Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Dəniz səhvləri bağışlamır” - Peşəkarların hazırlandığı mərkəzdən "Oxu.az"ın REPORTAJI

Digər peşələrdən fərqli olaraq dənizçilik insan həyatında əhəmiyyətli bir rol oynayır. Bu peşə həm çox məsuliyyətli, həm də şərəflidir. Dənizi sevməyən insan heç vaxt dənizçi peşəsinə yiyələnə bilməz…

Bu sözləri Oxu.Az-a müsahibəsində ASCO-nun Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov deyib.

 

E.Manafov deyir ki, təlimlər yaşından asılı olmayaraq bütün dənizçilərin həyatının ayrılmaz bir hissəsidir.

- Emil Manafov, dənizçilər Təlim Tədris Mərkəzində hansı kurslar üzrə sertifikatlar əldə edə bilərlər?

- Dənizçilər təlimlərimizdə iştirak etməklə öz bilik və bacarıqlarını daim təkmilləşdirirlər. Burada həm yeni qaydaların öyrənilməsi, həm də dənizdə sağqalma, naviqasiya, xəritəçəkmə, beynəlxalq konvensiyaların müvafiq tələblərini öyrənirlər. Dənizçilərin səriştə meyarları “Dənizçilərin hazırlanması, diplomlandırılması və növbə çəkmələrinə dair beynəlxalq  konvensiya” əsasında qiymətləndirilir. Dünyanın hər bir ölkəsində dənizçilərin bilik və bacarıqları rəsmən təsdiq olmunmuş bir standartla tənzimlənir.  

Bizim təlim mərkəzi də 2014-cü ildən etibarən dənizçiləri həmin beynəlxalq konvensiyaların tələblərinə uyğun hazırlanması üçün öz fəaliyyətinə başlayıb. Qısa zaman ərzində mərkəzimiz həm yerli, həm də bir neçə xarici akkreditasiyalar almağa müvəffəq olub. Belə ki, Təlim Tədirs Mərkəzində keçirilən təlimlər bir başa olaraq həm Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, həm də bir sıra beynəlxalq  tanınmış qurumların - Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS), Rus Registri və Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən tanınıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi “DP İnduction” və “DP Simulator” təlimlərini keçirmək səlahiyyəti əldə edən dünyada 89 mərkəzdən biridir. Adı çəkilən təlimlər həm yerli, həm də xarici dənizçilər üçün həyata keçirilir. Təlimlər Azərbaycan, rus və ingilis dillərində tədris edilir.

- Bu mərkəz eyni anda nə qədər dinləyicinin iştirakına şərait yaratmaq gücündədir?

- Pandemiyadan əvvəlki dövrdə Mərkəz ortalama gün ərzində 250 nəfərə yaxın dinləyicinin təlimlərdə iştirakına şərait yaradırdı. Pandemiya dövründə isə bəzi təlimlərin nəzəri hissəsi onlayn şəkildə aparılır. Bu gün də demək olar ki, 200 nəfərə yaxın müraciətçinin təlimlərimizdən yararlanmasına imkan yarada bilirik.

Yerli və beynəlxalq şirkətlərin əməkdaşları dil qruplarına görə fərqli qruplarda təlimlərə qoşulurlar.

- Ümumiyyətlə dənizə açılan gəminin heyətində olan şəxsin minimum neçə sertifikatı olmalıdır?

- Tələb olunan təlim sayı dənizçinin vəzifəsindən, gəmi növündən və bir sıra digər faktorlardan asılıdır. Gəmidə müxtəlif işlərə cəlb olunan mütəxəssislərdə 1, kapitanlarda isə 17 sertifikata qədər dəyişə bilər.

Bu sertifikatlar isə 5 ildən bir yenilənməlidir. Təlimlər mütəmadi olaraq müxtəlif aralıqda davam edir. Bəzi təlimlərin müddəti bir gün, bəzilərinin isə 17 gündür. 5 illik müddət bitdikdən sonra həmin təlimlərə təkrar qatılmalı olurlar.

Təlim vəsaitləri və proqramlar Beynəlxalq Dəniz Təşkilatı tərəfindən dərc olunur. Hər bir təlimin tədris proqramı mütəxəssislərimiz tərəfindən hazırlanaraq Dövlət Dəniz Agentliyinə təsdiq üçün göndərilir. Təsdiq olduqdan sonra bu vəsaitlərini zərurət olduğu təqdirdə digər dillərə də tərcümə edirik.

- İmtahanlardan kəsilənlər olur mu?

- Çalışırıq ki, təlimlərdə elə bir qaranlıq məqam qalmasın. Çünki dənizçi səhvlərini məhz burada etməlidir. Dənizdə səhv etmək imkanı yoxdur, dəniz səhvləri bağışlamır. Elə təlim iştirakçıları olur ki, onlar imtahandan kəsilir. Biz onlara ikinci dəfə də imtahan vermək şansı yaradırıq. Lakin ikinci dəfə də imtahandan kəsilən iştirakçılar öz çalışdıqları müəssisəyə müraciət edərək onları yenidən kursa göndərmələri üçün müraciət edirlər.

Direktorla xoş söhbəti yekunlaşdırıb, keçirik mərkəzi kəşf etməyə…

Əvvəlcə onu deyim ki, bu mərkəz başlanğıcı və sonu bilinməyən bir məkanda çalışan peşəkarları yetişdirir. İlk baxışda insana hüzur verən, lakin bir yandan da səbirli bir canavarı xatırladan dənizin sakinlərini... Dənizçilərdən ibarət kollektivlərin hər biri dənizdə kiçik bir dövlət olur.

Bu gün – 25 iyun Dənizçi Günüdür. Qəhrəman dənizçilərimizi bu gün hər kəs tanıyır. Lakin onların yetişdiyi o sirli, möhtəşəm məkanı isə bəlkə də çoxunuz tanımırsınız.

Dənizçilər peşə bayramlarında üz tutduq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin Təlim Tədris Mərkəzinə. Mərkəz Salyan şosesi 23 ünvanında yerləşir.

Dənizçilər burada müxtəlif sertifikatlar alaraq özlərini təkmilləşdirirlər. Çünki dəniz narahat olanları, lütfkar və ya çox səbirsiz insanları mükafatlandırmır. Dənizə çıxan şəxs psixoloji və fiziki cəhətdən buna hazır olmalıdır. Dənizçilər isə Təlim Tədris Mərkəzində keçirilən kurslarda iştirak etməklə sözün əsl mənasında həm nəzəri, həm praktiki olaraq hazırlanırlar.

Təlim Tədris Mərkəzində 44 kurs keçirilir. Mərkəzin 27 nəfərdən ibarət təlimatçı heyəti ilə yanaşı, xidməti müqavilə ilə fəaliyyət göstərən 10 nəfər peşəkar təlimatçı fəaliyyət göstərir.
Dənizçilər burada öz bilik və bacarıqlarını imtahan otaqlarında yerləşdirilən müxtəlif simulyatorlar qarşısında nümayiş etdirə bilirlər. İmtahanlardan keçən şəxslər sertifikatla təmin edilirlər.

Sertifikatların yenilənməsi üçün müraciət edənlərdən təxminən 10 %-i təlimləri ilk cəhddən müvəffəqiyyətlə başa çatdıra bilməsə də, qalanları bu təlimləri uğurla başa vururlar.
Mərkəzdə yerləşən hovuz və təchizat Azərbaycanda təkcə buradadır. Burada dənizdə sağqalma təlimləri keçirilir ki, bu təlimlərə qatılmaq üçün xarici ölkələrdən dənizçilər müraciət edir.

Təlim Tədris Mərkəzinin Təhlükəsiz üzmə və əməyin təhlükəsizliyi üzrə baş təlimatçısı Cavanşir Rəcəbli deyir ki, bu hovuzun ölçüsü 21x50 metrdir:

“Dərinliyi 1-2-3 metr olaraq dəyişir. Hovuzda dənizçinin açıq dənizdə qarşılaşa biləcəyi bütün təbii fəlakətləri süni şəkildə yaratmaq mümkündür. Ətrafda olan qurğulardan süni külək, suyun içərisində yerləşdirilən cihaz vasitəsilə dalğa yaradaraq dənizçinin vəziyyətdən necə çıxış yolu tapmasını müşahidə etmək olur”.

Bizim TTM-i Xəzər hövzəsində yeganə, dünyada 89 dövlətdən biridir ki, DP (Dinamik Mövqe Saxlama) kursları fəaliyyət göstərir. Bu kursları TTM-də xidməti müqavilə ilə çalışan mütəxəssislər (kapitanlar və baş köməkçilər) keçirir.

CMS şirkətində gəmi kapitanı kimi çalışan Eldar Temirbulatov deyir ki, “DP İnduction” və “DP Simulator” təlimləri müxtəlif  həftələrdə 5 gün olmaqla keçirilir.

“Təlimlərdə iştirak edən şəxslər İngiltərədə tərtib edilən suallara cavab verməklə onlayn qaydada imtahanda iştirak edirlər. İmtahanlar tam şəffaf şəkildə keçirilir. Təlimləri uğurla keçən şəxslər  60 gün gəmidə praktika keçməlidirlər. Daha sonra müvafiq sənədləri toplayaraq İngiltərəyə göndərirlər və müvafiq olaraq Dinamik Mövqeləşdirmə üzrə operator sertifikatını alırlar”.

Ən maraqlısı isə özünüzü gəmidəki kimi hiss edəcəyiniz bu stimulyatorlardır. Bu təlimləri isə Mərkəzdə təlimatçı Nəfi Məmmədov keçirir.

O deyir ki, bu simulyator üzərində yerləşən bütün cihazlar gəminin idarə panelində mövcud olduğu üşün təlimlərdə daha effektiv nəticə alırır:

“Bu cihaz vasitəsilə kapitan körpüsü kursunu, gəminin amnevr kursunu, radar kursunu keçirik. Təlimlər praktiki olaraq daha çox keçirilir və nəticədə imtahan verilir. İmtahandan uğurlu keçən şəxslər sertifikatlarla təmin edilir”.

Bu möhtəşəm məkandan maraqlı məlumatlar və xoş təəssüratla ayrılırıq. Əziz dənizçilər peşə bayramınız mübarək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında Dənizçi Günü kimi qeyd edilir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində Dənizçilər Gününün qeyd olunması barədə qərar qəbul edilib.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır