Ukraynanın məşhur dron-qayıqları ABŞ-də 3D çap texnologiyası ilə istehsal ediləcək
Dron texnologiyaları sahəsində fəaliyyət göstərən "Red Cat" şirkəti Ukraynanın döyüş meydanında sınaqdan çıxmış pilotsuz kater dizaynlarını ABŞ bazarına çıxarmaq üçün genişmiqyaslı robotik 3D çap layihəsinə başladığını elan edib.
“Seanews.az” xəbər verir ki, şirkət ilkin olaraq Ukraynanın 7 metrlik dron-qayıq dizaynına fokuslanıb. Bu platforma Qara dənizdə həm uzaqmənzilli "kamikadze" (bomba qayıq), həm də zenit-raket və PUA daşıyıcı variantları ilə özünü uğurla sübut edib.
"Haddy" şirkəti ilə qurulan əməkdaşlıq çərçivəsində gəmi gövdələri 3D printerlərdə çap olunacaq. Bu, müştərinin tələbinə uyğun olaraq 5 və 7 metrlik dronların dərhal, ehtiyac yarandıqda istehsalına imkan verir. Yəni ənənəvi üsullarla həftələrlə çəkən istehsal prosesi kəskin qısalır. Məsələn, 12 metrlik bir gövdənin çapı cəmi 9 gün çəkir. Bu, hərbi münaqişələrin tələb etdiyi sürətli tədarük üçün inqilabi addımdır.
"Blue Ops"un rəhbəri Barri Hinklinin sözlərinə görə, aşağı ağırlıq mərkəzinə və "V" formalı gövdəyə malik bu pilotsuz gəmilər, eyni ölçülü insan idarə edən qayıqlardan daha güclü fırtınalara və dalğalara davamlıdır.

