Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-14,
Seanews
Heyder Eliyev

Əziz Əliyevin bilinməyən tərəflərinə işıq salan kitab

Adıgözəl Məmmədovun yeni - "Böyük Azərbaycan naminə Əziz Əliyev " kitabı Azərbaycan tarixində görkəmli iz qoymuş dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Əməkdar həkim, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin fəaliyyətinə həsr olunub. Bu tədqiqat əsəri tariximizin bir çox gizli səhifəsinə işıq salmaqla təkcə bu sahənin adamları üçün deyil, həm də geniş oxucu kütləsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Müəllif arxiv sənədlərinə əsaslanaraq Əziz Əliyevin xüsusən Dağıstanda fəaliyyət göstərdiyi illəri daha maraqlı rakursdan işıqlandırmaqla, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim edir.

Kitabda Əziz Əliyevin Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi fəaliyyətinin ilk aylarında hərbi hissələrin formalaşdırılması, döyüş batalyonlarının və partizan dəstələrinin yaradılması, səfərbərlik ilə bağlı ən mühüm büro qərarları verilmişdi. Bunun nəticəsində respublikanın bütün bölgələrindən 120 min insan orduya cəlb edilmiş, müdafiə obyektlərinin tikintisi ilə bağlı çoxlu işlər görülmüşdü. Həmin dönəmdə dağlılara inam artmışdı.

Sonradan Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Əziz Əliyevin təşəbbüsü ilə Dağıstan gənclərini əsasən azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasına daxil etmişdilər. 1943-cü ilin yanvar-iyul aylarında DMSSR Xalq Komissarları Soveti və partiyanın Dağıstan Vilayət PK Bürosu Dağıstan xalqlarından Qızıl Ordu sıralarına könüllülərin cəlb edilməsi haqqında bir sıra qərarlar qəbul edib. 17 fevral 1943-cü ilədək cəbhəyə göndərilmək üçün 12 mindən çox müraciət daxil olmuşdu. Burada ən vacib məqam odur ki, Əziz Əliyev əsasən azərbaycanlılardan formalaşdırılmış 416-cı Taqanroq diviziyasının tərkibində dağıstanlılardan ibarət süvari eskadrilyanın yaradılmasının təşəbbüskarı kimi çıxış edir və buna nail olur. Arxiv materialları arasında 10 sentyabr 1943-cü ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosunun qərarı xüsusilə diqqəti cəlb edir. Qərar 416-cı Taqanroq atıcı diviziyasının komandanlığının Dağıstan fəhlələrinə məktubu haqqındadır.

Sənəddə göstərilir ki, Dağıstan süvari eskadrilyasının daxil olduğu 416-cı Taqanroq atıcı diviziyası Rostov vilayətinin və Taqanroq şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə Ali Baş Komandan, Sovet İttifaqının marşalı yoldaş Stalin Rostov vilayətinin və Taqanroq şəhərinin azad edilməsində əla hərbi əməliyyatlara görə diviziyaya minnətdarlığını bildirərək ona "416-cı Taqanroq atıcı diviziyası" adını vermişdir. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Dağıstan Vilayət Komitəsinin Bürosu qərara alır: Dövlət Müdafiə Komitəsinə və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinə təklif edilsin ki, 416-cı Taqanroq atıcı diviziyasında olan Dağıstan xalqının igid oğullarının şücaətlərini bütün sovet zəhmətkeşlərinə çatdırımasına kömək etsinlər. Diviziya komandanlığına, Dağıstan süvari eskadrilyasının əsgər və zabitlərinə hədiyyələr təşkil edilsin. Bundan başqa, Dağıstan süvari eskadrilyasının hərbi şücaətlərini təbliğ etmək üçün "Daqestanskaya pravda"nın baş redaktoruna icazə verilsin ki, Taqanroqun azad edilməsində Dağıstan oğullarının iştirakı ilə bağlı materialları toplamaq üçün diviziyaya xüsusi müxbir İ.Vinniki göndərsin. Respublika qəzetlərinin redaktorlarını və radio komitəsinin rəhbərini 416-cı Taqanroq atıcı diviziyasının komandanlığının Dağıstan zəhmətkeşlərinə məktubunu çap edib yayımlamaq üçün dəvət etsinlər.

"Böyük Azərbaycan naminə Əziz Əliyev" kitabından öyrənirik ki, diviziyanın yaranması o qədər də asan olmamışdır. Azərbaycan K(b)P-nin ikinci katibi işləmiş Mirhəsən Seyidov öz xatirələrində bu barədə ağrı-acı ilə danışırdı ki, Kerç faciəsini eşidən Mir Cəfər Bağırov çox narahat olur və Mexlisə möhkəm qəzəblənir. Çünki Mexlis nəyin bahasına olursa-olsun, Kerç körfəzi vasitəsilə Krım yarımadasına daxil olmaq əmrini vermişdi. Bu vəzifələri yerinə yetirməli olan diviziyalar isə əsasən azərbaycanlılardan formalaşdırılmışdı. Həmin cəhd zamanı açıq dənizdə alman bombardmançıları bu əsgərləri daşıyan bütün gəmiləri məhv etmişdilər. Buna baxmayaraq, əməliyyatın davam etdirilməsi və Krım yarımadasına daxil olmaq üçün təkrar əmr verilmişdi. Bu dəfə alman bombardmançıları diviziyanın bütün heyətini darmadağın etmiş, köməksiz əsgərlər sadəcə olaraq dənizdə boğularaq həlak olmuşdular.

Mexlisin səriştəsiz əmri haqqında Sevastopolun müdafiəsi üzrə quru qoşunları komandanının müavini və sahilyanı ordunun rəhbəri İ.Petrov M.C.Bağırovu məlumatlandırır və deyir ki, "Bir neçə gündən sonra soydaşlarınızdan heç kim sağ qalmayacaq. Mən heç nə edə bilmirəm (Mexlisi nəzərdə tutur). Lütfən, müdaxilə edin və təcili tədbirlər görün. Xahiş edirəm, mənim adımı çəkməyəsiniz".

Lev Mexlis kim idi? O, SSRİ-nin siyasi elitasında mürəkkəb, bəzi siyasilərin fikrincə, dözülməz xarakteri ilə fərqlənirdi. L.Mexlis siyasi karyerasında sürətlə irəliləyir və yüksək vəzifələrə təyinatı həmişə Stalinin təşəbbüsü ilə baş tuturdu. Müharibə illərində Mexlis bir çox cəbhənin hərbu şuralarının üzvü olub. General-polkovnik rütbəsinə qədər yüksəlib. Neçə-neçə general Mexlisin Stalinə ünvanladığı məxfi arayışların qurbanı olub.

1942-ci il yanvar ayının sonunda Stalin L.Z.Mexlisi siyasi rəhbərliyin nümayəndəsi kimi Krım cəbhəsinə göndərir. O isə adətinə uyğun olaraq, kömək göstərmək əvəzinə rəhbər kadrları qatıb-qarışdırmağa başlayır. Hər şeydən əvvəl, cəbhənin qərargah rəisi Tolbuxini general-mayor Veçni ilə əvəz edir. Cəbhənin hazırladığı hücum dəfələrlə təxirə salınır, Mexlisin işi yalnız komandirlərlə mübahisə etmək idi. Mayın 7- də almanlar özləri hücuma keçirlər və bir gün sonra cəbhənin müdafiəsini yarırlar. Nəticədə Krım yarımadası Kerçlə birlikdə düşmən tərəfindən ələ keçirildi. ("Avropadakı son hüdudlarda") Hərbi hissələrdə "Azərbaycanlıdan döyüşçü çıxmaz" söz-söhbəti yayılırdı. Bu, əlbəttə ki, əsgərlərin mənfi reaksiyasına səbəb olur, onları təhqir edirdi. Bununla bağlı M.C.Bağırov Stalinin qarşısında çıxış edir və hər şeydə, o cümlədən də Kerçdəki uğursuz əməliyyatda Mexlisi günahlandırır.

Mexlis Stalinə göndərdiyi hesabatda baş verənlərə görə cəbhə komandiri D.T.Kozlovu ittiham edirdi. Cavabında Stalin Mexlisə yazırdı: "Siz Krım cəbhəsinin işlərinə cavabdeh olmayan qəribə bir kənar müşahidəçi mövqeyi tutmaqdasınız. Bu mövqe əlverişli, amma tamamilə çürükdür... Siz Krım Cəbhəsinə Dövlət Nəzarətçisi (L.Z.Mexlis Dövlət Nəzarəti Xalq Komissarı vəzifəsini tuturdu - A.M.) kimi yox, Baş Komandanlığın məsul nümayəndəsi kimi göndərilmisiniz. Siz bizim Kozlovu Hindenburq tipli birisi ilə əvəzləməyimizi tələb edirsiniz. Amma bilməyə bilməzsiniz ki, bizim ehtiyatda hindenburqlarımız yoxdur. Krımdakı işləriniz mürəkkəb deyil və bunların öhdəsindən özünüz də gələ bilərsiniz. Əgər siz hücum aviasiyasından əlavə işlər üçün deyil, düşmənin tanklarına və canlı qüvvəsinə qarşı istifadə etsəydiniz, düşmən cəbhəni yara bilməz, tanklar müdafiə xəttini aşıb keçməzdi. İki ay Krım cəbhəsində heç bir nəticəsiz oturaraq belə bir sadə şeyi başa düşmək üçün Hindenburq olmaq lazım deyil".

İyun ayının 3-də Çadayev Stalinin qəbul otağında cəbhədən gəlmiş Mexlislə görüşür. Çadayev danışırdı ki, o, Mexlislə Kerç yarımadasındakı döyüşlərdə məğlubiyyətinin səbəbləri barədə söhbət edərkən "Stalin qapıda göründü. Mexlis oturduğu yerdən sıçradı: "Salam, yoldaş Stalin! İcazə verin, məruzə edim". Stalin yerişinə haram qatıb, bir anlıq yuxarıdan-aşağı Mexlisə baxdı, həyəcanlı səslə dedi: "Lənətə gələsiz Sizi!" Və dərhal da kabinetə girib qapını arxasınca çırpdı. Mexlis yavaş-yavaş əllərini yanlarına endirdi və pəncərəyə tərəf çevrildi... Sonralar Poskrebışevdən öyrəndim ki, Mexlis həmin gündən bir müddət sonra nəhayət ki, Stalinin qəbulunda ola bilib. Krım fəlakətinin günahkarı sözün əsl mənasında rəhbərin ayaqlarına düşübmüş. (Tarixçi Yuri Yemelyanovun "Pravda" qəzetindəki "Ali Baş Komandan" məqaləsi") Kitabda tarixi faktlar əsasında bildirilirdi ki, cəbhə komandanı D.T.Kozlov, Hərbi Şuranın üzvü, diviziya komissarı F.A.Şamanin, cəbhənin qərargah rəisi P.P.Veçni və bir sıra başqa komandirlər tutduqları vəzifələrdən uzaqlaşdırılır, Kozlov və Şamaninin rütbələri də aşağı salınır. L.Z.Mexlis Xalq Müdafiə Komissarının müavini və Qızıl Ordunun Baş Siyasi İdarəsinin rəisi vəzifələrindən kənarlaşdırılır və rütbəsi korpus komissarınadək endirilir. Qızıl Ordunun Siyasi İdarəsinin rəhbəri ÜK(b)P MK-nın katibi və Siyasi Büro üzvlüyünə namizəd A.S.Şerbakov olur. Bundan sonra cəbhəyə göndərilən Azərbaycan əsgərləri də daxil olmaqla 416, 77, 223-cü hərbi hissələr təşkil olunur. Milli hissələrin yaradılmasında məqsəd həm də sovet xalqının Böyük Qələbəsinin beynəlmiləl səciyyəsini vurğulamaq idi.

"416-cı Taqanroq diviziyası" da daxil olmaqla dağlıların olduğu hərbi hissələrdə Dağıstan Vilayət Partiya Komitəsinin təşəbbüsü ilə respublika ziyalılarının müntəzəm tədbirləri təşkil edilir. Bir fakt da xüsusi qeyd olunmalıdır ki, Əziz Əliyev başda olmaqla oraya göndərilən insanların fədakar əməyi sayəsində müharibə illərində və müharibədən sonra bu respublikada heç bir antisovet, antidövlət əleyhinə hər hansı bir fakt özünü biruzə verməmişdir. Dağıstanlılar bu illərdə onlara göstərilən etimadı layiqincə doğrultmuşdular. Təbii ki, bu nəticənin əldə olunmasında Dağıstan xalqının köməyinə arxalanan Əziz Əliyevin xidmətləri var idi. Məhz bu ağır müharibə illərində Dağıstandakı fəaliyyətinə görə Əziz Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Lenin ordeni", SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1943-cü il tarixli Fərmanı ilə, "Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 may 1944-cü il tarixli fərmanı ilə "Qafqazın müdafiəsi uğrunda" medalı ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 iyun 1944-cü il tarixli fərmanı ilə o, ikinci dəfə "Lenin ordeni" ilə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli fərmanı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində "Almaniya üzərində qələbəyə görə" medalı ilə və 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "I dərəcəli Vətən Müharibəsi Ordeni" ilə təltif edilmişdir. Tədqiqatçı Adıgözəl Məmmədovun bu yeni əsəri geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İsmayıl MƏMMƏDOV, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır