Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

AZƏRTAC təcrübəli gəmi kapitanı Nadir Abbasovla həmsöhbət olub

O, dənizi həyatının mənası hesab edir, öz gəmisini müqəddəs əmanət olaraq qiymətləndirir. Söhbət təcrübəli kapitan Nadir Abbasovdan gedir. 

AZƏRTAC Nadir Abbasovdan müsahibə alıb. O, müsahibəsində dənizçi peşəsinin spesifikasından danışıb, təcrübəsini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

Kapitan deyir ki, dənizə olan sevgi ona ailəsindən keçib: “Mən dənizçi nəslindənəm. Hər iki əmim, onların uşaqları və 3 qardaşım dənizçidir. Uşaqlığım onların danışdığı maraqlı səyahət xatirələrini dinləməklə keçib. Hər zaman onları özümə ideal olaraq görürdüm. Bu düşüncələr məni Bakı Dəniz Yolları Məktəbinə getməyə sövq etdi. İndi həmin məktəb Azərbaycan Dövlət Dəniz Akademiyası adlanır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində fəaliyyətə isə 1977-ci ildə başladım. Matrosluqdan gəmi kapitanlığına qədər pillə-pillə addımladım, bir çox vəzifədə fəaliyyət göstərdim. Hər kəs bizim peşənin çox çətin olduğunu düşünür. Ancaq öz peşəsini sevən, ixtisasını mükəmməl bilən insanlar üçün heç nə çətin deyil. Ümumiyyətlə, kapitan öz gəmisinin şəxsi həyətinə, sərnişinlər və ya daşınılan yüklərə cavabdehdir. Gəmidə xoşagəlməz hadisələrin baş verməməsi üçün heyət hər zaman nəzarətdə saxlanılmalıdır. Hər bir kapitan öz gəmisi daxilində kiçik birlik yaradır. Həmin birliyin daim hazır vəziyyətdə olması da kapitandan asılıdır. Düşünürəm ki, kapitan bir növ psixoloq olmalıdır. Çünki uzun müddət dənizdə olmaq insan psixologiyasına təsir edən amildir. Bu səbəbdən səfərdən öncə gəminin şəxsi heyəti ilə müəyyən danışıqlar aparıram. İllərin mənə verdiyi təcrübə həmin şəxslərin uzunmüddətli səfərə hazırlıq səviyyəsini ölçmək üçün kömək edir”.

Nadir Abbasov qeyd edib ki, gəmi səfərə çıxmazdan öncə hər bir kapitan yarana biləcək fövqəladə vəziyyəti nəzərə almalı, qabaqlayıcı tədbirlər görməlidir: “1987-ci ilin qışında matros olaraq fəaliyyət göstərdiyim heyətlə birlikdə səfərə çıxdıq. O zamanlar hava proqnozunu öncədən müəyyən etmək üçün internet və ya avadanlıqlar yox idi. Səfər zamanı heç gözləmədiyimiz anda fırtına qopdu. Fırtına səbəbindən dənizdə gəmidən dəfələrlə böyük dalğalar yarandı. Gəminin bəzi avadanlıqları yararsız hala düşmüşdü. Limana sağ-salamat çatmağımız üçün qurban demişdim. Mən həmişə həmin gəmi haqında danışarkən onun kapitanına rəhmət oxuyuram. Çünki o, prosesi çox peşəkarlıqla idarə etdi. Bu peşədə ixtisaslaşmağımda həmin kapitanın rolu böyükdür. Ümumiyyətlə, o dövrün avadanlıqları hazırda olduğu kimi müasir deyildi. Gəmiçilər havanı buludlara, ulduzlara baxaraq müəyyən edirdilər. Proqnozlar isə təbii ki, hər zaman özünü doğrultmurdu”.

Təcrübəli kapitan qış aylarında səfərə çıxmağın yaratdığı təhlükələrdən də danışıb: “Yayda havanın pisləşəcəyi 3 gün öncədən müəyyənləşir, qışda isə hava saatlar ərzində dəyişə bilir. Dənizlər və okeanlar buz bağlayır. Həmin buz kütlələri bəzən gözlə görünməsə də, struktura zərər verə biləcək ölçüdə olur. Xatırlayıram ki, 2005-ci ilin qışında şəxsi heyətim ilə birgə səfərdə idik. Həmin gün dənizdə hər hansı təhlükəli vəziyyət görmədim. Ancaq axşamı gəminin motorundan xoşagəlməz səslər gəlməyə başladı. Sanki motor normadan daha çox gücə düşmüşdü. Anladım ki, gəmi buz kütləsinə batıb. Qısa zamanda gəminin istiqamətini dəyişib, onu həmin buz kütləsindən çıxartdım. Sözügedən proses bir saat gec olsaydı, sözsüz ki, gəmi su alacaqdı. Hətta, gəmi bata da bilərdi”.

Peşəsi səbəbindən 40-dan çox ölkədə olan kapitan Nadir Abbasov bütün limanların, ölkələrin ona doğma olduğunu qeyd edib: “Səyahət etdiyim ölkələr içində bizi ən xoş qarşılayan Türkiyə, Qazaxıstan, Ukrayna limanları idi. Ancaq limanlar hər zaman gəminin şəxsi heyətini xoş qarşılamır. Braziliya, Cənubi Amerika və ərəb ölkələrinin limanlarında bəzi tayfalar yaşayır. Onlar müasirlikdən olduqca uzaqdırlar. Bu kimi hallarda, xüsusilə axşamlar gəmidən çıxmağa icazə verilmir. Hətta həmin tayfalar bəzən gəmilərə oğurluq məqsədilə hücum edirlər. Onların bir çoxu öz aralarında fərqli dillərdə danışırlar və beynəlxalq dilləri bilmirlər. Türk dövlətlərinə edilən səyahətlər isə olduqca maraqlı keçir. Çünki onların bayramları da bizim adət-ənənəyə uyğundur”.

Nadir Abbasov kapitanlıq etdiyi müddət ərzində ən unudulmaz xatirəsini də bölüşüb: “İndi sərnişinlər ölkələrarası səyahətləri daha çox təyyarələr, avtomobillər vasitəsilə edir. Lakin əvvəllər gəmilərlə səyahət edən sərnişinlərin sayı daha çox idi. Xatırlayıram ki, mənim kapitanı olduğum gəmiyə bir ailə sərnişin kimi gəlmişdi. Ailənin xanımı 8 aylıq hamilə idi. Həmin ailənin ilk övladı mənin kapitanlıq etdiyim gəmidə səyahət zamanı dünyaya gəldi”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır