Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Vətən müharibəsində iştirak edən ASCO-nun sədr müavini: “11 yaşımda ayrıldığım evimizə qayıtmaq möcüzə kimi gəlirdi”

44 günlük Vətən müharibəsi müasir tariximizə qızıl hərflərlə həkk olundu.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz və xalqımız düşmənə meydan oxudu, torpaqlarımız işğaldan azad edildi.

Zəfərlə bitən bu savaş bizə həm də torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçməyə hər zaman hazır olan neçə-neçə igid oğulları tanıtdı. O oğulları ki, şanlı tarixin yazılmasında birbaşa iştirak edirdilər. Müharibənin başladığı ilk günlərdən silaha sarılan Vətən övladları arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları da var idi.  Həm sıravi, həm də rəhbər heyətdən döyüşlərə qatılan ASCO əməkdaşlarının hər biri bu missiyanı qürurla yerinə yetirdilər.

Doğulduğu Qubadlı rayonundan 11 yaşında məcburi köçkün kimi ayrılan ASCO sədrinin müavini, ehtiyatda olan zabit Nəzrəddin Əhmədzadə də həmin döyüşçülər arasında idi. Doğma yurduna, el-obasına, Qarabağ torpağına yenidən qayıtmağın sevincini yaşayan sədr müavini  “SeaNews.az” saytı ilə öz təəssüratlarını bölüşüb.

Nəzrəddin müəllim, necə oldu ki, könüllü olaraq ordu sıralarına qatılmaq qərarı verdiniz?

-        Bilirsiniz ki, döyüşlər düşmən təxribatı nəticəsində ötən ilin 27 sentyabrında başladı. Elə həmin gün qərar verdim ki, müharibədə iştirak etməliyəm. Və sentyabrın 28-də könüllü olaraq ordu sıralarına qoşuldum. Bu mənim üçün qürurverici idi. Çünki, təxminən 30 il sonra işğalda olan doğma Qarabağımıza, doğulub, boya-başa çatdığım, daha doğrusu, 11 yaşınadək çörəyini yediyim, suyunu içdiyim, havasını udduğum Qubadlıya qovuşmaq üçün tələsirdim.

Sizin döyüş yolunuz hardan və necə başladı?

-        Cəbrayılın Cocuq Mərcanlı kəndindən, Lələtəpə yüksəkliyindən döyüşə başladıq. Daha sonra Mehdili, Nüzgar, Şəybəy, Quycaq, Harovlu və Cəbrayıl rayonunun daxil olduq. Cəbrayıl işğaldan azad edildikdən sonra Daş Veysəlli, Minbaşılı, Hovuslu, Sofulu, Dağ Tumas, Dağ Maşanlı istiqamətində irəlilədik. Nəhayət, Qubadlıya ayaqlarımızı basdıq. Burada Balasoltanlı, Xanlıq istiqamətində və Qubadlı rayonunun mərkəzində döyüşlərdə iştirak etdim.

Yeri gəlmişkən, Qubadlıda doğulmusunuz və illər keçdikdən sonra doğma torpağınıza qovuşdunuz. Həmin vaxt keçirdiyiniz hissləri bilmək maraqlıdır.

-        Bu, əvəzolunmaz hisslər idi. 27 ildən sonra yenidən doğma rayonumuza qayıtmaq, özü də döyüşçü olaraq qayıtmaq möcüzə kimi gəlirdi. 27 illik həsrət sevinc və qürur hissləri ilə əvəzlənmişdi.  

Küçənizi, evinizi tapmaq çətin olmadı ki?

-        Qubadlı mənfur düşmən hücumuna məruz qalanda 11 yaşım var idi. Həmin çətin günləri indiki kimi xatırlayıram. Qubadlıya çatanda həmin günləri yenidən xatırladım və gördüyüm mənzərədən məyus oldum. Yollar, evlər viran edilmişdi, baxımsızlıqdan ağaclar məhv olmuşdu. Bir sözlə, mənfur düşmən hər şeyi qəddarcasına dağıtmışdı. Bütün bunlara baxmayaraq evimizi rahatlıqla tapdım. Evə çatanda bir anlıq sanki 11 yaşıma - uşaqlığıma qayıtdım. Qubadlıdakı günlərimiz gözümün qabağından bir lent kimi keçdi.

Nəzrəddin müəllim, bir zabit kimi döyüşlər zamanı ordudakı şəxsi heyətin ümumi ab-havasını necə dəyərləndirərdiniz?

-        Şübhəsiz ki, şəxsi heyət arasında birlik var idi. Hər kəs döyüşə böyük ruh yüksəkliyi ilə qatılmışdı. Mən bəzən 18 yaşında döyüşçünün şücaətinə təəccüblənirdim. Heç kimin gözündə qorxu hiss etmirdim. Bu həm də komandirlərin, ordu birliklərinin rəhbərlərinin siravi heyətlə birgə döyüşməsinin nəticəsiydi. Orada hər kəsin məqsədi düşmənin başını əzmək, torpaqlarımızı işğaldan azad etmək idi.  27 il az müddət deyil. Görünür, bu illər insanların ürəyindəki vətən sevgisini zərrə qədər də azaltmayıb. Əksinə, nəyi müşahidə edirdim? Hər kəs canından keçməyə belə hazır idi, təki torpaqlarımız azad olsun.

Təbii ki,  siz orada həm də ASCO ailəsini təmsil edirdiniz.

-        Bəli, döyüşlərə mənimlə birlikdə ASCO-dan ümumilikdə 58 nəfər qatılmışdı. Onlar arasında orden və medallarla təltif olunanlar da var.  Həm həmkar, həm də silahdaş kimi birgə düşmənə qarşı vuruşmaq qürurverici hiss idi. Əslində orduya xeyli sayda əməkdaşımız yazılmışdı. Amma bilirsiniz ki, onların hamısına çağırış gəlmədi.


Döyüşə getməyən dənizçilər də arxa cəbhədən dəstək göstərirdilər.  

-        Bəli, hər birimiz arxa cəbhənin ön cəbhəyə qayğısını hiss edirdik. Kifayət idi ki, nəsə xahiş edəsən, həmin an həll olunurdu. Bütün ASCO ailəsindən diqqət görürdük. Hətta biz olmadığımız müddətdə ailələrimizə də dəstək edilirdi.

Və sonda əlavə etmək istədiyiniz nəsə varmı?

-        Vətən uğrunda canından keçən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Bu qələbə bizim birliyimizin nəticəsi idi. Və əlbəttə ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli addımı, uğurlu siyasəti nəticəsində biz şanlı zəfəri qazandıq. Birliyimiz, bütövlüyümüz əbədi olsun.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır