Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Şərəfli ömrün sahibi

Ömrə alnın təri, əllərin qabarı ilə rəng qatanda daha mənalı olur. Bu zaman geriyə baxmağa da dəyir. Təəssüf ki, belə nümunələr o qədər də çox deyil. Amma dənizçilik peşəsinə könül verənlər bu mənada həmişə bir pillə öndə dayanırlar.  Dalğalar qoynunda cəsarət, hünər və əzmkarlıq nümayiş etdirən təcrübəli dənizçi Siyasət Əliyev də belələrindəndir.

Müsahibimiz  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  Texniki şöbəsinin rəisi Siyasət Əliyevdir.

– Siyasət müəllim,  bir balaca geriyə səyahət edək… 

– 1947-ci il mayın 1-də Cəlilabadda anadan olmuşam. İllər çox sürətlə keçir. Necə deyərlər, zaman öz atını çapır. Uşaqlıq… gənclik… cavanlıq… Bir də baxırsan ki, bunların hamısını geridə qoymusan. Lakin hər yaşın öz yeri, öz dadı-duzu var. Baxır onu necə keçirmisən, həmin vaxtı nə cür  sərf etmisən. Şükür ki, geriyə boylanmağa cəsarətim var. Düşünürəm, şərəfli bir ömrün sahibiyəm.

– Yəqin razılaşarsınız ki, ömrün mənalı olmasında zamanında seçilən peşənin də danılmaz rolu olur?!

– Əlbəttə. Etiraf edim ki, uşaqlıq arzum müəllimlik olub. Hətta, bunun üçün cəhd də göstərmişəm. Keçmiş Azərbaycan Dövlət Pedaqoji İnstitutuna sənəd versəm də, qəbul ola bilmədim. Sonradan fikrimi dəyişib dənizçi olmağa qərar verdim.

– Bildiyimə görə, hazırda həm də Azərbaycan Dövlət Dəniz Akademiyasında müəllim kimi çalışırsınız. Bu mənada, məncə uşaqlıq arzunuza çatmısınız.

-Bəli, indi ADDA-da dərs deyirəm. Düzdür, bir qədər fasilə yaranmışdı. Müəllimlikdən uzaqlaşmışdım. Lakin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yarandıqdan sonra – 2014-cü il yenidən təklif gəldi. Məmnuniyyətlə razılaşdım. Gəncləri öyrətməkdən, onlarla təcrübəmi bölüşməkdən xüsusi zövq alıram. Tələbələrimə təkcə Akademiyada yox, QSC-də olanda da vaxt ayırmağa çalışıram. Aralarında öyrənməyə həvəsi olanlar çoxdur. Onlardan bir neçəsi bu gün Bakı Gəmiqayırma Zavodunda işləyir.

– Bəs, özünüz dənizçi olmağa necə qərar verdiniz?

– 1967-ci ildə  “Paris Kommunası” adına Gəmi Təmiri İstehsalat Birliyində iş tapmışdım. Getdikcə bu sahəyə marağım artdı. Bu  həvəs məni təhsil almağa sövq edirdi. Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin gəmi mexaniki fakültəsinə daxil oldum. Dörd il üç aydan sonra oranı bitirdim və 1973-cü ilin yanvarından Xəzər Dəniz Gəmiçiliyində işləməyə başladım.  İstehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirdim. 1995-ci ilin yanvarına kimi müxtəlif gəmilərdə üzdüm. Motorçudan tutmuş baş mexanikə kimi  bütün vəzifələrdə çalışdım. Hətta bir-neçə il kapitanın birinci köməkçisi də işlədim.

– Bu necə olub?

– 1986-cı ildə məni Dəniz Donanması Nazirliyinin Odessadakı Təkmilləşdirmə İnstitutuna göndərdilər. Bir il kapitanın birinci köməkçisi kursunda oxudum. Geri qayıtdıqdan sonra kapitanın birinci köməkçisi vəzifəsinə təyin olundum. Bir müddət işlədikdən sonra yenidən mexanikliyə qayıtdım. 1995-ci ildə Gəmçilikdə Donanmanın Texniki İstismar Xidməti rəisinin müavini vəzifəsinə irəli çəkildim.  10 aydan sonra isə Gəmiçiliyin baş mühəndisi vəzifəsinə təyin olundum. 1997-ci ildən bu günə kimi isə Texniki şöbənin rəisiyəm.

– Siyasət müəllim, bir az əvvələ qayıdaq. Dənizçi olmağınızı ailəniz necə qarşıladı?

– Ailədə, yaxın ətrafımızda dənizçi yox idi. Ona görə, bizim evdə heç kim dənizçi olmaq nədir bilmirdi.  Amma etiraf edim ki, hər dəfə dənizçi formasını geyinib kəndə gedəndə hamı mənə xüsusi heyranlıqla baxırdı. Amma bir dəfə atamın üzündə narazılıq görmüşəm.  Tələbə vaxtı bizi  xaricə üzən gəmilərə altı aylıq istehsalat təcrübəsinə göndərdilər. Atam onda həddən artıq narahatlıq keçirirdi. Getməyimi istəmirdi. Sonradan onu razı sala bildim.

– Bəs, özünüzdə hansısa qorxu var idi?

– Yox, qətiyyən. Dəniz fırtınaları və dalğaları ilə gözəldir. Bir də ki, qorxan gözə çöp düşər.

– Yəqin, dənizdə çətin anlarınız az olmayıb. Gördüyünüz ilk fırtına və ilk həyəcanınız daha maraqlıdır…

– Deməli, istehsalat təcrübəsi vaxtı İliçovski limanından Vyetnama gedirdik. Yükümüz kənd  təsərrüfatı malları idi. Sayqon ətrafında bizi güclü külək tutdu. Gəminin burnu dərinliyə getdikcə, fikirləşirdim ki, batacağıq. Təsəvvür edin, okean, dərinlik də nə az-nə çox –  6-7 min metr. Həmin gün qabaqda başqa bir gəmi batmışdı. Dəhşətli hava idi. Amma sizə deyim ki, ondan sonra rastlaşdığım bütün hava şəraitini adi qəbul edirəm.

– Bu gün Gəmiçilikdə mühüm bir şöbəyə rəhbərlik edirsiniz. İşin gedişatından razısınız?

– Texniki şöbə elədir ki, bir növ elmi tərəfə meyllidir. Daha çox layihə institutları və büroları ilə işləyirik. Şöbəmiz  tikilən gəmilərə nəzarəti həyata keçirir. Sənədləşmə, tikildiyi zavoddan gəminin tam hazır vəziyyətdə gətirilməsinə və ilk bir il ərzində ortaya çıxan texniki nasazlıqların istehsalçı zavod tərəfindən aradan qaldırılmasına texniki şöbə cavabdehdir.    Həm də gəmiləri texniki sənədlərlə təmin edirik. İşdən və işlərin gedişatından narazı deyiləm. Əlimizdən gələni edirik ki, hansısa problem yaranmasın.

– Donanmamızın texniki vəziyyəti barədə nə deyə bilərsiniz?

Texniki vəziyyət çox yaxşıdır.  SSRİ dağılanda güclü gəmiçilik şirkətləri var idi. Hamısı 3-5 ildən sonra məhv oldu. Xəzər Dəniz Gəmiçiliyi isə vəziyyətdən  çıxa bildi. Ulu öndər Heydər Əliyevin xüsusi diqqəti ilə Gəmiçilik dirçəldi və çoxlu yeni gəmilər alındı.. Bu missiya bu gün də davam edir. Bunu danmaq nankorluq olar. Hazırda dörd gəmi – 2 bərə, 2 tanker  tikilir və gələcəkdə də  gəmilərin tikintisi  davam etdiriləcək. 

– Siyasət müəllim, 70 illik ömrünüzün 50 ili dənizlə bağlıdır. Bu yarım əsrlik zəhmətin bəhrəsindən danışaq.

– Bu gün sahib olduğum çox şeyə görə mən Xəzər Dəniz Gəmiçiliyinə borcluyam. Hələ SSRİ vaxtından xüsusi diqqət görən dənizçilərdənəm. 1984-cü ildə Dəniz Donanması nazirinin göstərişi ilə mənə növbədənkənar maşın verdilər. 2008-ci ildə “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görüldüm. 2014-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olundum. Deməli,  zəhmətim hədər getməyib. Ad günüm ərəfəsində Gəmiçiliyin rəhbəri Rauf Vəliyevin göstərdiyi diqqəti isə qeyd etməyə bilmərəm. Xüsusi təbrik etdi və qol saatı bağışladı. Qiymətini bilmirəm, amma mənim üçün çox dəyərli hədiyyədir. ( gülür)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır