Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Həyatımı dənizsiz təsəvvür etmirəm”

Gündüz Qədimov 1954-cü ildə Biləsuvar rayonunda doğulub. 1970-ci ildə Politexnik Texnikumuna daxil olub. Əmək fəaliyyətinə Ağdam kənd təsərrüfatı texnika birliyinin təmir emalatxanasında çilingər kimi başlayıb. Burada cəmi bir il işləyib. Dəniz eşqi onu 1977-ci ildə “Xəzərdənizneftdonanma” idarəsinə gətirib. Sular qoynunda ilk səfərlərinə motorçu kimi çıxan Gündüz Qədimov xidmət pillələri ilə uğurla addımlamağı bacarıb.

Gündüz Qədimov hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Xəzər Dəniz Neft Donanmasının “General Şıxlinski” gəmisində baş-mexanik işləyir. 2 milyardıncı ton neftin hasili münasibəti ilə təltif edilən dənizçilər arasında o da var.

-Gündüz müəllim, Prezident İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək ordeni”nə layiq görülmüsünüz. Təbrik edirik.

– Əməyimə verilən yüksək qiymətə görə həm ölkə başçımız İlham Əliyevə, həm də “AXDG” QSC-nin sədri Rauf Vəliyevə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, etimadı doğruldum.

-41 il əmək stajınızın 40 ili dənizlə bağlıdır.

-İllər elə sürətlə keçir ki… Elə bil dünən idi “Xəzərdənizneftdonanma” idarəsində motorçu şagirdi kimi işə başladığım. Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirəndən sonra özümə inamım artdı.

-Peşənizin çətinliyi barədə nə deyə bilərsiniz?

-Dənizin hər üzünü gördüm, bütün çətinlikləri yaşadım. Amma bir o qədər də işimdən zövq aldım. İnsanlarla dostluq etməyin yollarını öyrəndim. Çətin günlərdə həmrəyliyin nə olduğunu anladım. Dənizdə başqa cür mümkün də deyil. İndi işə elə öyrəşmişəm ki, həyatımı dənizsiz təsəvvür etmirəm.

 

-Hansı gəmilərdə və layihələrdə çalışmısınız?

-Demək olar, Xəzər Dəniz Neft Donanmasının əksər gəmilərində işləmişəm. “İsrafil Hüseynov”, “Süleyman Vəzirov”, “Aura”, “General Şıxlinski” və s. Çalışdığım hər bir gəmi mütəxəssis kimi formalaşmağımda böyük rol oynayıb. Layihələrə gəlincə, qeyd edim ki, XDND əsasən Dövlət Neft Şirkətinin sifarişlərini yerinə yetirir. Həmin gəmilər neft yataqlarına blokların yerləşdirilməsi, svayların vurulması, buruqların qoyulması, borudüzmə işlərində istismar olunur. Olduqca vacib gəmilərdir. Bakı-Tbilisi-Ceyhan, Günəşli və digər layihələrdə sözügedən gəmilərin xüsusi rolu və çəkisi var.

-Dənizdə boş vaxtlarınızda nə edirsiniz?

-İdmanla məşğul oluram. Təmiz havada idmanın faydası daha çoxdur. Bundan başqa, kitab oxumağı, filmə baxmağı, musiqiyə qulaq asmağı xoşlayıram. Dənizdə bunların ayrı ləzzəti var…

– İşə yeni başlayanlara nə tövsiyə edərdiniz?

-Peşə həyatında ilk illər çox önəmli mərhələdir. Bu dövrdə öyrənməyə və özlərini inkişaf etdirməyə daha çox çalışmalıdırlar. Özlərinə qısa, orta və uzun müddətli hədəflər müəyyənləşdirməli və məqsədə doğru inamla addımlamalıdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır