“Magellan boğazında Azərbaycan bayrağı ilə növbədə idim...”
Emil Səfərli 1998-ci ildə Daşkəsən rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Dəniz Akademiyasında alıb. 2018-ci ildə ADDA-nın Dəniz naviqasiyası ixtisasını bitirib. Karyerasına 2019-cu ildə gəmidə matros vəzifəsi ilə başlayıb. 2022-ci ildən indiyə kimi isə müxtəlif tip və tonnajlı gəmilərdə 3-cü və 2-ci köməkçi vəzifələrində çalışıb. Hazırda “Xocalı” gəmisində kapitanın 3-cü köməkçisidir. Xarici sularda üzür. Elə suallarımızı da indi olduğu Avstraliyadan cavablandırdı.
Fırtına, yoxsa sakit dəniz?
- Əlbəttə, sakit dəniz
- Sekstant - klassik cihaz, yoxsa ECDIS - elektron xəritə?
- Müasirlik tərəfdarıyam, elektron xəritə.
- Dənizçilik: peşə, yoxsa həyat tərzi?
- İlk vaxtlarda peşə kimi gəlir, sonradan həyat tərzinə çevrilir.

- Bəs, sizi dənizçi olmağa həvəsləndirən nə oldu?
- Məndə dənizçi olmaq istəyi hələ 16 yaşımda Dubayda baş mexanik vəzifəsində çalışan bir nəfərlə tanışlıqdan sonra yarandı. Özü baş mexanik olmasına baxmayaraq, mənə kapitanlıq oxumağı məsləhət görmüşdü.
- kapitanın 3-cü köməkçisinin gözü ilə dənizçilik nədir?
- Dənizçilik, bilik, məsuliyyət və təhlükəsizliyin ön planda olduğu bir peşə və həyat tərzidir. Dənizi nə qədər çox sevsən, dəniz də səni bir o qədər sevəcək.
- 3-cü köməkçi kapitanın 'sağ əli', yoxsa 'gözü' sayılır?
- Kapitanın 3-cü köməkçisi gəmidə bütün heyətin gözü sayılır. Çünki gəmidə ən məsuliyyətli işlərdən biri olan təhlükəsizlik və xilasedici vasitələrə cavabdehlik onun üzərinə düşür. Heyətin hər bir üzvü üçün fərdi və kollektiv xilasedici vasitələrin qrafikə uyğun yoxlanılmasını və daim istifadəyə hazır vəziyyətdə olmasını təmin edir.

- Aylarla eyni 20-25 nəfərlə dəmir “qutu”nun içində yaşamaq insana nələri öyrədir?
- Aylarla eyni insanlarla bir yerdə yaşamağın müsbət tərəfləri odur ki, fərqli bölgələrdən, fərqli millətlərdən, fərqli adətlərə sahib insanları tanımaq fürsəti yaranır. Müxtəlif millətlərin təmsilçiləri öz ölkələri barədə maraqlı faktlar danışırlar, hansı ki, bunu başqa yerdə eşitmək şansımız çox azdır. Gəmidə milliyətin, irqin olmaması da müsbət cəhətdir. Gəmidə olduğumuz müddətdə hamı dənizçidir və eyni məqsəd uğrunda çalışır.
- İndi boş vaxtda internetsiz, sosial şəbəkəsiz, demək olar ki, heç kim qala bilmir. Gəmidə internet kəsiləndə və ya fırtına qopanda dənizçilər vaxtlarını necə keçirirlər?
- Günümüzdə demək olar ki, dənizçilər üçün internet problemi yoxdur. Hətta okeanda belə yüksək sürətli internetdən istifadə edə bilirik. Bu, dənizçilərin psixoloji rahatlığı üçün vacib faktordur. İstənilən vaxt ailən və sevdiklərinlə rahat ünsiyyət qura bilmək dənizçilər üçün önəmlidir. Fırtına zamanı isə növbədən kənar sadəcə onun keçməsini gözləyirik. Hə, bir də yata bilsək, yatmağa çalışırıq.
- Bu günə qədər dənizdə qarşılaşdığınız ən maraqlı hadisə və ya çətin vəziyyət hansı olub?
- Ən maraqlı, yaddaqalan an Magellan boğazında oldu. Boğazdan keçən ilk Azərbaycana məxsus “Murovdağ” adlı gəmidə növbə köməkçisi olmağım və boğazın ən dar nöqtəsindən məhz mənim növbədə olduğum zaman keçməyimiz qürur duyulacaq bir faktdır. Bunun üçün Çili dövlətinin bizə təqdim etdiyi sertifikat da mənim üçün unudulmaz xatirədir.
- Gələcəkdə övladınız dənizçi olmaq istəsə, razılaşarsınızmı və ona verəcəyiniz ilk məsləhət nə olar?
- Dənizçilik elə bir peşədir ki, bu peşəni sevməsən dənizdə işləmək çətin olacaq. Gələcəkdə övladım dənizçi olmaq istəsə, təbii ki önünü kəsmərəm. Amma bu peşəyə sahiblənməzdən əvvəl onun bütün çətinliklərini izah edərəm. Sonda qərarı hər bir dənizçi olmaq istəyən özü verməlidir.
Müsahibəni hazırladı:
Xaliq Əliyev
ASCO İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi

