Ulu Öndərin yeni neft strategiyası: Bütün uğurlarımızın məhək daşı
Ümummilli lider Heydər Əliyevin milli neft strategiyasının əsasları XX əsrin 70-ci illərində-dahi liderin Azərbaycana birinci dəfə rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində atılan addımlar umumilikdə respublika iqtisadiyyatının güclənməsi üçün möhkəm zəmin yaratmışdı. 1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. Ümummilli Liderin təşəbbüsü və böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kranı, “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, hazırda Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməsinə başlanmışdır. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda neftayırma zavodlarının yenidən qurulması həyata keçirilmişdir. “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə “ELOU-AVT-6”, 1980-ci ildə “Katalitik riforminq”, 1986-cı ildə “Neftin kokslaşdırılması”, 1993-cü ildə “Katalitik krekinq” qurğularının inşası, hələ sovet hakimiyyəti illərində Ümummilli Liderin rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır. O dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) ulu öndər Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. Zavodun tikilməsinə 1978-ci ildə başlandı və 1989-cu ildə istismara verildi. Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi.
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Xalqımız yalnız Heydər Əliyev dühasının sayəsində XX əsrin sonralarında, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb. Ulu öndər Heydər Əliyevin 1993-ci ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə “Azəri”, “Çıraq” “Günəşli” (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən o zaman ARDNŞ-nin birinci vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edildi. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (“Amoko”, “bp”, “MakDermott”, “Yunokal”, “ARDNŞ”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “Türkiyə petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak edirdi. Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. Bu tarxi sənədin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı.
Neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas ixrac neft kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı.
Ulu öndər Heydər Əliyevin yenilməz əzmi, prinsipiallığı və qətiyyəti sayəsində çox böyük maneələrə baxmayaraq, 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu. Təxminən, üç il sonra, 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldı. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. Həmin il iyulun 4-də neftlə yüklənmiş ilk tanker limandan salındı.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddətdə ümummilli lider Heydər Əliyevin Yeni neft strategiyasının çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən, XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin, TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, “XXI əsrin layihəsi” hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır.
Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın təməl daşı olan “Əsrin müqaviləsi” dayanır.
Zahid Rza, “İki sahil”