilərə izah edək, gəmiləri başqa dayanacaqlara aparaq və tətilləri davam etdirək. Ona görə bildirdik ki, heç olmasa fövqəladə vəziyyət yanvarın 24-ü saat 16.00-da elan edilsin. Razılaşdılar. Məqsədimiz vaxt əldə edib kapitanların üçüncü iclasını çağırmaq və birgə qərara gəlmək idi.

Saat 23.00-da hərbi qərargahdan çıxdıq. Elan etdik ki, yanvarın 24-ü saat 10.00-da kapitanların iclası olacaq. Həmin saatda "Sabit Orucov” gəmisinin sərnişin salonunda 400-ə qədər adam toplaşdı. Biz dünənki görüşlər və bir neçə saat sonra elan olunacaq fövqəladə vəziyyət barədə məlumat verdik. Bütün gəmilərə müraciət etdim ki, "kimin xəstəsi varsa, özü xəstədirsə, indi gedə bilər. Saat 4-də bizi gülləbaran edəcəklər”. Hamısı əsəbiləşdi ki, "bu, mümkün deyil, sən özün gedə bilərsən”. Bir nəfər də gəmini tərk etmədi.

Verilən vaxt yaxınlaşırdı. Xəbər gəldi ki, sahilboyu tanklar, ZTR-lər özlərinə mövqe seçirlər. "Sabit Orucov” gəmisi sahildən isə mühasirəyə alınıb.

Saat 16.00-da efirdə hərbçilərin danışıqları eşidildi. "Neftqaz-64”, "Neftqaz-18”, "ÜİLKGİ-nin 40 illiyi” və "Vodoley-4” gəmilərinin yerlərində qalması, qalanlarının isə buxtanı tərk etməsi əmri verildi. Elə bu vaxt sahildən buxtadakı gəmilərə tanklardan, ZTR-lərdən iriçaplı pulemyot və avtomatlardan atəş açıldı. Sahildən atəş o qədər güclü idi ki, dənizçilər lövbəri qaldırmağa macal tapa bilmirdilər. İlk növbədə Murad Əliyevin "Vodoley-4” gəmisi hədəf seçilmişdi. Gəmi 8 yerdən mərmi zədəsi aldı və yanmağa başladı. Ona köməyə gələn "Vixr-12” yanğınsöndürən gəmisinə də atəş açıldı. Ümumilikdə iki gəmimiz alova büründü, 30-dan çox gəmiyə minlərlər güllə dəydi. Sonradan istintaq komissiyası saymışdı ki, "Vodoley 4” gəmisinə 3600 güllə dəyib. Təəssüf ki, sonradan o gəmini iz itirmək üçün metalloma verdilər, yoxsa tarixi muzey yaratmaq olardı.

Saat 17.00-da Xəzər hərbi donanmasının gəmilərindən də güclü atəş açılmağa başlandı. Yeganə əlacımız gəmilərin batırılmasına imkan vermədən lövbəri qaldırıb açıq dənizə üz tutmaq oldu...

Həbs, işgəncə, ölüm…

Amma sən demə, hələ üz tutduqları limanlarda da dənizçiləri ciddi cəza gözləyirmiş... Dəniz savaşının səhəri günü liman-bazalardakı gəmilər mühasirəyə alınır. 100-dən çox dənizçi həbs olunur, döyülür, işgəncələr verilir. "Aktau” gəmisinin kapitanı V.P.Semidedko dənizçilərin gözü qarşısında o qədər vəhşicəsinə döyülür ki, bir neçə aydan sonra vəfat edir. 44 dənizçi isə "ekstremist” damğası vurularaq 30 günlüyə Orenburq və Ulyanovska həbsxanaya göndərilir. Sidorovun "güllələyəcəyəm” deyə təhdid etdiyi kapitan Kərəm Məmmədovu və daha bir neçə fəal kapitanı yük maşınında bazadan gizli çıxarmağa müvəffəq olurlar. Onlar da 1 ay müxtəlif zirzəmilərdə "həbsxana həyatı” yaşamaq məcburiyyətində qalırlar. Şəhidlərimizin qırxında isə bu cəsur, mərd, heç bir işgəncədən sınmayan məğrur dənizçilərimiz yenidən bir araya gəlirlər...

Bu, dünya dənizçilərinin tarixdə görünməmiş həmrəyliyi idi. Bu, cəsarətli dənizçilərimizin seçdiyi mübarizə yolu, haqq uğrunda savaşları idi. Onlar təpədən-dırnağa qədər silahlanmış imperiya ordusuna qarşı əli silahsız, ürəklərində vətən eşqi ilə dayandılar. İnformasiya blokadasını yararaq, Azərbaycan xalqını qanına qəltan edən sovet ordusunun əməllərini bütün dünyaya xəbər verdilər. Şəhidlərimizin meyitlərinin dənizə tökülərək qanlı cinayətin ört-basdır edilməsinə mane oldular...

O cəsur kapitanların çoxu bu gün həyatda yoxdu. Kapitanlar şurasının 7 üzvündən 4-ü haqq dünyasına qovuşub. Qalan kapitanların isə bircə istəyi var - o beş günlük dəniz savaşında dənizçilərimizin ölümün gözünə dik baxaraq göstərdiyi rəşadət, mərdlik yaddaşlardan silinməsin!

Haqq savaşının getdiyi məkanda - bulvarda üzərində o hadisələrlə bağlı qısa məlumatın yazıldığı xatirə lövhəsi qoyulsun. Dənizçilərimizin qəhrəmanlıq tarixinin gələcək nəsillərə ötürülməsi, unudulmaması naminə...

Xəyalə MURADLI,

"Azərbaycan”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır