Kruiz gəmilərinin toqquşma səbəbi açıqlandı
Seanews.az "Marine İnsight"-a istinadən xəbər verir ki, Argentinanın Uşuaya limanında güclü fırtına zamanı iki kruiz gəmisinin toqquşması ilə bağlı yeni detallar açıqlanıb. Hadisə yanvarın 6-da limanda hökm sürən əlverişsiz hava şəraiti fonunda baş verib.
Yerli hakimiyyət orqanlarının və liman administrasiyasının məlumatına görə, küləyin orta sürəti təxminən 15 m/s, bəzi anlarda isə 20 m/s-dək yüksəlib. Güclü külək nəticəsində “World Voyager” kruiz gəmisinin bağlama trosu qırılıb və gəmi nəzarətdən çıxaraq küləyin təsiri ilə hərəkət etməyə başlayıb.
Təxminən 10 min qross tonluq “World Voyager” əvvəlcə liman körpüsünə çırpılıb, daha sonra isə limanda dayanmış 30 mindən artıq qross tonluq “Viking Octantis” kruiz gəmisi ilə toqquşub.
Yenilənmiş məlumata əsasən, hər iki gəmidə gövdə səviyyəsində zədələr qeydə alınıb. Liman rəhbərliyi bildirir ki, zərərin dəqiq həcmi texniki baxışdan sonra müəyyənləşdiriləcək. Hadisə zamanı xəsarət alan olmadığı təsdiqlənib.
Gəmilərin heyəti və sərnişinlər təhlükəsizlik məqsədilə müvəqqəti olaraq nəzarət altında saxlanılıb. Hadisədən sonra limanda gəmilərin hərəkətinə qısa müddətlik məhdudiyyət tətbiq edilib, hazırda əməliyyatlar mərhələli şəkildə bərpa olunur.
Argentinanın müvafiq dəniz təhlükəsizliyi qurumları insidentin səbəbləri ilə bağlı araşdırmaya başlayıb. İlkin qiymətləndirməyə görə, əsas amil kəskin külək və hava şəraitinin sürətlə pisləşməsi olub.



